Xəbər verdiyimiz kimi, Xocavənddə “Böyük Ermənistana aparan tunel” aşkarlanıb. Belə ki, bununla bağlı “Hans Kloss” profili ilə tanınan hərbi bloger paylaşım edib. Məlumata görə, düşmən zabitinin qazdığı sığınacağın girişi pianino vasitəsilə bağlanıb. Hətta deyilir ki, işğaldan azad edilən digər ərazilərdə də belə tunellər, keçidlər çoxdur, amma bəziləri aşkar edilməyib.
Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Azay Kərimov tunel məsələsi müəmmalıdır:
“Qarabağ ərazisini mənim kimi yaxşı tanıyan adam yoxdur. Uşaqlığım o torpaqlarda keçib. Açığı, tunel məsələsinə inanmıram. Birincisi, tunel qazan zaman 1 kilometr sonra havasızlıq yaranır və insan ölə bilər. Normalda heç kim orada axıra kimi gedə bilməz.
İkincisi, Xocavənddən İrəvana qədər böyük məsafə var. Həmçinin mürəkkəb dağlar, qayalar mövcuddur. Tunel qazmaq insan əməyi deyil, texnika da işləməyib. Olsa belə, 20 il müddətinə bu qədər ərazidə tunel açmaq mümkünsüzdür. Bu xəbəri kimin, hansı məqsədlə ortaya atdığını bilmirəm”.
Azay Kərimov
Azay Kərimovun sözlərinə görə, Şuşa şəhərinin altı tunellərlə doludur:
“Onlar isə döyüş əməliyyatları aparmaq üçün nəzərdə tutulmayıb. Tunel İsa bulağının yuxarı tərəfindən başlayır və fərqli istiqamətlərdə bitir. Məsələn, bir tərəfi Şuşa həbsxanasına gedir, digər hissəsi mərkəzi bazardan keçir. Həmin tuneldən keçən kanalizasiya sistemi Daşaltı çayına tökülür. Ora enlidir və içində mümkün olsa, maşın da idarə etmək olar. Mövcud tunel illər əvvəl xüsusi olaraq tikilib. Azıx mağarasından başqa, Qarabağda tunelin olmasına inanmıram. Ermənistandan da Azərbaycan ərazilərinə iş aparmaq üçün belə bir texnika gətirilməyib”.
Qeyd edək ki, tunel mina və partlamamış sursatdan təmizlənən zaman aşkarlanıb.