Xəbər verdiyimiz kimi, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən qalmaqallı Laçın qaçqın məktəbi qəzalı vəziyyətdə olsa və təhlükəli ərazidə yerləşsə də, yeni tədris ilindən yenə də fəaliyyətini davam etdirir.
Qeyd edək ki, məktəbin yolu qəsəbə sakinlərinin həyətindən keçir. Məktəbin direktoru və müəllimlər avtomobilləri ilə həmin dar dalandan istifadə edirlər. Bu isə Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, M.Topçubaşov küçəsi, ev 246 ünvanında yaşayan sakinlərin, xüsusən də azyaşlıların həyatı üçün təhlükə yaradır.
Təxliyyə çıxışı və yanğından mühafizə sisteminin olmaması, həmçinin tikinti norma və qaydalarına zidd olaraq tikildiyi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi müvafiq qurumlara məsələ ilə bağlı tədbir görülməsi barədə müraciət ünvanlayıb. Buna baxmayaraq, sakinlərin narahatlığına səbəb olan məktəbin köçürülməsi ilə bağlı nə Təhsil Nazirliyi, nə də digər qurumlar tədbir görməyiblər.
Bakupost.az -a daxil olan məlumata görə, əli hər yerdən üzülən sakinlər (Şərifli Bəhruz Elxan oğlu, Zahirov Nadir Şərif oğlu, Zahirova Təranə Zöhrab qızı, Zahirova Zəminə Ağadadaş qızı) məsələ ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.
Müraciətdə bildirilir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 8 avqust 2024-ci il tarixli, 3-35-1/2-2060/2024 saylı məktubuna əsasən, qanunsuz inşa edilmiş tikilinin içərisində fəaliyyət göstərən Laçın qaçqın məktəb barədə və həmən məktəbin direktor vəzifəsini icra edən Piyalə Xudayarovanın qanunsuz əməlləri ilə bağlı Təhsil Nazirliyinə ünvanlanan çoxsaylı kollektiv şikayətlər bu günə qədər öz həllini tapmayıb:
"Bu səbəbdən mətbuata səslənərək, problemlərimizi ictimaiyyətlə, doğma xalqımızla bölüşmək məcburiyyətində qaldıq və çox geniş oxucu, izləyici kütləsinə malik olan “Real TV” və
“BakuPost” kanallarının jurnalistlərini evimizə dəvət edib, rastlaşdığımız mübahisənin ədalətli həlli istiqamətində yardım istədiq.
Çəkiliş vaxtı bizə edilən təzyiqlər, ünvanımıza səslənən söyüşlər və müəllim adına yaraşmayan hərəkətlər “Real TV” və
“BakuPost” kanalının həm Facebook, həm YouTube, həm də İnstagram səhifələrində və digər internet resurslarda öz əksini taparaq geniş müzakirələrə, ictimaı qınağa səbəb olub".
Müraciətdə daha sonra qeyd olunur ki, ötən ilin noyabr ayında yerli sakin Zəminə Zahirova Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin rəhbəri Fuad Bədəlovun və sektor müdüri Nicat Həsənovun qəbulunda olub və ona məsələnin tezliklə həll olunacağı,evinə qanunsuz birləşdirilən dəmir darvazanın söküləcəyi və avtomobillərin sakinlərin həyətindən gediş-gəlişinə son qoyulacağı vəd edilib.
Sakinlər bildirib ki, buna rəğmən, bu günə qədər nə darvaza sökülüb, nə məktəb direktoru P.Xudayarova barəsində müvafiq tədbir görülüb:
"Qanunsuz tikilidə fəaliyyət göstərən Laçın qaçqın məktəbinin son dərəcədə təhlükəli, kəskin uçurumun kənarında olması, orada lazımi şəraitin - sanitar qovşağı, yeməkxana, həkim otağı, fənn kabinetləri, ən əsası təxliyyə və ehtiyat çıxışların olmaması nədənsə bu günə kimi heç kimin maraq dairəsində olmayıb. Badamdar Laçın qaçqın məktəbinin fəaliyyəti bəlkə də indiyədək heç bir mötəbər qurum tərəfindən yoxlanılmayıb".
Daha sonra müraciətdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yanında Bakı Şəhəri Memarlıq Və Şəhərsalma Baş İdarəsinin 8 avqust 2024-ci il tarixli, 3-35-1/2-2060/2024 saylı məktubunda məktəb binasının müvafiq icazə və razılaşdırma sənədləri olmadan qanunsuz tikilidə yerləşdiyi önə çəkilir və məsələnin araşdırılaraq, tədbir görülməsinə göstəriş verilməzi xahiş olunur.
Onu da qeyd edək ki, sakinlər
Bakupost.az -a açıqlamasında dövlət qurumlarının dəfələrlə direktor Piyalə Xudayarovaya məktəbi digər məktəblərə köçürməyi təklif etdiklərini, lakin onun bu təkliflə razılaşmadığını bildiriblər. Onların dediyinə görə, direktorun israrla başqa məktəbə köçmək istəməməsi onun maddi maraqları ilə bağlıdır. Belə ki, məktəbdə çalışanların əksəriyyəti Piyalə Xudayarovanın yaxın qohumlarıdır. Bir çox müəllim və xadimələrin adları məktəbdə getsə də, özləri işə gəlmir.
Sakinlərin dediyinə görə, yeni dərs ili başlayandan bəri direktor və müəllimlər yenə də avtomobillə onların həyətindən keçərək məktəbə gedib gəlirlər:
"Buna etiraz etdikdə isə direktor Piyalə Xudayarova arxasında güclü adamlar olduğunu deyir və bizi evimizi sökdürəcəyi ilə hədələyir. Dərs ili başlayandan rahatlığımız yoxdur. Müəllimləri, öyrədilmiş adamları üstümüzə göndərib bizi təhdid edirlər"...
Zaur
BakuPost