Ru
14:52 / 19 Yanvar 2024

Paytaxtda tez-tez baş verən yanğınlar: faciələrin qarşısını necə almalı? - Araşdırma

Paytaxtda tez-tez baş verən yanğınlar: faciələrin qarşısını necə almalı? - Araşdırma
19760

Son günlər paytaxtın bir neçə ərazisində yanğınla müşahidə olunan partlayışlar baş verir: Yanvarın 9-da Respublika Perinatal Mərkəzdə 4 körpənin faciəvi şəkildə həyatını itirməsinə və bir neçə şəxsin xəsarət almasına səbəb olan yanğın-partlayış, yanvarın 13-də M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş verən yanğın, yanvarın 15-də Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində 9 nəfərin ölümü, 24 nəfərin xəsarət alması ilə nəticələnən yanğın-partlayış hadisəsi, yanvarın 17-də isə Sumqayıt Dövlət Texniki Kollecinin yataqxanasında baş verən güclü yanğın. Bir-birinin ardınca baş verən bu hadisələr dövlət və qeyri-dövlət müəssisələrində, iaşə obyektlərində yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulduğundan xəbər verir.


Bu isə haqlı olaraq bu sahəyə nəzarətin zəif olması ilə bağlı iradların səsləndirilməsinə səbəb olur. Əgər hər hansı yanğın hadisəsi qəsdən törədilməyibsə, istənilən halda, səbəb təhlükəsizlik qaydalarının pozulmasıdır. Zəruri olan yanğın təhlükəsizliyi norma və standartlarına riayət edilmədikdə yanğın-partlayış hadisəsi qaçılmaz olur. Bu da mal, can itkisi ilə nəticələnir. Elə təhlükəsizlik qaydaları var ki, ona riayət olunarsa, hətta yanğın baş versə belə, fəsadları ağır olmur.



Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyir ki, bütün obyektlərdə yanğın təhlükəsizliyinə dair tələblərə ciddi şəkildə riayət edilməsi vacibdir:

“Qanunla təsbit edilən norma və standartlar var. Obyektlər yanğın dolabları, yanğın hidrantları, su çəni və zəruri yanğından mühafizə vasitələri ilə təchiz edilməlidirlər. Bu təchizatın görüntü xətrinə quraşdırılması yox, təchizatın daim işlək və saz vəziyyətdə olmasına nəzarət etmək önəmlidir. Hər bir obyektin rəhbərliyi buna ciddi nəzarət etməlidir və buna görə məsuliyyət daşıyırlar. Yanğın təhlükəsinə dair norma və qaydalar var. İşçilərə mütəmadi olaraq yanğın təhlükəsinə dair bilik və bacarıqlarının artırılması üçün təlimlər keçirilməlidir. İşçilərin sayı 15 nəfərdən artıq olduqda könüllü yanğınsöndürmə dəstələri yaradılmalıdır. Bu dəstələrin qabaqlayıcı tədbirlər barədə bilikləri olmalıdır. Ümumiyyətlə, müəssisələrdə yanğın keçidləri olmalıdır və keçid yerlərinə stul, çarpayı və yaxud da hansısa bir əşya qoyulması qadağandır. Keçidlər, dəhlizlər daim boş olmalıdır. Heç nə ilə tutulmamalıdır. Eləcə də digər obyektlərdə də bu rejimlərə ciddi riayət edilməlidir. Hətta orada elektrik təsərrüfatı normaları, ümumiyyətlə yanğınların müxtəlif növləri olduğu nəzərə alınaraq bütün zəruri qabaqlayıcı tədbirlər gözlənilməlidir. Ümumi miqdarı üç kiloqramdan artıq olmamaq şərti ilə tez alışan və yanar mayeləri - benzin, spirt, aseton, benzol və sair maddələr xüsusi metal qutuda saxlanılmalıdırlar. Digər təyinatlı binalar, obyektlər də xüsusi yanğın təhlükəsizlik qaydalarına riayət edilməklə istifadə edilməlidir. Bütün bu tələblərin özünün hər birinin əhəmiyyəti var. Bu məqamlara diqqətsiz yanaşma olduğu halda yanğın təhlükəsi riski daim olacaq. Ən xırda diqqətsizlik belə ağır fəsadlara səbəb ola bilər. Odur ki, müəyyən qədər qaydaları pozmamağa diqqət edilməlidir. Yalnız bu halda yanğın hadisələrinin baş verməsindən qorunmaq mümkündür”.


Ekspertin sözlərinə görə, yanğın hadisəsindən heç kim sığortlanmayıb. Vəziyyətdən yeganə çıxış yolu təhlükəsizlik qaydalarına əməl etməkdir:


“Bəzi obyektlərdə yanğınsöndürən maşınların olması və ya bunu əvəz edəcək qurğuların yerləşdirilməsi vacibdir. Bu, beynəlxalq təcrübədə də mövcuddur. Obyektin təyinatından asılı olaraq fövqəladə vəziyyətdə təhlükəsiz toplanış yeri, ehtiyat su çəni və yanğın siqnalizasiya vasitələri olmalıdır. Eyni zamanda obyektdə bu vəziyyətə nəzarət edən şəxs ayrılmalıdır. Həmçinin işçilər daim yanğın təhlükəsizliyi ilə bağlı məlumatlandırılmalı və maarifləndirilməlidir. Maarifləndirmə tədbirləri sadəcə, şifahi şəkildə deyil, həm də praktik olaraq öyrədilməlidir".




