"Rusiya diktatoru Vladimir Putin Ukrayna Müdafiə Qüvvələrinin Rusiya ərazisinə uzaq mənzilli raketlərlə zərbələr endirməsindən sonra ölkəmizə daha az zərbə endirir".
Bakupost.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Fransanın “Le Parisien” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya elektrik enerjisi sektoruna, Aİ-dən enerji ötürmə kanallarına, paylayıcı stansiyalara və qaz anbarlarına zərbə vurur və vurmağa davam edəcək.
O, əlavə edib ki, Ukraynanın daha çox hava hücumundan müdafiə sisteminə və daha çox qoruyucu qurğulara ehtiyacı var. Eyni zamanda, Ukrayna dövlət başçısı qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələrinin daha çox uzaqmənzilli raketlərə ehtiyacı var, çünki o, Rusiya ərazisinə zərbələr endirməyə başladığı anda Putin Ukraynaya zərbələri azaldır:
“O, cəmiyyətinin bundan narazı olacağından, elektrik enerjisi və qaz təchizatını itirə biləcəyindən qorxur. Bu cür barbarlarla onların başa düşdüyü üsullarla mübarizə aparmaq lazımdır”.
Zelenski Rusiya ilə mümkün danışıqlardan da danışaraq bildirib ki, Ukrayna güclü mövqedə olmalıdır. Onun sözlərinə görə, danışıqların kimlə aparılması deyil, ölkənin hansı vəziyyətdə olması önəmlidir.
Prezident hesab edir ki, Ukrayna danışıqlar üçün nə zəif, nə də güclü mövqedədir.
Zaur, BakuPost