Ru
13:12 / 29 İyun 2024

Pəzəşkiandan böyük islahatlar gözləmək doğru deyil - Hikmət Babaoğlu

1772
“İranda baş verən siyasi proseslər şübhəsiz ki, Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir”.

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, İranda keçirilən prezident seçkilərində Məsud Pəzəşkian qalib gələrsə, bu, ölkə tarixində ilk azərbaycanlının prezident seçilməsi hadisəsi olacaq:

“Bu da əlbəttə ki, İranda yaşayan azərbaycanlıların iradəsi nəticəsində mümkündür. Amma biz bilirik ki, İranın siyasi sistemi vahiddir, ordakı daxili siyasi proseslərə İran vətəndaşları fərqli prizmadan baxırlar. Yəni bizim baxdığımız milli baxışlar İran seçicilərinin baxışlarından xeyli fərqlidir. Nəticə etibarilə İranda sosial identiklik və siyasi hədəflər tamamilə fərqli kriteriyalar üzərində formalaşır”.

H.Babaoğlu bildirib ki, Məsud Pəzəşkian İran siyasi sisteminin yetişdirdiyi siyasətçi olduğu üçün ondan çox da böyük islahatlar gözləmək doğru deyil:

“O, İran siyasi dəyərlərini də öz fəaliyyətində bir tezis kimi müəyyən edəcəkdir”.

H.Babaoğlu hesab edir ki, Məsud Pəzəşkian prezident seçildiyi təqdirdə İran-Azərbaycan münasibətlərində yeni səhifə açılacağı barədə fikirlər yanlışdır:

“Seçilən şəxs kim olursa-olsun, söhbət İran vətəndaşından gedir. Biz əgər seçki kampaniyası zamanı əslən azərbaycanlı olan Məsud Pəzəşkianın çıxışlarına diqqət yetirsək, görəcəyik ki, o, məhz Azərbaycan vətəndaşlarının, bizim gözləntilərimizlə bağlı elə bir fikir ifadə etməyib və xüsusi hədəf də müəyyənləşdirməyib”.

H.Babaoğlunun sözlərinə görə, böyük ehtimalla etnik mənsubiyyətinə görə Məsud Pəzəşkianın prezident seçilməsi baş tutmaya bilər. O, hətta seçilsə belə, İranın Azərbaycanla münasibətlərində fövqəladə bir irəliləyiş və dərinləşmənin şahidi olmayacağıq.




Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər