Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:27 / 18 Noyabr 2024

Pomidor ixracı artdı: qiymət qalxacaq? - Açıqlama

813
Azərbaycanın pomidor ixracı artır. Bu ilin yanvar-oktyabr ayları ərzində bazarlara 142 milyon dollar dəyərində 119 min ton pomidor ixrac olunub. Bu, ötən illə müqayisədə dəyər ifadəsində 12,4 faiz, miqdar ifadəsində 4,8 faiz artıb.

Kənd Təsərrüfatı Nazirliyindən Bakupost.az-a bildirilib ki, ixrac qabiliyyəti yüksək olan məhsulların yetişdirilməsinə dəstək mexanizmləri müsbət nəticələrini verir:

“Azərbaycandan xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları sırasında istixana şəraitində yetişdirilmiş pomidor xüsusi çəkiyə malikdir. Bu sahəyə marağın artması həm rəqabətədavamlı məhsul istehsalına, həm də xarici bazarlara daha çox məhsul ixrac etməyə imkan verir. Azərbaycanda istixana şəraitində yetişdirilən pomidor əsasənŞ Rusiya bazarlarına ixrac olunur".

İqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, pomidor Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsulları arasında ilk sırada durur:



"Bu il də pomidor ixracında ciddi artım müşahidə olunur. Yerli istehsal isə həm daxili bazarın, həm də ixracatın təmin olunması üçün yetərli deyil. İxracat artan kimi daxili bazarda müəyyən problemlər yaşanır. Qiymətlər artır, qıtlıq müşahidə olunur. Bu kimi problemlə üzləşməmək üçün istehsalın həcmini artırmaq lazımdır. İstehsal o həcmdə artmalıdır ki, həm daxili bazarın, həm ixracatın tələblərini tam ödəyə bilsin".

İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, Azərbaycan pomidoru əsasən Rusiya və Belarusa ixrac edir:

"Ənənəvi bazar olan Rusiyada son üç ildə Azərbaycan pomidorunun istehlakçı kütləsi xeyli genişlənib. İkincisi, rusiyalı alıcı Azərbaycan pomidorunun dadını yaxşı bilir, ona görə də tələbat ildən-ilə artır. Məhsulumuz rahat şəkildə Rusiya və Belarus bazarlarına çıxır. Azərbaycan pomidorunun ixrac qiyməti bahalaşıb. Həm qiymət artımı, həm də ixrac həcminin artması gəlirlərin yüksəlməsinə səbəb olub. Xaricdə pomidorun bahalaşması, ixrac qiymətinin artması sahibkarlarımızı ixraca təşviq edir. Bu zaman sahibkar maraqlı olur ki, böyük miqdarda məhsul ixrac etsin".



Ekspertin sözlərinə görə, ixrac artdıqca yerli bazarda pomidor baha olacaq:

"İxrac daxili bazarda qiymətləri artıran faktordur".

O əlavə edib ki, Azərbaycandakı açıq və qapalı sahələrdə ümumilikdə 18 min hektara yaxın ərazidə pomidor becərilir. Bu sahələrdən ildə 800 min tondan artıq məhsul götürülür.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar