Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.
Bakupost.az xəbər verir ki, Teleqraf şiddətli töhmət alan F.Nağıyevin təcümeyi-halını təqdim edir:
Fuad Hümbət oğlu Nağıyev 22 iyul 1975-ci ildə Bakı şəhərində anadan olub.
1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Təhsilini 1997-2000-ci illər ərzində Azərbaycan Respublikası Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib.
1998-ci ildə İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb.
2004-2006-cı illərdə Aeroport Qeyt Biznes Aviasiya şirkətində xidmət və şöbə rəisi, 2006-2009-cu illərdə "Paşa İnşaat" MMC-nin direktoru, 2007-2009-cu illərdə "Bakı Dəmir-Beton-8" ASC-də baş direktor vəzifələrində çalışıb.
2010-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunda böyük məsləhətçi kimi fəaliyyət göstərib. 2014-2017-ci illər ərzində nazir köməkçisi vəzifəsində çalışıb.
6 fevral 2017-ci il tarixində Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 aprel tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Sədri vəzifəsinə təyin edilib.
Hüquq elmləri namizədidir, rus və ingilis dillərini bilir.
Evlidir, üç övladı var.