Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:17 / 01 Avqust 2024

Pomidorun qiymətini kimlər qaldırır? - Soğan anbarlarda niyə çürüdülür? - Sərt ittihamlar

3605
Son günlər hava şəraitinin qeyri-sabit keçməsi kənd təsərrüfatına ciddi ziyan vurub. Hazırda sahələrdə yığımı aparılan məhsullar yağış, sel, dolu səbəbindən yarasız vəziyyətə düşüb. Əlverişsiz hava şəraiti məhsuldarlığı aşağı salıb ki, nəticədə bazarlarda qıtlıq və qiymət artımı müşahidə olunur.

Bəs payızlıq məhsullarla bağlı vəziyyət necədir?




Məsələ ilə bağlı Bakupost.az -a danışan kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyir ki, soğan, kartof və bəzi tərəvəzlər yağışlı havalara çox həssas olur.

Onun sözlərinə görə, belə havalarda xüsusən göbələk xəstəlikləri geniş yayılmağa başlayır:

"Bəzən bunun qarşısını almaq mümkünsüz olur. Bizim fermerlər, kəndlilər aqrotexniki qaydalara əməl etməlidirlər ki, belə hallar baş verməsin. Yəni bitki xəstəliyə, zərərvericilərə qarşı dözümlü olmalıdır. Bunun üçün bitkinin immuniteti artırılmalıdır. Çalışmaq lazımdır ki, zəruri elementlər qədərində, normaya uyğun olsun. Əgər normadan aşağı olursa, o zaman bitkinin immun sistemi zəif olur və belə yağışlar yağanda göbələk xəstəliyi asanlıqla ona ziyan vura bilir. Bu məsələdə yalnız havanı, iqlim dəyişikliyini günahlandırmaq olmaz. Özümüzdə də günah var”.

Mütəxəssis bildirib ki, təklifin azalması mütləq şəkildə qiymətə təsir edir:

“Hazırda ölkədə pomidorun qiyməti kəskin şəkildə, iki dəfədən çox bahalaşıb. Bu, ona görə baş verdi ki, açıq torpaqlarda yetişdirilən pomidor tələbatı ödəyəcək həcmdə olmadı. Keçən ilə nisbətən istehsal azaldı. Bu işlə məşğul olan, açıq torpaqda pomidor yetişdirən fermerlər, kəndlilər şikayətlənir ki, göbələk xəstəliyi geniş yayıldı, zərərvericilərin təsiri oldu. Yəni onlar da hava şəraitindən şikayənlənirlər. Deyirlər ki əlverişsiz hava səbbəbindən həm istehsal azaldı, həm də məhsulun keyfiyyəti aşağı düşdü. Yaranmış bu vəziyyətdən qazanclı çıxan isə qapalı yerlərdə, istixanalarda məhsul becərənlər oldu. Onlar yaranmış vəziyyətdən istifadə edib məhsullarının qiymətini ikiqat qaldırdılar. Gördülər ki, təklif yetərincə deyil və digər ölkələrdən pomidor idxal etmək asan başa gəlmir. Ona görə də yetişdirdikləri məhsulun qiymətini iki dəfədən də çox qaldırdılar. Situasiya əksər hallarda qiymət məsələsini həll edir”.

Vahid Məhərrəmovun dediyinə görə, payız aylarının əvəllərində kartof və soğana olan ehtiyac, tələbat ödənilməsə, təklif yetərincə olmasa, qiymətlər bahalaşacaq:

“Ölkəyə kartof idxalı payızın ortalarından başlayır. Əksər ölkələrdə, məsələn, Rusiyada kartof payız mövsümündə yetişir. Yəni sentyabr və oktyabr aylarında yığılır. Amma bizə bir az gec gəlib çatır. Hesab edirəm ki, bu ərəfədə kartofun qiyməti bahalaşacaq. Eləcə də soğanın. Soğanın saxlanması ilə bağlı bizim çox ciddi problemlərimiz var. Soğanın əsas hissəsi elə anbarlarda çürüyüb, xarab olur. Anbarların çoxu müasir standartlara cavab vermir. Çünki onlar soyuducu anbarlar deyillər. Saxlanma şəraitinin olmaması ucbatından məhsulun məhv olması, istehsalda azalma soğan və kartofun qiymətinə öz təsirini göstərəcək. İndiki halda hökumət nə etməlidir? Bəzi ölkələr, məsələn, İran, Türkiyə, Gürcüstanda faraş kartof istehsal olunur və onlar sözügedən kartofun ixracı ilə məşğuldular. Əgər mümkündürsə, sözügedən ölkələrdən kartof idxal etmək olar. Bu sahədə monopoliya aradan götürülməlidir. Sahibkarlar gedib asanlıqla digər ölkələrdən həmin məhsulları gətirməlidir ki, məhsul qıtlığı qiymət artımına səbəb olmasın. Qeyd edim ki, qiymət artımı tək məhsulun az olması ilə bağlı deyil. Bu sahədə idxalda monopoliyanın olması ilə bağlıdır. Monopoliya olmasa, digər ölkələrdən daha ucuz məhsul alıb gətirmək və bununla da ölkə bazarında qiyməti stabil diapozonda saxlamaq mümkün olar”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar