"Həyat yoldaşını işləməyə qoymayan kişinin maaşının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər".
Bunu millət vəkili Mübariz Qurbanlı “Qadın iştirakçılığının təbliği” adlı konfransda bildirib. Qeyd edib ki, məsələni bu yolla qanuniləşdirmək olar və buna heç kim etiraz etməməlidir.
Bəs görəsən, deputatın bu təklifi hüquqi və iqtisadi cəhətdən nə qədər real görünür? Ümumiyyətlə dünya praktikasında belə bir model mövcuddur?
Bakupost.az-ın bu suallarına iqtisad elmləri doktoru, professor, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov aydınlıq gətirib.
E.Məmmədov bildirib ki, qanunverilicik aktlarına edilən dəyişikliklər, təkliflər sağlam məntiqə, cəmiyyətdə və dövlətdə olan çağırışlara, müvafiq hüquqi prosedurların tətbiqinin mümkünlüyünə və reallığına əsaslanmalıdır:
“Sağlam məntiq onu deməyə əsas verir ki, əgər bir ailədə qadının işləməməsi ilə bağlı qərar qəbul olunursa, bu, son nəticədə ailədaxili razılıq hesabına reallaşdırıla bilər. Yəni indi 15-ci əsr deyil ki, kimsə kimisə nəyəcə məcbur eləsin, nəticədə kimsə işləməsin, digəri kapitalını yığıb ona ödəsin. Ailədə onsuz da kişinin yığdığı kapital qadına məxsusdur. Təbii ki, sağlam münasibətlər üzərində qurulan, heç bir problem yaşanmayan ailələrdən söhbət gedir. Problemlər mövcud olan ailələrə gəldikdə isə, bu məsələnin həlli heç bir hüquqi müstəvidə, tam ədalətli şəkildə mümkün olmayacaq. Kim sübut edə bilər ki, həmin müddət ərzində qadın kişinin hansısa sərt qərarı əsasında işləməyib?! Qadın müraciət eləsə ki, onu həyat yoldaşı işləməyə qoymayıb, həyat yoldaşı da əksini idda edə bilər”.
Professor burğulayıb ki, belə təkliflərin irəli sürülməsi nə məntiqi nöqteyi-nəzərdən, nə hüquqi baxımdan real görünmür:
“Düşünürəm ki, parlamentdə, ekspert cəmiyyətində daha çox əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, sosial rifahının inkişaf etdirilməsinə yönəlik təkliflər irəli sürülməlidir. Parlament də, ekspert cəmiyyəti də dövlətin müvafiq qurumlarına bu istiqamətdə yardımlar etməlidir. Reytinq naminə edilən çıxışların, real iqtisadi, hüquqi, məntiqi əsasları mövcüd olmayan təkliflərin çəkisi də, onların reallaşdırılması ehtimalı da çox aşağı olacaq. Cəmiyyət həmin təkliflərdən heç bir fayda əldə etməyəcək”.
Qeyd edək ki, elə sözügedən konfransda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov məşğul əhalinin tərkibində qadınların xüsusi çəkisinin 48% təşkil etdiyini bildirib. Qeyd edib ki, qadınlarla dövlət sektoru üzrə təqribən 500 min, özəl sektor üzrə 330 min əmək müqaviləsi bağlanılıb. Dövlət Məşğulluq Agentliyi tərəfindən isə ötən il daha 55 mindən çox qadın işlə təmin edilib, 7,4 min qadın özünüməşğulluq, 10 minə yaxın qadın peşə hazırlığı proqramlarına cəlb olunub.
Rumiyyə Miraslan, BakuPost