Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:24 / 01 Avqust 2024

"Paşinyanın növbəti riyakarlığı da nəticə vermədi” - Açıqlama

2011
“İkinci Qarabağ müharibəsindən sonra Ermənistan-İran münasibətləri daha da yaxınlaşdı. Bununla da Ermənistan Azərbaycan-Türkiyə müttəfiqliyinə qarşı İrandan istifadə etməyi düşünürdü. Hətta Azərbaycanla İran arasında olan gərginliyi daha şişirtməyə çalışan rəsmi İrəvan buradan özünə siyasi və təhlükəsizlik dividentləri qazanmaq istəyirdi. Azərbaycan və İran liderlərinin dövlət sərhədində görüşü Bakı və Tehran münasibətlərini yeni mərhələyə daşıdı. Tehranda yeni və əzəmətli binada Azərbaycan səfirliyinin fəaliyyətə başlaması da bu münasibətlərin yenilənməsi anlamı kəsb edir. Buna baxmayaraq, İranın Prezidenti Rəisinin helikopter qəzasında həlak olmasını da erməni ekspertlər öz maraqları naminə şərh etməkdən çəkinmirdilər. Ardınca doktor Pezeşkianın İranda prezident seçilməsi ilə həyəcan keçirən Ermənistanın siyasi elitası öz riyakar simasını yenidən ortaya qoydu”.




Bu fikirləri Bakupost.az -a politoloq İlyas Hüseynov söyləyib.

O bildirib ki, Qərbə doğru inteqrasiya etməyi əsas prioritet seçən və antiRusiya ritorikasını genişləndirən Ermənistanın baş naziri Nikol Paşinyan Pezeşkianın inaqurasiya mərasiminə qatılmaqla İrəvan və Tehran arasında münasibətlərdə yaxınlığı nümayiş etdirmək niyyətini ifadə etdi. Kilsə, diaspora və Qarabağ erməniləri ilə bağlı böyük problemlər yaşayan Ermənistanın baş naziri Nikol Paşinyan yenə İrandan kömək umur:

“Ermənistan müstəqil olduqdan və öz suveren maraqlarını Rusiyaya təhvil verdikdən sonra indi də Qərblə münasibətlərə üstünlük verməklə İranla mehriban qonşuluq siyasəti yürütməyə çalışır. Qlobal məkanda bir-biri ilə mübarizə müstəvisindən olan güc mərkəzləri ilə paralel münasibətlər qurmağın mümkünsüzlüyü hər kəsə bəllidir. Ermənistanın ərazisində Avropa İttifaqının “mülki” missiyası yerləşdikdən sonra İranın bu xüsusda narazılığını göstərən bəyanatları ilə yanaşı, Paşinyan Avropa ilə münasibətlərdə artan dinamikanı saxlamağa çalışdı. ABŞ-la Ermənistan arasında keçirilən hərbi təlimlər, ABŞ dövlət katibinin müavinlərinin ard-arda İrəvana səfərləri, Aİ-nin Ermənistanda missiyasının qalıcı olması, gələcəkdə bu “missiyanın” hərbi bazaya çevrilmək perspektivləri, ABŞ-ın Ermənistanda səfirliyinin fəaliyyəti, Fransadan alınan silahlar, Aİ Sülh Fondundan ayrılan vəsaitlər rəsmi Tehran üçün də siqnal olmalıdır”.

Politoloqun dediyinə görə, İranın Ermənistandakı səfiri Mehdi Sübhani də ermənipərəstliyindən geri qalmır, hər vəchlə İran-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışan bəyanatlar səsləndirir:

“İşin ən qəribə və anlaşılmaz tərəfi bundan ibarətdir ki, Ermənistanın Rusiya ilə münasibətlərinə gəlincə, ABŞ İrəvanı “demokratiya cəfakeşi”, “məzlum demokratiya sevdalısı” gözündə görürsə, İranla Ermənistanın təmaslarına müəmmalı şəkildə göz yumulur. Bəlkə də bu təmaslarda Ermənistan Qərbin xeyrinə casusluq edir və İranın mövqeyini öyrənməyə çalışır. Paşinyanla İranın ali dini lideri Əli Xameneinin görüşündə ikinci Zəngəzur dəhlizinin Ermənistanın maraqlarına uyğun olmadığını bildirdi. Maraqlıdır ki, son dövrlər Rusiya, ABŞ və İran rəsmiləri Ermənistanın maraqları haqqında daha uca səslə danışır və Ermənistan bütün qütblərlə bərabərhüquqlu münasibətlər qurmağa çalışarkən, vassal mövqeyindən xilas ola bilmir. Ermənistanın “Sülh kəsişməsi” şousu da öz nəticəsini vermədi və Paşinyanın niyyəti Tehran tərəfindən qəzəblə qarşılandı. Digər tərəfdən, Xameneinin Fransanı və Parisdə keçirilən Olimpiya oyunlarının açılış mərasimində baş verən vakxanaliyanı tənqid etməsi də Paşinyan üçün nəticə çıxarılmalı fikirlər olmalıdır”.

İ.Hüseynov qeyd edib ki, geosiyasi planda öz subyektliyini itirən Ermənistana bu gün bütün güc mərkəzləri yol göstərməyə çalışırlar:

"Paşinyanın bir-biri ilə antaqonist mövqedə olan, bu və ya digər formada 2 qlobal müharibənin iştirakçısı olan dövlətlərlə təmasları dövlətçiliyin tamamilə itirilməsi ilə nəticələnə bilər. Tarix boyu bu cür müxtəlif stullarda oturan siyasətçilərin acı aqibətinin şahidi olmuşuq. Paşinyan da onların yolu ilə əmin addımlayır".

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar