Məlum olduğu kimi, Azərbaycanın işğaldan azad edilən ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.
Bu birinci oxunuşda qəbul edilən "Torpaq icarəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Layihədə qeyd olunur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.
İqtisadçı ekspert Eyyub Kərimli Bakupost.az -a bildirib ki, Qarabağda işğaldan azad olunan torpaqlarda 600 min hektara yaxın əkinə yararlı torpaqlar var. Onun sözlərinə görə, torpaqların icarəyə verilməsi həmin ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasına və qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərir:
"Digər tərəfdən, Qarabağ İqtisadi Zonasında məşğulluğun təmin edilməsində, iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayacaq. Təbii ki, müəyyənu şərtlərlə həmin torpaqların istismara verilməsi məskunlaşmanın sürətini artıracaq. Burada yerli əhalinin işlə təmin olunmasına, kiçik sahibkarlıqla, fermer təsərrüfatı ilə məşğul olmasına geniş imkanlar yaranacaq. Digər tərəfdən, bölgənin iqtisadi potensialının artırılmasına şərait yaranacaq. Ümumilikdə, həmin bölgənin iqtisadiyyata reinteqrasiyası sürətlənəcək. Ermənistanın taxıl istehlakının 33 faizi həmin bölgələrdən hasil edilirdi. Bu da onu deməyə əsas verir ki, həmin bölgələrin böyük iqtisadi potensialı var. Bu gün torpaqlardan istifadə olunması həmin potensialın istifadəsinə imkan yaradır, orada kənd təsərrüfatının inkişafına göstərər".
Sevinc,
BakuPost