Baş Prokurorluq bir müddət öncə Qabil Əmrah oğlu Məmmədov barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 467-13.4 maddəsinin tələbinə əsasən rəsmi xəbərdarlıq edib və o, 17 aprel 2025-ci il tarixində Baş Prokurorluğun İstintaq İdarəsinin İnzibati binasına çağırılıb. Artıq sabah verilən vaxt tamam olur. Əgər Qabil Məmmədov Azərbaycan hüquq-mühafizə orqanlarının çağırışına əməl etməsə və müəyyən edilmiş tarixdə istintaq idarəsinə gəlməsə, onu hansı cəza gözləyir?
Bakupost.az xəbər verir ki, hüquqşünas Ramil Süleymanov KONKRET.az-a açıqlamasında bildirib ki, o, Azərbaycana gəlməsə belə, barəsində axtarış elan olunacaq:
“Qabil Məmmədov öncə milli, daha sonra isə beynəlxalq axtarışa (interpol xətti ilə) verilə bilər. İnpertol axtarış sisteminin üzvləri olan dövlətlərin öhdəlikləri var. Onlar cinayət işi əsasında axtarılan şəxslərlə bağlı məlumatlar verməli və onu araşdırma aparan ölkəyə təqdim etməlidirlər. Axtarışda olan şəxs 3-cü dövlətin vətəndaşlığını qəbul edərsə və həmin ölkədə daimi yaşama icazəsi olarsa, bu halda siyasi səbəblər göstərir. Yəni bir ölkəyə siyasi sığınacaq üçün müraciət edir. Belə olan halda onun Azərbaycan Respublikasına verilməsi məsələsi çətinləşəcək.”
Hüquqşünas qeyd edir ki, indiki halda Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən həmin şəxslər barəsində cinayət işi açılıb. İstintaq gedir:
“Onların istintaqa gəlməməsi və qaçıb gizlənməsi səbəbindən cinayət işinin müddət axını dayandırılır. Şəxs barəsində axtarış elan olunur. Həmin axtarış əsasında da şəxsin məcburi gətirilməsi barədə qərar qüvvəyə minir. Yalnız həmin şəxs Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən ələ keçirildikdə və ya təhvil alındıqda istintaqın müddəti bərpa olunur. Cinayət işinin araşdırılması davam etdirilir.”