Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:48 / 21 Oktyabr 2022

Qarabağda quruculuq işləri: hansı layihələr başa çatıb, daha nələr planlaşdırılır? - ARAŞDIRMA

99664
İki il əvvələ qədər Azərbaycan üçün ən mühüm məsələ Qarabağın işaldan azad edilməsi idi. 2020-ci il sentyabrın 27-də torpaqlarımızı azad etmək uğrunda apardığımız haqq savaşını 44 gün sonra -10 noyabrda zəfərlə başa vurduq. İndi isə Azərbaycanın qarşısında işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı təmin etməklə bağlı məsələlər dayanır.


Artıq iki ildir işğaldan azad olunmuş Qarabağda əsaslı quruculuq işləri tam sürətlə davam edir. Erməni vandalizminin qurbanı olan tarixi abidələrimiz bərpa olunur, 30 il müddətində daşı-daş üstdə qalmayan şəhərlər yenidən qurulur.

Yenidənqurma işlərinin sürətlə davam etdiyi ərazilərdə inşasını gözləyən evlərin, binaların, məktəblərin, xəstəxanaların təməli qoyulur. Bu da Qarabağa “Böyük qayıdış”ın ən böyük müjdəsidir.


Ötən il bir sıra layihələr başa çatdırıldı, eyni zamanda yenilərin təməli qoyuldu.




İcrası başa çatan Güləbird Su-Elektrik Stansiyası, 7 yarımtsansiya, Suqovuşan və Talışa gedən yollar istifadəyə verildi, Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı, Ağalıda "Ağıllı kənd" kimi nəhəng və möhtəşəm layihələr tam başa çatdırıldı. Şuşanın su və elektrik təchizatı təmin edildi, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, o cümlədən büstü, Üzeyir bəy Hacıbəylinin heykəli, Xarıbülbül və Qarabağ hotellərinin açılışı əlamətdar gün kimi zəfər tariximizin səhifələrinə yazıldı.


Təməli ötən ilin oktyabrında Prezident İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyeva tərəfindən qoyulan Füzuli, Hadrut Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzləri, eləcə də 2022-ci ilin mayın 10-da istismara verilən Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi işğaldan azad edilmiş Qarabağda yenidənqurma prosesini daha da sürətləndirəcək. Azad torpaqlarda inşası davam edən və yekunlaşan yeni nəsil yarımstansiyalar elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir.


Hadrutda inşası davam edən qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi isə xüsusilə əhəmiyyətli yarımstansiyadır. Şükürbəyli, Hadrut və Şuşa yarımstansiyaları arasında yaradılan qovşaq yarımstansiyası Hadrut qəsəbəsində, eləcə də Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında qurulacaq infrastrukturun elektrik enerjisinə olan təlabatını qarşılayacaq.




Ötən gün Prezident İlham Əliyev və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın açılışnı etdiyi Zəngilan Beynəlxlaq Hava Limanı da qısa müddət ərzində həyata keçirilən möhtəşəm layihələrdən biridir.



2021-ci ilin aprel ayında tikintisinə başlanılan beynəlxalq hava limanı İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanıdır. Hava limanı Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır.



İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, qısa müddət ərzində Qarabağda ikinci beynəlxalq hava limanının təhvil verilməsil ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirildiyindən xəbər verir:




“Regionda baş verən iqtisadi və geosiyasi dəyişikliklər işğaldan azad olunan ərazilərimizdə 3 hava limanına niyə ehtiyacın olduğunu bir daha təsdiq etdi. Hər 3 hava limanı bütün növ təyyarələri qəbul edə biləcək. Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bundan sonra hava limanı şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsilə daşınan beynəlxaq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzurda turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyətlidir”.



Ermənilər tərəfində ən çox dağıntıya məruz qalan şəhərlərdən biri də Ağdam şəhəridir. Ermənilər Ağdamda nəinki infrastruktura, eləcə də təbiətə böyük ziyan vurublar. Şəhərdə və ətraf kəndlərdə palıd, çinar, qoz ağacları kəsilərək məhv edilib. Hazırda Ağdamda 120-125 minlik əhali tutumu olan müasir ağıllı şəhərin salınması sürətlə davam etdirilir. Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi, Xurşudbanu Natəvanın qəbirüstü abidəsi, Ağdam Cümə Məscidi yenidən bərpa olunur.



Cənab Prezident İlham Əliyev fevralın 13-də Ağdam rayonunda səfər çərçivəsində “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını etdi.


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov hesab edir ki, bu açılışlarla rayonun və ətraf bölgələrin elektrik təminatı məsələsi tam həllini tapıb:




“Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb. Eyni zamanda, genişzolaqlı fiberoptik kabelin çəkilişi Ağdamda ən yüksək ötürmə qabiliyyətli sürətli internet xəttinin istifadəyə verildiyini göstərir. Beləlilkə, artıq bu ərazidə həm öz doğma evlərinə dönəcək insanların, həm də biznes layihələri həyata keçirmək niyyətində olan sahibkarların elektrik və internet xidmətləri ilə təminatı tam başa çatdırıldı”.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin 2022-ci il 14 mart tarixli sərəncamı ilə bu il Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunduğu nəzərə alınaraq, yubiley ilində Mədəniyyət Nazirliyi tərəfindən həmin qəbirüstü abidənin bərpa olunması istiqamətində işlər artıq yekunlaşıb. Şairənin qəbirüstü abidəsi özünün ilkin görkəmi əsasında heykəltaraş Kənan Əliyev tərəfindən 350 santimetr hündürlükdə boz qranit materialdan hazırlanıb və əvvəlki yerində quraşdırılıb.




Oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xurşidbanu Natəvanın abidəsinin açılışını etdi.


Bu il Ağdamın Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının, eləcə də Ağdamdan köçkün düşən əhali üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, Sarıcalı kəndinin təməli qoyulub. Ağdam şəhər 1 saylı məktəbin, Ağdam Sənaye Parkının bərpası artıq yekunlaşmaq üzrədir. Şəhərdə 2024-cü ildə bir sıra tikintilərin başa çatdırıması nəzərdə tutulub.

Oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır.


Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələrin icrası davam edir. Şuşada birinci məhəllənin, Laçın Beynəlxalq Hava Limanının, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, mərkəzi xəstəxananın, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, memorial kompleksin, Füzulidə çoxmənzilli yaşayış məhəlləsinin, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, Rəqəmsal Yarımstansiyanın, “Dost Aqropark”ının, Şuşada Radio-Televiziya Yayım Stansiyasının, mərkəzi xəstəxananın tikintisi yekunlaşmaq üzrədir.




Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər.


Layihənin birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. Ötən il əkini aparılan buğda və arpanın biçini başa çatdırılıb.


Bütün bunlarla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı, Laçın, Qubadlı-Eyvazlı, Füzuli-Ağdam yolları ən müasir standartlar səviyyəsində inşa olunur. Bu layihələr üzrə avtomobil yollarının uzunluğu 700 km-dən artıq olacaq. Bu yolların bir qismi ən mürəkkəb relyef şəraitində inşa olunur.


Ermənilər işğal dövründə ölkəmizin meşə fonduna da ciddi ziyan vurub, ağacla dolu olan 60 min hektara yaxın sahəni, meşə fondunu məhv ediblər.


Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir ki, aparılmış araşdırmalarla Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmən ölkənin silahlı qüvvələri tərəfindən növbəti dəfə barbarlıq nümayiş etdirilərək nadir flora və faunası olan Laçın rayonunda işğaldan azad olunmasından az müddət öncə qanunsuz olaraq 1818 ədəd müxtəlifcinsli, kökü üstdə çoxillik ağacların kəsilməsinə və bunun nəticəsində ölkəmizə 1 milyon 511 min 330 manat məbləğində maddi ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və digər maddələri ilə cinayət işi başlanıb.


Qarabağda qısa müddət ərzində həyata keçirilən bərpa işləri sözün əsl mənasında heyrət doğurur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Zəngilan Beynəlxalq Hava Limanının açılışında söylədiyi çıxış nitqində heyrətini belə dilə gətirmişdi: "İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ən müasir ikinci hava limanını açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyil".



29 il əvvəl zorla yerdindən-yurdundan didərgin salınan məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq üçün gün sayır. Onlar ölkə rəhbərliyinə, eləcə də Dövlət Komitəsinə son dövrlərdə ünvanladıqları yüzlərlə müraciətdə nəinki oraya qayıtmaq, həmçinin quruculuq işlərində fəal iştirak etmək istədiklərini bildirirlər.


Günel Musa
BakuPost


QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusunda hazırlanıb.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar