Qanuna yeni xidmət növü əlavə edilir.
Bakupost.az xəbər verir ki, dəyişiklik Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanunun 23-cü maddəsinə dəyişiklik təklif edilir. Hazırkı qanunvericilik aktında asudə vaxtının səmərəli təşkil olunması yalnız sosial-pedaqoji xidmətin tərkibində göstərilib. Sosial-pedaqoji xidmətdə isə yalnız yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına nəzərdə tutulduğundan, digər kateqoriyadan olan çətin həyat şəraitində olan şəxslərin bu xidmətdən istifadə etməsi mümkün olmurdu.
Qeyd olunanları nəzərə alaraq “Sosial xidmət” haqqında qanunda yeni – sosial-mədəni xidmət növü əlavə edilib.
Sosial-mədəni xidmətlər - şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtın səmərəli təşkil olunmasına yönəlib. Bu xidmət növünün əlavə olunması çətin həyat şəraitində olan şəxslərə göstərilən xidmətlərin təkmilləşməsinə, beynəlxalq standartlara uyğunlaşmasına gətirib çıxarır.
Bu xidmət növünün əlavə edilməsi bu xidmətdən çətin həyat şəraitində olan bütün kateqoriyadan olan şəxslərin istifadəsinə imkan yaradacaqdır.