Millət vəkili Arzu Nağıyev bildirib ki, yanğın və partlayışların qarşısının alınması üçün təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, ticarət, ictimai iaşə obyektlərində, yaşayış binalarında, evlərdə yanğın təhlükəsizliyinə riayət olunmasına ciddi nəzarət olunmalıdır:


“Bu sahədə mövcud olan nöqsanlar aradan qaldırılmalı, vətəndaşların maarifləndirilməsi işinin səmərəsi artırılmalıdır”.




Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, yanğın hadisəsi baş verən zaman insanlar mümkün qədər təşvişə düşməməyə çalışmalıdırlar:


“Belə məqamlarda insanlar üçün yanğından daha təhlükəli olan faktor təşvişə düşməkdir. Mümkün qədər təşvişə düşməmək və vəziyyətdən çıxış, xilas yolu tapmaq lazımdır. Yanğınlarda ən təhlükəli məqam yanğınla yanaşı, həm də yanan maddələrdən əmələ gələn kimyəvi-toksiki maddələrdir. Bunlar özləri həddən artıq zəhərli maddələrdir. Bu hadisələrə diqqət yetirsək, zərərçəkənlərin içində xeyli adam zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilir. Ona görə də, insanlar bu cür hadisələr olanda təşvişə düşməməli, xilas yolları tapmalıdır. Bir çoxları məhz qorxu hissinin təsir ilə dəhlizə qaçıblar və oradakı güclü tüstüdə boğulublar, hətta təşvişə düşərək, özünü binadan atanlar da olub. Bu səbəbdən də ilk növbədə insanın ayıq başla hərəkət etməsi lazımdır”.




Təhlükəsizlik üzrə ekspert Orxan Musayevin dediyinə görə, müəssisələrdə yanğın təhlükəsizliyi qaydalarının təşkili və onlara riayət olunması bilavasitə rəhbərliyin öhdəliyidir. Bütün məsuliyyət də onların üzərinə düşür. Bunu nəzərə alıb yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə əməl etmək lazımdır:


“Bəzi hallarda müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları əsasında heç bir iş görülmədiyinə görə, yanğın hadisəsi baş verir. Çox zaman da belə müəssisələrdə baş verən yanğın hadisəsinin qarşısını almaq mümkün olmur. Ona görə də yanğın təhlükəsizliyi ilə bağlı öncədən tədbir görülməlidir. Müəssisədə insanların sağlam və təhlükəsiz şəkildə köçürülməsi üçün köçürülmə planları hazırlanmalıdır. İnsanlar işə qəbul edilərkən nəzəri-praktiki tədbirlərdən keçirilməlidirlər. Müəssisədə könüllü yanğınsöndürmü qrupları yaradılmalıdır. Bu işlər əvvəlcədən qurulmalıdır".


Orxan Musayev bildirib ki, müəssisələrdə yanğın söndürmə vasitələrinin saz vəziyyətdə saxlanılmasına nəzarət olunmalıdır:

“Yanğın siqnalizasiya sistemləri aktiv olmalıdır . İlkin yangin söndürmə alətləri, balonlar işlək vəziyyətdə olmalıdır. Obyektin həcminə görə müvafiq qanunvericilikdə göstərilən sayla yerləşdirilməlidir. Bəzən yanğın baş verir, ilkin yanğın söndürmə vasitələrindən istifadə etmək mümkün olmur. Əsasən də, səhiyyyə müəssisələrində od söndürən balonlar hündür bir yerdə asılıb və zəncirlənib. Bu səbəbdən də yanğın zamanı istifadə etmək mümkün olmur”.



Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, hər il Nazirlik tərəfindən sahibkarlıq subyektlərində yoxlamalar aparılır. Hər bir obyektdə yoxlama aparılarkən təlimat verilir. Amma obyektin özünün yanğın təhlükəsizliyinə məsul şəxsləri buna nəzarət etməlidirlər. Çünki hər sahibkarlıq subyektinə bir əməkdaş təhkim etmək mümkün deyil:


“Yanğın təhlükəsizliyi təmin edilərkən bu qaydalarla bərabər, standart tikinti norma və qaydaları, texnoloji layihələndirilmə normaları, həmçinin müəyyən edilmiş qaydada təsdiq olunmuş normativ sənədlər rəhbər tutulmalıdır. Klinika, poliklinika, doğum evləri, dispanserlər, xəstəxanalar, körpələr evi, uşaq evləri, sanatoriyalar, istirahət evləri, əczaxanalar, əczaxana anbarları və digər səhiyyə müəssisələrində yanğın təhlükəsizliyinə görə məsuliyyət bu müəssisələrin rəhbərlərinin üzərinə düşür”.


Qeyd olunub ki, FHN tərəfindən sahibkarlıq subyektlərində yanğın təhlükəsizliyi ilə bağlı hər hansı nöqsan aşkarlanarsa, dərhal qanuna müvafiq qaydada tədbir görülür.



Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanıb.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar