Ru
16:38 / 15 Aprel 2025

Putinin Mərkəzi Asiyaya basqısı artacaq

Putinin Mərkəzi Asiyaya basqısı artacaq
Eye


İlqar Məmmədov,

REAL-ın Siyasi Komitəsinin üzvü


Mərkəzi Asiya dövlətlərinin Avropa Birliyindən 12 milyard avro yatırım vədi əvəzində Kuzey Kıbrısın tanınmasından vaz keçməsini Brüsseldən çox Moskva özünün nailiyyəti kimi görür. Dinməsə də. Buna əsası da var.

Hər qərar verərəkən Moskvaya da bir dönüb baxan bu dövlətlərin Putinlə telefon söhbətini səhnələşdirmək çətin deyil:
- Vladimir Vladimiroviç, belə bir təklif var, nə düşünürsünüz?
- Əlbəttə razılaşın, Filankəs Filankəsoviç. Qonşumuzun çiçəklənməsinə biz də sevinərik. 12 milyard az pul deyil. Əngəl görmürəm.
Putin telefonu yerə qoyub üzünü Lavrova tutur:
- Sergey Viktoroviç, gör nə yaxşı oldu. İndi bunların Türkiyə ilə münasibətləri pisləşəcək, səbəbkar isə biz yox, Brüssel sayılacaq. 12 milyard da yaxşı yatırımdır – o əraziləri geri alıb yenidən İttifaqımıza qatanda yatırımın iqtisadi nəticələri işimizi asanlaşdıracaq.
Yeri gəlmişkən, Lavrov elə bugün Qazaxstan prezidentinə ərazi bütövlüyü prinsipi haqqında sərt cavab verib. Deyib, sən BMT`nin Nizamnaməsindən özünə sərf edən prinsipi bayraq edib digər prinsiplərdən üstün tuta bilməzsən. Xarici işlər nazirinin başqa bir dövlətin prezidentinə cavab verməsi faktının ağır diplomatik mənası öz yerində. Xatırladım ki, çıxışlarında Lavrov Rusiyanın BMT`dəki xüsusi mövqeyini "lotereyada qazanmadığını" da dəfələrlə vurğulayıb. Yəni Rusiya Qazaxstanın ona BMT prinsiplərinə dair dərs keçməsinə imkan vermək niyyətində heç deyil.
Ukrayna savaşı Trump ssenarilərindən birinə uyğun bitsə, Rusiya dərhal Mərkəzi Asiyanı özünün yeni ittifaq layihəsinə qatmaq üçün hərəkətə keçəcək.
Əvvəlcə o, bu yerli diktaturaların elitasını çox böyük pula topdan və pərakəndə satın almaq cəhdində bulunacaq. Bacarmasa, onda ordusu hələ isti-isti ikən, onlardan torpaq çırpışdıracaq. Çin nə qədər etiraz etsə ruslar elə o qədər daha da ürəklə basıb irəli gedəcək, çünki bu genişlənmənin arxasında Moskvanın Vaşinqtonla Çinə qarşı qlobal strateji işbirliyi duracaq.
Rusiya diplomatiyası dərin və qırılmayan tarixi köklərə sahib olduğundan, beynəlxalq hüququn beynəlxlaq münasibətlərdəki həqiqi çəkisi haqda tam təsəvvürə malikdir. Bəzi nisbətən gənc dövlətlər kimi beynəlxlaq hüquqa dayaz, sadəlövh inamla yanaşmır. Rusiya istənilən ölkənin bu sarıdan dünya görüşündəki zəifliyini onun özünə qarşı məharətlə istifadə edəcək. Necə ki, Ukraynanın sadəlövh inamı indi öz başında çatlayır.
Mərkəzi Asiyayanı gözləyən miqyasda Rusiya basqısı Güney Qafqazda hələlik çox da inandırıcı görünmür. Mərkəzi Asiyasdan fərqli olaraq əhallisi sıx olan Gürcüstanı, Ermənistanı və Azərbaycanı güc hesabına ram edib tabeçilikdə saxlamağa Rusiyanın nə ordusu, nə də mənəvi nüfuzu yetər. Odur ki, normal qonşuluğun davamı ağlımızda birinci yerdə qalmalıdır. Amma yenə də, Ukrayna müharibəsindən sonrakı dövrə hazırlaşarkən biz Türkiyə ilə yaxınlıq və müttəfiqliyimizi elə möhkəm saxlamalıyıq ki, beynəlxalq hüququn heç bir interpretasiyası Bakı və Ankara arasındakı bağdan hətta hər hansı təsadüfi geosiyasi anda da güclü çıxmasın.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar