Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:04 / 28 İyun 2024

İnsanlar niyə silaha əl atır? - Dözümsüzlük, aqressiya, sevgisizlik...

14348
Xəbər verdiyimiz kimi, iyunun 24-də paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib, 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib. Polisin əmrinə təslim olmayan Rövşən Allahverdiyev zərərsizləşdirilib.




İyunun 26-da isə paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlu şəxsi münasibətlər zəminində odlu silahla qətlə yetirilib.




Son bir həftədə bir-birinin ardınca qətillə müşayiət olunan hadisələrin baş verməsi ölkədə silahl insidentlərin sayının artdığını göstərir. Əvvəllər nadir hallarda təsadüf olunan bu tip cinayətlər son dövrlərdə biri-birinin ardınca baş verir. Təbii ki, insan amili olan yerdə cinayətlərin və digər ictimai təhlükəli əməllərin törədilməsi labüddür. Lakin bu kimi hadisələrin tez-tez təkrarlanması cəmiyyətdə narahatlığı artırıb.

Mövzuya münasibət öyrəndiyimiz paytaxt sakini Tünzalə Məmmədova bildirib ki, günün günorta çağı, insanların gözü qarşısında cinayət hadisələrinin baş verməsi yaxşı hal deyil:


“Demək olar ki, hər gün bir hasisənin baş verməsi barədə xəbərlər eşidirik. Eşitdiyimiz bir kriminal hadisənin şokundan çıxmamış ondan elə bir hadisə baş verir ki, öncəkiləri də geridə qoyur. İnsan eşidəndən sonra günlərlə özünə gələ bilmir. Bu gün gənclər əllərində kitab tutmaq əvəzinə silah gəzdirirlər. Təhsil almaq, oxumaq, işləmək yerinə kriminal aləmə meyillənirlər. Kriminal avtoritetlərə oxşamaq istəyənlərin sayı durmadan artır. Bu da yaxşı hal deyil. İstənilən münaqişəni, davanı danışıq yolu ilə həll etmək olar. Bu, mümkündür. Ancaq indiki gənclər danışığı, sülhü yox, münaqişəni, silahı üstün tutur. Bunun qarşısını almaq lazımdır. Yoxsa cinayətkar gənclərin sayı artacaq”.

Digər sakin Rüstəm Zeynalov deyib ki, son zamanlar odlu silahla törədilən cinayətlərin sayının artdığı müşahidə olunur:

“Təəssüf ki, son vaxtlar belə cinayətlərin sayı artıb. Bir-iki gün əvvəl paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Tural Kosayev odlu silahla qətlə yetirən 19 yaşlı gəncdir. Kriminallar çoxalıb, heç kimə söz demək olmur, hamı silahla, bıçaqla adamın üstünə hücum çəkir. Əvvəllər belə şeylər olmurdu. Gənclərin cinayət törətməsi gələcəyimizi böyük zərbə altına qoyur. Maarifləndirmə işi aparılmalı, gəncləri düz yola, təhsil, bilik, savad yoluna çağırmalıyıq. Hər bir normal vətəndaş cəmiyyətin kriminallaşmasının qarşısının alınmasında, gənclərin doğru, dürüst, vətənpərvərlik ruhunda tərbiyə olunmasında öz töhfəsini əsirgəməməlidir”.




Mütəxəssislərin fikrincə, Azərbaycanda silahlı basqın və odlu silahla törədilən cinayətlərin sayının artmasına səbəb İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan silahların bir qisminin mütəşəkkil cinayətkar qruplaşmaların əlinə keçməsi ilə bağlıdır.


Daxili İşlər Nazirliyinin (DİN) insanlardan qanunsuz silahları yığmasına, vətəndaşlara özlərində olan silahı könüllü şəkildə polisə təhvil vermək barədə çağırışlarına baxmayaraq, ölkədə qətillə müşayiət olunan hadisələrin sayı artmaqdadır.




Son illər cəmiyyətdə aqressiv hallar və silahlı cinayətlərin artmasına toxunan psixoloq Vəfa Əkbər deyir ki, nifrət hissi aqressiyanın yaranmasına səbəb olan amillərdən biridir:

"İnsan nifrət etdiyi insanlarla daim ünsiyyətdə olanda, məcburiyyət qarşısında qalıb istəmədiyi işlə məşğul olanda aqressivləşir. Sevgisizlik, yaxınları və ətrafında olan insanlardan soyuq, kobud münasibət görən, istənməyən insanlar da aqressiv olur. Sevgi tələbatının ödənilməməsi bu insanları aqresivləşdirir. Hərə aqressiyasını bir cür büruzə verir. Kimisi bu gərginliyi gizlədə, özünü idarə edə bilir. Kimi də daxilindəki aqressiyanı gizlədə bilmir, ətrafa ötürür. Ətrafındakı insanlarla kobud davranır, səbəbsiz yerə dava salır, dalaşır, hətta silaha əl atıb qətl belə törədir”.




Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın sözlərinə əsasən, odlu silahlarla cinayət hadisələri dünyanın hər yerində törədilir. Dünyanın əmin-amanlıq olan ölkələrində, inkişaf etmiş, etməmiş dövlətlərində də belə cinayətlərin olması mümkündür:


“Deyim ki, bu, yalnız bizdə baş verir, hansısa səhlənkarlıq nəticəsində olur, yox. Burada əsas məsələ odlu silahın necə əldə olunmasıdır. Bilirik ki, qeyri-qanuni silahın hissəsi olan patron belə aşkarlalanda cinayət işi qaldırılır ki, qanunsuz silah saxlamısan. Burada həqiqətən səhlənkarlıq var. Cinayətkar necə olur ki, silah əldə edə bilir? Ilk öncə bu kumi halların qarşısı alınmalıdır”.





Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, hüquq-mühafizə orqanları ölkədə təhlükəsizliyi təmin etmək üçün bütün zəruri addımları atır:

“Baş verən istənilən insident tez nəzarətə götürülür, araşdırılır və qabaqlayıcı tədbirlər görülür. Çox təəssüf ki, belə hadisələr ara-sıra olur. Amma bu, heç də Azərbaycanda təhlükəsizliyin aşağı səviyyədə olması demək deyil. İnsanlar rahat şəkildə şəhərdə gəzə bilir, evlərinin və mülklərinin təhlükəsizliklərinin fərqindədirlər. Azərbaycan hökuməti vətəndaşının təhlükəsizliyini həmişə yüksək səviyyədə qoruyur və bundan sonra da qoruyacaq. Həm dövlətin, həm də ayrı-ayrı vətəndaşların təhlükəsizliyini qorumaq üçün bütün qanunlar mövcuddur və vaxtaşırı olaraq da təkmilləşdirilir”.

O əlavə edib ki, ölkə ərazisində müşahidə olunan ayrı-ayrı cinayətkar qəsdlər bütövlükdə ölkənin kriminogen durumunun göstəricisi ola bilməz.

Sevinc,
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar