Ru
16:50 / 14 Mart 2025

Qarabağda torpaqların istifadəyə verilməsi nələr vəd edir? - Ekspert rəyləri

Qarabağda torpaqların istifadəyə verilməsi nələr vəd edir? - Ekspert rəyləri
Eye

Məlum olduğu kimi, işğaldan azad edilən rayonlarda torpaqların istifadəyə verilməsi prosesinə ilk dəfə Zəngilan rayonunun Ağalı kəndindən başlanacaq. Artıq kənd üzrə təsərrüfat təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün Elektron Kənd əTəsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsilə müraciətlərin qəbuluna başlanıb.

Ekspertlərin fikrincə, Ağalıda kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi yerli əhalinin məşğulluq səviyyəsini artıracaq. Bu, həmçinin, kənd təsərrüfatı məhsullarının istehsalını artıraraq, yerli iqtisadiyyatı canlandıracaq.

Əkin məqsədli torpaqların istifadəyə verilməsi qida təhlükəsizliyini təmin etmək baxımından da əhəmiyyətlidir. Yaxşı idarə olunan kənd təsərrüfatı fəaliyyətləri yerli qida istehsalını artırır və xaricdən asılılığı azaldır. Bu, ölkə daxilində istehsal olunan qida məhsullarının təklifini artıraraq, daha keyfiyyətli və əlverişli qiymətlərlə yerli əhaliyə təqdim edilməsini təmin edir.

Ağalıda əkinçilik fəaliyyətinin artırılması torpaq ehtiyatlarının daha səmərəli istifadə olunmasına imkan yaradır. Torpaqların düzgün və müasir aqrotexniki üsullarla işlənməsi, ətraf mühitin qorunmasına kömək edir. Əkin sahələrində tətbiq edilən müasir suvarma sistemləri torpaq eroziyasının qarşısını alır və torpaqların uzunmüddətli istifadəsini təmin edir. Əkin məqsədli torpaqların istifadəyə verilməsi, müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqinə şərait yaradır. Bu, daha yüksək məhsuldarlıq və məhsul keyfiyyəti deməkdir. Yenilikçi texnologiyalar, o cümlədən, avtomatlaşdırılmış suvarma sistemləri, gübrələmə üsulları və məhsulun emalı, torpaqların istifadəsini daha səmərəli edir və kənd təsərrüfatı fəaliyyətini iqtisadi baxımdan sərfəli edir.

Torpaqların əkin məqsədli istifadəyə verilməsi yerli əhalinin sosial rifahını yaxşılaşdırmağa da kömək edir. Kənd təsərrüfatı sahəsində inkişaf yeni iş yerlərinin açılmasına, gənclərin kənd təsərrüfatı sahəsində ixtisaslaşmasına və bununla da əhalinin yaşayış şəraitinin yaxşılaşmasına gətirib çıxaracaq.

Ağalıda kənd təsərrüfatı fəaliyyətlərinin inkişafı yalnız həmin bölgənin deyil, ümumilikdə regional inkişafı dəstəkləyir. Torpaqların düzgün istifadəsi regional bərabərsizlikləri aradan qaldırmağa, kəndlərin inkişafını təşviq etməyə kömək edir.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, Ağalıda kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi vacib şərtlərdən biridir:


"Digər ərazilərdə də bu proseslər həyata keçirilməlidir. Bu, vətəndaşların məşğulluğunu təmin edir. Bir sözlə, bu, həm iqtisadi, həm də sosial baxımdan mühüm əhəmiyyət kəsb edir. Ən əsası da kənd təsərrüfatı məhsullarının bolluğuna gətirib çıxardır. Məhsul bolluğu olanda qiymətlər ucuzlaşır. Məşğulluq həmin ərazilərdə əsaslı məskunlaşmanı da təmin etmiş olacaq".

İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, çoxdan idi ki, həm yerli əhali, həm də digər böyük şirkətlər tərəfindən bu torpaqlarda istehsala başlanacağı bildirilirdi:



"İşğaldan azad olunan ərazilərdə xeyli əkinə yararlı torpaqlarımız var. Bu, ölkə iqtisadiyyatına reinteqrasiya, qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərir. Digər tərəfdən, Qarabağ İqtisadi Zonasında məşğulluğun təmin edilməsində, iqtisadiyyatın inkişafında, iqtisadi fəaliyyətin təmin edilməsində əhəmiyyətli rol oynayacaq. Sözsüz ki, bu şərtlərlə həmin torpaqların istismara verilməsi məskunlaşmanın sürətini artıracaq. Orada ən böyük problemlərdən biri iş yerlərinin az olmasıdır. Torpaqların istifadəyə verilməsi yerli əhalinin işlə təmin olunmasına, kiçik sahibkarlıqla, fermer təsərrüfatı ilə məşğul olmasına geniş imkanlar yaradacaq. Digər tərəfdən, bölgənin iqtisadi potensialının artırılması üçün şərait yaranacaq. Ümumilikdə, həmin bölgənin iqtisadiyyata reinteqrasiyası sürətlənəcək. Ermənistanın taxıl istehlakının 33 faizi həmin bölgələrdən hasil edilirdi. Bu da onu deməyə əsas verir ki, həmin bölgələrin böyük iqtisadi potensialı var. Bu gün torpaqlardan istifadə olunması həmin potensialın start götürməsinə imkan yaradır, kənd təsərrüfatının yaranmasına və inkişafına böyük təsir göstərir. Bu baxımdan düşünürəm ki, proses daha da sürətlənəcək".

İqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, sahibkarların, kənar şəxslərin, iş adamlarının işğaldan azad edilən ərazilərdə torpaqları icarəyə götürməsi prosesi çoxdan başlayıb:



"Əksər aqroparkların işğaldan azad olunan ərazilərdə icarəyə götürdüyü torpaqlar var. Bu torpaqların icarə haqqı kifayət qədər aşağıdır. Hətta mən deyərdim, rəmzidir. Məndə olan məlumata, görə bəzi hallarda həmin torpaqların bir hektarını aqroparklara və digər sahibkarlara 5 manata icarəyə veriblər. İndi əsas məsələ həmin ərazidə məskunlaşmış əhalinin torpaq icarəyə götürməsidir. Amma orada onlara veriləcək torpaqların icarə haqqı tarifləri barədə məlimatımız yoxdur”.

Akif Nəsirlinin sözlərinə görə, bu gün işğaldan azad edilən ərazilərdə məskunlaşan əhalinin sayı azdır, amma orada torpaq sahələri çoxdur:

"Əhali tam məskunlaşana kimi həmin torpaqlar əslində ora köçən əhaliyə icarəyə verilməlidir. Qarabağa Böyük Qayıdış proqramı əsasında köçürülən əhali həmin ərazidə məskunlaşsın, torpağa bağlansın, işləsin və qazansın. Yəni, həm torpağa bağlansın, həm də ölkənin kənd təsərrüfatı məhsulları istehsalına töhvə versin. Orada adam başına 2-3 hektar torpaq sahəsi verilə bilər. Çünki əhali az, torpaq sahəsi isə çoxdur”.

İqtisadçı həmin ərazilərdə azad sahibkarlığın inkişafı üçün şəraitin olduğunu qeyd edib: "Azad sahibkarlığın inkişafı üçün torpaq icarəyə görürən keçmiş məcburi köçkünlərimiz var. Torpaqla bağlı ancaq yerli bələdiyyələrə vergi verilir. Həmin ərazilərdə onsuz da bələdiyyələr yoxdur. Qalan vergilərdən Azərbaycanda vətəndaşlar azaddır. Hesab edirəm ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən məcburi köçkünlər həmin vergidən də azad olmalıdır. Hazırda hektarı 15 manatdır, amma hər halda puldur. Ona görə düşünürəm ki, bundan da azad olmalıdır. Bundan əlavə həmin məcburi köçkünlərin kreditlərə çıxış imkanları genişləndirilməlidir ki, onlar icarəyə götürdüyü torpaqları becərmək üçün kapitala sahiblənsinlər”.
Akif Nəsirli əlavə edib ki, işğaldan azad edilən ərazilərdə liberal iqtisadiyyatın inkişafı üçün gərəkən addımlar atılıb: "Orada fəaliyyət göstərən şirkətlərə vergi, sığorta güzəştləri tətbiq edilib, onların güzəştli kreditlərə çıxış imkanları artırılıb. İstənilən sahibkara həmin ərazidə fəaliyyət göstərmək imkanı verilməlidir. Ancaq hər sahibkar işğaldan azad olunmuş ərazidə fəaliyyət göstərə bilmir. Bu maneələr olmamalıdır. Hesab edirəm ki, orada fəaliyyət göstərmək üçün hamıya imkan verilməlidir”.

Millət vəkili Azər Badamov vurğulayıb ki, 2026-cı ilin sonuna qədər 140 mindən çox keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdacaq:


“Yenidən salınmış kəndlərə və qəsəbələrə qayıdacaq insanlara torpaqlarda əkin-biçin etmələri üçün imkan yaradılır. Öz doğma kəndlərinə və qəsəbələrinə qayıdan şəxslər yaşadıqları inzibati ərazilərdə güzəştli şərtlərlə torpaqları icarəyə alaraq kənd təsərrüfatı məhsulları istehsal etmək imkanı qazanacaq. Yəni kəndli yenidən torpağa qayıdacaq və əkib-becərəcək. Bu həm də uzun illər istifadə olunmayan torpaqların yenidən dövriyyəyə qayıtması prosesini sürətləndirəcək. Belə ki, həmin torpaqlarda kənd təsərrüfatı məhsullarının əkilməsi ölkədə məhsul bolluğu yaradacaq. Məhsul istehsalının artması birbaşa bazarlardakı qiymətlərə təsir edəcək və qiymətlərin aşağı düşməsinə töhfə verəcək. Yəni işğaldan azad olunmuş ərazilərdəki torpaqların güzəştli şərtlərlə icarəyə verilməsi imkanının yaradılması yeni iş yerlərinin açılmasına, məhsul bolluğunun yaranmasına və bazarlarda aqrar məhsulların qiymətlərinin ucuzlaşmasına xidmət edəcək".

Sevinc,
BakuPost

QEYD:Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda hazırlanıb.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar