Ru
15:04 / 13 Sentyabr 2024

Qarabağda təhsil quruculuğu: hansı məktəblər yenidən fəaliyyətə başlayır?

2057
Demək olar ki, hər il yeni tədris ili öncəsi ölkədə məktəb infrastrukturunun yaradılması istiqamətində çox mühüm işlər görülür. Bu il də məktəblər siyahısına yeniləri əlavə edilib. Ancaq ən böyük proses və sürətli iş Qarabağda, işğaldan azad olunan ərazilərdə aparılıb. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində yenidən qurulan ərazilərdə müasir yaşayış binaları ilə yanaşı, yaraşıqlı, tam təchizatlı, müasir, innovasiyalara əsaslanan təhsil ocaqları ucaldılıb.




Zəngilan rayon Ağalı kənd tam orta məktəbi Vətən müharibəsinin nəticəsi olaraq işğaldan azad olunan ərazilərdə fəaliyyətə başlayan ilk məktəbdir. Təhsil müəssisəsi 288 şagird yerlikdir. Burada tədrisə 2022-ci ilin sentyabr ayında 62 şagird və 12 müəllimlə başlanılıb. Eyni zamanda, Ağalı kəndində 60 yerlik uşaq bağçası da fəaliyyət göstərir. 2023-cü ildə ilk fəaliyyətə başlayan Tərtər rayonu Talış kənd tam orta məktəbi isə 144 şagird yerlikdir. İkimərtəbəli məktəb binasının dam örtüyü tamamilə yenilənib, kommunikasiya sistemləri yenidən qurulub. Bina yanğın əleyhinə siqnalizasiya, rabitə, videomüşahidə sistemləri ilə təchiz edilib. Məktəb binası 8 sinif, tibb və müəllimlər otaqları, akt zalı və kitabxanadan ibarətdir. Məktəbin həyətyanı ərazisində süni ot örtüklü futbol və idman meydançaları qurulub.

“İlk zəng”lə dünyaya səs salan daha bir təhsil ocağı Laçın şəhər 2 nömrəli tam orta məktəbi olub. Müəssisə üçün nəzərdə tutulan binanın layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Prezidentin 2022-ci ilin sentyabrında imzaladığı Sərəncama uyğun aparılan təmir işləri vaxtında yekunlaşıb və ötən ilin avqustunda açılışı olub.

Laçın rayonunda fəaliyyətə başlayan ikinci məktəb Zabux kəndindədir. Məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası Prezidentin sərəncamına əsasən, həyata keçirilib. 176 şagird yerlik məktəb binasında aparılan bərpa-gücləndirmə və əsaslı təmir işləri vaxtında başa çatdırılıb və ötən ilin 13 dekabr tarixində Laçın rayonu Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb. Məktəbdə 35 şagird təhsilə cəlb edilib. İkimərtəbəli məktəb binasında 11 sinif otağı, 2 laboratoriya, gənclərin çağırışaqədər hazırlığı və tibb otaqları, kitabxana, idman, həmçinin 105 yerlik akt zalı, yeməkxana, bufet mövcuddur.

Bu il isə Şuşada 1 nömrəli tam orta məktəbin açılması ilə yanaşı, Xocalı, Xankəndi və Cəbrayıl şəhərlərində, habelə Sus kəndində də məktəblərimiz fəaliyyətə başlayacaq. Beləliklə, bu il dövlət tərəfindən Qarabağda daha 6 məktəb istifadəyə veriləcək, 8-nin isə tikintisinə başlanılacaq.




Elm və Təhsil naziri Emin Əmrullayev bildirib ki, bununla da 10-a yaxın məktəbin fəaliyyəti təmin ediləcək:


“Suqovuşan və Kəlbəcərdə tikilən məktəblərdə tədris köç prosesinin vaxtına uyğun olmaqla oktyabr və noyabr aylarında başlayacaq. 2025, 2026, 2027-ci illərdə daha çox məktəbin fəaliyyətə başlaması nəzərdə tutulur. Çünki onların tikintisi hazırda davam etdirilir”.





Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, hazırda işğaldan azad edilən ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində mühüm işlər görülür. Qarabağda həyata keçirilən infrastruktur layihələrinin başında məhz təhsil müəssisələrinin yenidən qurulması, məktəblərin və ali təhsil ocaqlarının bərpası dayanır. Düşmənin məhv etdiyi tarixi məktəb binalarını geri qaytara bilməsək də, orada müasir tələblərə tam cavab verən, Azərbaycan təhsilinə əhəmiyyətli töhfə vəd edən təhsil ocaqları tikilib istifadəyi verilir:


“Şagirdlərin təhsil prosesinə cəlb edilməsi, onların işğaldan azad olunan ərazilərdə təhsil alması üçün artıq xeyli orta məktəb açılıb. Bir neçəsinin də tikintisi hazırda dadam edir. Bu, Qarabağın yenidən qurulmasına, təhsilin yenidən dirçəlməsinə mühüm töhfədir. Ermənilərin məhv etdiyi təhsil infrastrukturu daha mükəmməl şəkildə yenidən bərpa edilir. Bu gün Qarabağda müasir tələblərə cavab verən maddi-texniki bazanın yaradılması önəmli məsələlərdən biridir”.




Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən silahlı təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu tamamilə dağıdılmışdı. Mənfur ermənilər bu ərazilərdə olan 1107 ümumtəhsil müəssisəsi və 855 uşaq bağçasını yerlə-yeksan etmişdi:

“Hazırda işğaldan azad edilən ərazilərin bərpası, təhsil müəssisələrinin və uşaq bağçalarının tikilməsi sürətlə davam etdirilir. Əhalinin məskunlaşdırılması ilə yanaşı əsas məsələlərdən biri də şagirdlərin təhsil prosesinə cəlb edilməsidir. Bu istiqamətdə artıq çox mühüm işlər görülüb və bu gün Qarabağda müasir tələblərə cavab verən məktəblər tikilərək istifadəyə verilib. Yeni tədris ilinin ən yaddaqalan hadisələrindən biri də Xankəndidə 2 məktəb və 2 uşaq bağçasının fəaliyyətə başlamasıdır. Bu, böyük ruh yüksəkliyi ilə qarşılanır. Xocalı şəhər tam orta məktəb üçün 132 şagird yerlik binada cari təmir işləri də yüz faiz tamamlanıb. Bu da çox sevindiricidir”.


Nəhayət, bu tədris ilində Qarabağ Universiteti ilk tələbələrini salamlayacaq. Burada dərslər sentyabrın 23-də başlayacaq. İlk tədris ilinə hazırlıqla bağlı işlər yekunlaşıb, universitetin infrastrukturu tam hazırlanıb, professor-müəllim heyəti formalaşıb və bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb. Bundan əlavə, Qarabağ Universitetində oriyentasiya (tanışlıq) günləri keçiriləcək. Həmin günlərdə tələbələr universitetin kampusu, əməkdaşlarıvə Xankəndi şəhəri ilə tanış olacaq, bütün zəruri məlumatları əldə edəcək və onları maraqlandıran suallara cavab alacaqlar.




Qeyd edək ki, 2024-25-ci tədris ili üzrə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı, demək olar ki, tam dolub.

Məlumata görə, I ixtisas qrupunda 6 ixtisa üzrə Qarabağ Universitetinə ümumilikdə 290 nəfər tələbə qəbul olunub. Bu qrupda orta qəbul balı 475,5 bal təşkil edib. Sözügedən qrup üzrə Universitetdə ən yüksək nəticə 659,9 balla Riyaziyyat müəllimliyi ixtisasında qeydə alınıb. Olimpiada qalibi olan 1 abituriyent isə Universitetin Elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib.

II ixtisas qrupunda universitetə 7 ixtisas üzrə ümumilikdə 330 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 396,7 təşkil edib. Sözügedən qrup üzrə Universitetdə ən yüksək nəticə 641,7 balla Maliyyə ixtisasında qeydə alınıb. Onu da qeyd edək ki, Universitetdə Maliyyə ixtisası üzrə keçid balı 500,5 olub.

III ixtisas qrupunda 6 ixtisas üzrə Qarabağ Universitetinə ümumilikdə 330 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 531,3 təşkil edib. Sözügedən qrup üzrə universitetdə ən yüksək nəticə 683,8 balla Hüquqşünaslıq ixtisasında qeydə alınıb.

Universitetdə Hüquqşünaslıq ixtisası üzrə keçid balı 609,4, Xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə isə 538,7 olub.

IV ixtisas qrupunda 1 ixtisas (Psixologiya) üzrə Qarabağ Universitetinə 30 tələbə qəbul olub. Bu ixtisas üzrə isə tələbələrin orta qəbul balı 470,0 təşkil edib. Ən yüksək nəticə 570,6 bal olub.

Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə qəbul olan 980 tələbənin orta qəbul balı 467,6 təşkil edib.

Xüsusi qabiliyyət imtahanları tələb edən V ixtisas qrupunda 7 ixtisas üzrə Qarabağ Universitetinə ümumilikdə 124 tələbə qəbul olub.

101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub. Ümumilikdə, ilk tədris ilində universitetin bakalavriat səviyyəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.

Qarabağ Universitetində bu il tədris Azərbaycan və ingilis dilində aparılacaq, rus dili bölməsi üzrə qəbul isə yoxdur. İngilis dili bölməsi üzrə təhsil alacaq tələbələrin birinci ildə dil biliyinin təkmilləşdirilməsi üçün işlər görüləcək. Növbəti ildən isə bütün tədris ingilis dilində aparılacaq.


Elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, əsas hədəf odur ki, Qarabağ Universiteti tezliklə ölkəmizin və regionun ən aparıcı ali təhsil müəssisələrindən və elm mərkəzlərindən birinə çevrilsin və müasir dövrün tələblərinə uyğun mütəxəssislər hazırlasın.



Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Qarabağ Universiteti ali təhsil almaq istəyənlər üçün böyük bir fürsətdir:


"Bu universitetin yaradılması məhz Qarabağda və Şərqi Zəngəzurda kadr potensialının gücləndirilməsi və həmin ərazidə yaşayan Azərbaycan vətəndaşlarının ali təhsil alması üçün əla bir imkandır. Azərbaycanın müxtəlif şəhər və rayonlarında universitetlər var. Region universitetlərin inkişafına Azərbaycan dövləti çox böyük önəm verir. Bu baxımdan da Xankəndidə Qarabağ Universitetinin yaradılması və yeni ixtisasların Qarabağ Universitetində tədris olunması zərurətə çevrilib. Mən əminəm ki, Qarabağ Universitetinin əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə təhsil verilməsi yaxın gələcəkdə təkcə yerli deyil, xarici tələbələrin də cəlb olunmasına böyük dəstək verəcək".

Sevinc,
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar