Yayın ikinci ayının bitməsinə sayılı günlər qalmasına baxmayaraq, market və bazarlarda pomidorun qiyməti əl yandırır.
Mövsümün ən çox istifadə edilən tərəvəzlərindən olan pomidorun marketlərdə kiloqramını 3-5 manat, bazarlarda isə 3 manatdan aşağı almaq mümkün deyil.
Pomidorun qiymətində müşahidə olunan artım alıcılar tərəfindən narazılıqla qarşılanır.
Paytaxt sakini Tünzalə Nağıyeva Bakupost.az -a deyib ki, mövsümü olmasına baxmayaraq, baha olduğu üçün bu tərəvəzi qramla almaq məcburiyyətindədir:
“Keçən ilin bu vaxtı pomidorun kiloqramını 50-60 qəpiyə alırdıq. Həm doyunca yeyirdik, həm də qışlıq azüqəmizi hazırlayırdıq. İndi pomidorun qiymətini qaldırıb qoyublar ceyran belinə. Nəinki qışlıq azuqə hazırlaya, heç lazımınca istifadə edə bilmirik. Qalmışıq pomidora tamarzı. Gözləyirik, nə vaxt qiyməti enəcək ki, biz də qış tədarükümüzü görək. Əvvəllər Xaçmaz pomidoru bazara çıxanda qiymət xeyli ucuzlaşırdı. İndi bunun da bir faydası olmadı. Deyilənə görə pomidor Rusiya bazarına göndərildiyi üçün bu vəziyyət yaranıb. Ümid edirəm ki, hökumət tərəfindən tezliklə bununla bağlı lazımi addımlar atılacaq”.
Qiymət artımına öz narazılığını bildirən digər sakin Vidadi Namazov deyib ki, yay mövsümündə meyvə-tərəvəzin bol, ucuz olacağını gözləsə də, əksi ilə qarşılaşıb:
“Yayın gəlişini gözləyirdik ki, mövsümi meyvə-tərəvəzdən bol istifadə edək. Hər il olduğu kimi, bu il də ortaya bir əmma çıxdı. Meyvə-tərəvəzə, xüsusilə də pomidora yaxın durmaq olmur, qiymətlər od tutub yanır. Yayın ortasında 3-4, hətta 5 manata pomidor olar? Lap ağını çıxarıblar. Hər dəfə bazara gedəndə qiymətlərə baxıb nə qədər əsəb keçirirəm. Mən aylıq 340 manat pensiya ilə kiloqramı 4-5 manat olan pomidoru necə alıb yeyim?”
Mövzu ilə bağlı Bakupost.az -a danışan kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, Bakıdakı yarmarkalar öz funksiyalarını düzgün yerinə yetirmirlər:
“Yarmarkalar olduqca vacibdir. Türkiyənin Ankara şəhərində bir neçə dəfə yarmarkada olmuşam. Orada xüsusi yerlərdə hər həftənin birinci günü kəndlilər məhsullarını satışa çıxarırlar. Bu, bizim ölkədə də tətbiq olunmalıdır. Bakı şəhərində ən azı 4 topdansatış yeri olmalıdır. Bu bazarlar olarsa, fermerlər də öz məhsullarını satar, beləliklə, ölkədə ciddi qiymət artımı baş verməz. Pomidor indi qiymət baxımından əlçatmaz məhsula çevrilib. Azərbaycan bazarında olan pomidor Rusiya, Türkiyə, Gürcüstan bazarına nisbətən baha təklif olunur. Bu, yolverilməzdir. Azərbaycanda adambaşına 86 kiloqram pomidor düşür, Gürcüstanda isə 15 kiloqram. Amma Azərbaycanda pomidorun qiyməti 5-6 manat olanda, Gürcüstanda 3 manata olur. Azərbaycanda pomidorun qiyməti əhali üçün əlçatan olmalıdır. Hazırkı qiymət şişirdilib. İşbazlar da bundan bəhrələnirlər”.
Ekspertin dediyinə görə, kəndlilər məhsulu istehsal edir. Tədarükçülər həmin məhsulu kəndlilərdən topdansatış qiymətinə alır və şəhərlərə daşıyıb burada onlara sərf edən qiymətə satırlar:
“Ölkədə bir yox, bir neçə topdan satış bazarı olmalıdır. Bakı şəhərində isə bir topdansatış bazarı var. Həmin bazar da monopolist rolunda çıxış edir. Malı çox ucuz alıb, çox baha satır. Çünki bazarda rəqabət yoxdur. Bakıdakı bütün satış obyektləri sözügedən topdansatış bazarından məhsul alır. Onların çoxsaylı alıcıları var. Artıq böyük şəbəkə onların əlindədir. Ona görə də bazara istədiyi qiyməti diktə edə bilir”.
