Ru
20:55 / 07 Oktyabr 2024

Prezidentin bu addımı fədakarlıq nümunəsi idi - Tənzilə Rüstəmxanlı

778
Azərbaycan Prezidenti İlham Əliyev Bakının mərkəzində böyük el sənətkarı, Azərbaycan poeziyasının dühası və Göyçə aşıq məktəbinin parlaq siması olan Aşıq Ələsgərin abidəsinin açılışında iştirakı və açılış mərasimində Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların qayıdış məsələsi ilə bağlı tarixi çıxışı böyük əhəmiyyətə malik idi.

İlk olaraq onu bildirək ki, Aşıq Ələsgərin abidəsinin Bakıda ucaldılması Prezident İlham Əliyevin böyük ustadın anadan olmasının 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi barədə sərəncamının icrası olaraq həyata keçirilib. Bu sərəncam dövlət başçımızın həm Aşıq Ələsgər şəxsiyyətinə, həm də milli kimliyimizin ünvanlarından biri olan aşıq sənətinə diqqət və qayğısının ifadəsidir.



Bu abidənin açılışında cənab Prezidentin iştirak və çıxış etməsi həm də Qərbi Azərbaycandan olan soydaşlarımıza, Qərbi Azərbaycan İcmasına, doğma yurdlarımıza qayıdış istəyimizə hörmət və dəstəyin ifadəsi kimi qiymətlidir.
Bu abidənin Bakının mərkəzində qoyulması sənətə, sənətkara verilən yüksək ehtiramın bir təzahürü olmaqla yanaşı, həm də Qarabağda, Qərbi Azərbaycanda digər abidələrimizə qarşı olduğu kimi, Ələsgərin abidəsinə qarşı da vandalizm nümayiş olunmasına bir cavab reaksiyası idi.

Dövlət başçısının öz çıxışında 97 yaşında ermənilərin etnik təmizləmə siyasətinə məruz qalaraq, yaşadığı yurdu məcburən tərk edərək, Kəlbəcərə gəlməsinə baxmayaraq, Dədə Ələsgərin 3 il sonra yenidən öz doğma kəndinə qayıtmasını xüsusi qeyd etməsi xalqımızın torpaq və yurd sevgisinin bəyanı idi. Bu, həm də bir fədakarlıq nümunəsidir. Üstəlik indiki tarixi şəraitdə gənc nəslə nümunə olacaq bir hərəkətdir.



Bu mənada dövlət başçısının bu açıqlaması hazırkı gənc nəslə, onların vətənpərvərlik keyfiyyətlərinə xitabı idi. Azərbaycan Prezidenti bir daha milli tarixə, qan yaddaşına bağlılığını göstərərək 100 illik tariximizə ekskurs etdi, sosial-siyasi təhlillər apararaq dedi ki, son bir əsrdə Azərbaycan xalqı Ermənistandan 3 dəfə deportasiyaya məruz qalıb. Yəni ermənilər dövlət qurar-qurmaz Azərbaycana qarşı soyqırım aparıb.
1918-ci ilin etnik təmizləmə siyasətinin qurbanlarından biri Aşıq Ələsgərdi. Aşıq Ələsgərin yaradıcılığı və onun abidəsinin ucaldılması da Prezident cənab İlham Əliyevin çıxışında xüsusi vurğulandı. Aşıq sənəti Azərbaycan xalqının mənəvi dünyasının, milli dəyərlərinin bir hissəsidir və Aşıq Ələsgər bu sənətin ən uca zirvəsində duran simalardan biridir.

Cənab Prezidentin qeyd etdiyi kimi, Aşıq Ələsgərin irsi təkcə keçmişin bir parçası deyil, həm də bu gün və gələcək üçün böyük mənəvi sərvətdir. Onun əsərləri nəsillər arasında mənəvi bağların qorunub saxlanılmasına xidmət edir, xalqın milli ruhunu yaşadır.

Prezident cənab İlham Əliyev, həmçinin, Azərbaycanın mədəni irsinin, milli kimliyinin qorunub saxlanmasının əhəmiyyətindən bəhs etdi. Qarabağ və Şərqi Zəngəzurun azad olunması kimi tarixi hadisələr, yalnız hərbi zəfər deyil, həm də Azərbaycan xalqının mədəni və mənəvi zənginliyinin bir göstəricisidir. Bu zənginlik əsrlər boyu yaşadılan aşıq sənəti və digər milli dəyərlər vasitəsilə gələcək nəsillərə ötürüləcəkdir.
Prezident çıxışında Azərbaycanın həm mədəni, həm də tarixi irsinin qorunub saxlanmasının, xalqın iradəsi və birliyi ilə daha da möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğuladı.
Aşıq Ələsgərin abidəsinin açılışı təkcə bir sənətkara göstərilən hörmət deyil, həm də Azərbaycan xalqının milli birliyinə və tarixi yaddaşına olan çağırışdır.

Prezident İlham Əliyev çıxışının sonunda Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsinin gələcəkdə bərpa ediləcəyini və onun doğma Ağkilsə kəndində oxşar mərasimin keçiriləcəyini vurğuladı. Bu, Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək əzminin və gücünün təzahürüdür. Bu mesaj Qərbi Azərbaycan müjdəsidir, Göyçə müjdəsidir.

Milli Məclisin deputatı
Tənzilə Rüstəmxanlı
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar