Alimlər inkişaf etmiş yadplanetli sivilizasiyaların axtarışı üçün yeni bir üsul təklif ediblər. Bu üsul "qara dəliklər"in enerjisindən istifadə edilməsinə əsaslanır. Onlar güman edirlər ki, belə sivilizasiyalar enerji əldə etmək üçün "qara dəlik"lərdən fəal istifadə edə bilərlər və bu proseslərlə bağlı işarələri planetimizdən 17 min işıq ili məsafədə aşkar etmək mümkün ola bilər.
Bakupost.az xəbər verir ki, bu barədə Astrophysical Journal (AJ) jurnalında dərc olunan təhqiqatda bildirilir.
Texnologiyaların inkişafı ilə enerji tələbatı artır və ənənəvi enerji mənbələri kifayət etmir. Buna görə də, tədqiqatçılar artıq yüksək inkişaf etmiş yadplanetli sivilizasiyaların ulduz enerjisindən istifadə etmək üçün Dyson sferaları kimi tanınan nəhəng qurğular yarada biləcəkləri ilə bağlı fərziyyələr irəli sürüblər. Lakin alimlərin yeni işi, yadplanetli sivilizasiyaların böyük miqdarda enerjini daha səmərəli şəkildə əldə etməsi üçün "qara dəliy"in maddəni udması zamanı ayrılan enerjidən istifadəni təklif edir.
Tədqiqat Kardaşev şkalasına əsaslanır, hansı ki, sivilizasiyaları istifadəyə yararlı enerjinin həcminə görə təsnif edir. Məqalə müəllifləri bu şkalanın bir modifikasiyasını təklif ediblər. Bu isə sivilizasiyaların öz planetindən kənar kosmosu tədqiq etmək qabiliyyətini nəzərə alır. Ehtimallara görə, onlar "qara dəlik"lərin ətrafında yüksək texnologiyalı meqastrukturlar inşa edərək, ondan enerji mənbəyi kimi effektiv şəkildə istifadə edə bilərlər.
Alimlər hesab edirlər ki, müasir texnologiyalar sayəsində artıq bu cür sivilizasiyaların enerji izlərini axtarmaq mümkündür. Teleskoplar süni enerji istifadəsi ilə bağlı anomaliyaları 5,4 kiloparsek (təxminən 17 min işıq ili) məsafədə aşkar etməyə qadirdir.
Müəlliflər vurğulayırlar ki, bu ideya əlavə sınaqlar tələb edir, lakin müşahidə imkanları artıq mövcuddur. Bu cür meqastrukturların izləri aşkar edilərsə, bu, elmi sıçrayış və başqa bir sivilizasiya ilə əlaqə yaratmaq üçün ilk addım ola bilər.
Lalə, BakuPost