Vahid Məhərrəmovun sözlərinə görə, aparılan araşdırmalar sübut edir ki, son 3-4 ildir ölkədə pomidor satışı ilə bağlı monopoliya var:
“Təssəvür edin, Azərbaycan bazarında pomodorun qiyməti 5.50 - 6 manat olanda, eyni keyfiyyətdə məhsul Rusiya bazarında, Azərbaycan manatı ilə hesablayanda 3-3.20 manata təklif edilir. Olkədəki pomidor istehsalçıları ilə digər istehsalçılar arasında karter sövdələşməsi var. Burada söhbət 10 hektar istixana ərazisi olan insanlardan gedir. Bu istehsalçılar qış, payız, yay mövsümündə də qiymət diktə edirlər. Pomidorun qiyməti baha olduğu üçün açıq şəraitdə pomidor yetişdirənlər əvvəlki həcimdə məhsul əldə edə bilmirlər. Məhsuldarlıq aşağı düşür. Qlobal istiləşmə bu sahəyə də öz mənfi təsirlərini göstərib. Bu sahədə görüləcək işlər çoxdur, lakin görülmür, problemlər çoxdur. Ona görə də o sahəyə meyl göstərənlər azalır. Əsas problem odur ki, bu sahədə monopoliya var. Bu problem aradan qaldırılmalıdır. Paytaxtda şimal, cənub və qərb bölgələrinin məhsullarının satılması üçün yerlər yaradılmalıdır. Bunu Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi etməlidir. Onlar insanlar üçün müəyyən imkanlar yaratmalıdırlar. Bakıətrafı elə yerlər var ki əkinə yararsızdır. Həmin ərazilərdə bazar yaratmaq üçün imkanlar var. Bunun üçün işlər görülməlidir”.
Ekspert vurğulayıb ki, pomidor istehsalı ilə məşğul olan kəndli öz məhsulunu Bakıya, sözügedən topdansatış bazarına gətirə bilmir. Onları o bazara buraxmırlar. Elə qiymət deyirlər ki, bu istehsalçılara sərf etmir:
“Ancaq bir sistem qurulmalıdır. İstehsalçı istehsal etməli, onun məhsulu müqavilə ilə tədarükçülər tərəfindən alınmalı və Bakıda bir necə topdansatış bazarında satışı təşkil edilməlidiri. Əgər Bakıda 4-5 topdansatış bazarı olsa, o zaman həm istehsalçı, həm də tədarükcu normal qazanacaq. Həm də qiymətlər istehlakçılar üçün sərfəli olacaq”.
İqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, yanacağın qiymətinin qalxması kənd təəssürüfatı mallarının qiymətinin artmasına çox təsir edir:
"Kənd təssərrüfatı məhsullarının maya dəyərində dizel yanacağı əsas komponentdir. Şumlama, becərmə, məhsulun daşınması dizel yanacağı ilə işləyən maşınlarla həyata keçirilir. Bu proses kənd təsərrüfatı məhsullarının qiymətinin qalxmasına gətirib çıxarır".
İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu gün hökumət xaricə ixracı daha da stimullaşdırmağa çalışır. Ona görə də xaricə satılan məhsulların həcmi artır. O cümlədən pomidorun Rusiya bazarına son günlər kəskin artımı müşahidə olunur:
"Rusiya əvvəllər müəyyən məhdudiyyətlər qoymuşdu. İndi o məhdudiyyətləri götürüb və Azərbaycan Rusiyaya daha çox pomidor ixrac edir. Bununla da daxili bazarda çatışmazlıq yaranır. Hazırda bizim istehsal sahəsində imkanlarımız o qədər böyük deyil ki, həm daxili bazarı təmin edək, həm də xarici bazara ixracatı artıraq. Bunun da həm qiymət artımında, həm də daxili bazarda mal və məhsulun azalmasında öz payı var”.
Sevinc,
BakuPost
Kent tesarfatini muqase elediyinize gedin piraduku eleyin gorum eliye bilesinizmi cunki it balasi kimi qorxusunuz ay bedibaxlar
Elə ölün a kişi qişda acliq aylarda pamidoru 5 6 manata alanada diliviz çixmir kəndci 1 manata satir başlamisiz dillenmeye hele ona bax Rasiyaya gedir rəhbərler nezaret elesin deyir ele size acivizdan ölmek yaxşidi pamidor üžü görmesez yaxşidi