Son vaxtlar sosial şəbəkələrdə və ictimai platformalarda Bakı və ətraf ərazilərdə, həmçinin regionlara gedən əsas magistral yollarda gecə saatlarında işıqlandırmanın zəif olması ilə bağlı şikayətlər kəskin şəkildə artıb. Sürücülər bildirirlər ki, qaranlıq yollar nəinki narahatlıq yaradır, həm də qəza riskini xeyli artırır. Xüsusilə Bakı-Quba ödənişli avtomobil yolunda gecə saatlarında işıqlandırmanın olmaması ciddi narazılığa səbəb olub.
Ödənişli yolda işıq yoxdur
Vətəndaşlar bildirirlər ki, əsas yollardan biri olan pullu Bakı-Quba magistralı gecə vaxtı qaranlığa qərq olur. Məlumdur ki, bu yolda sürət rejimi yüksəkdir və uzun məsafəli hərəkətlər üstünlük təşkil edir. Gecə saatlarında isə yol nişanlarının, dönmə zolaqlarının və səki xəttlərinin görünməməsi ciddi təhlükə yaradır. Son günlərdə bu yolda baş verən bəzi qəzaların məhz işıqlandırma probleminin nəticəsi olduğu qeyd olunur.
Adının çəkilməsini istəməyən sürücü deyir ki, axşam saat 9-dan sonra bu yola çıxmaq üçün əlavə işıqlandırma avadanlığı gərək olur:
"Bu, ödənişli yoldur, amma elementar təhlükəsizlik təmin edilmir. Gecə vaxtı qarşıdan gələn maşınların işığı ilə hərəkət etmək risklidir.”
Qənaət siyasəti, yoxsa nəzarətsizlik?
Məsələ ilə bağlı əlaqədar qurumlar tez-tez “enerji qənaəti siyasəti” apardıqlarını bildirirlər. Lakin bəzi hallarda bu siyasətin əsaslandırılması suallar doğurur. Belə ki, işıqların məhz lazım olduğu gecə saatlarında sönük qalması, gündüz – günəşli havalarda isə saatlarla yanması müşahidə olunur.
Məsələn, bu gün səhər saatlarında Heydər Əliyev prospektində işıqlandırma sistemi gecədən açıq qalıb və günorta saatlarına qədər sönməyib. Bu hal həm enerji israfına, həm də idarəetmədə nəzarət boşluğuna işarədir. Eyni mənzərə bir çox digər əsas yollarda da yaşanır.
“Bu məsələ təkcə qənaət prinsipi ilə ölçülməməlidir”
Nəqliyyat üzrə mütəxəssis Rauf Əsədov bildirir ki, yol işıqlandırması yalnız enerji qənaəti çərçivəsində qiymətləndirilə bilməz:
“Söhbət insan həyatından gedirsə, qənaət məsələsi ikinci planda dayanmalıdır. Magistral yollar, xüsusilə də ödənişli və ya regionlara çıxış verən əsas yollarda işıqlandırma sistemi gecə saatlarında tam gücü ilə işləməlidir. Bu, həm sürücülərin təhlükəsizliyi, həm də yol hərəkəti qaydalarına düzgün riayət üçün vacibdir.”
Rəqəmlər nə deyir?
Statistikaya görə, son 1 il ərzində magistral yollarda baş verən qəzaların təxminən 30 faizi məhz gecə saatlarında qeydə alınıb. Bu qəzalarda əsas səbəblərdən biri də “görünməyən yol şəraiti” kimi qeydə alınıb. Yəni işıqlandırma yalnız komfort deyil, həm də birbaşa həyat amilidir.
Çıxış yolu nədir?
Mütəxəssislər və vətəndaşlar bu problemin həlli üçün aşağıdakı addımların atılmasını təklif edirlər:
• Bütün əsas magistral yollarda işıqlandırma sistemləri müasir texnologiyalarla təchiz edilməli;
• Gecə saatlarında avtomatik aktivləşən “ağıllı sistemlər” quraşdırılmalı;
• Günorta saatlarında yanan lampalara nəzarət mexanizmi gücləndirilməli;
• Yol işıqlandırması ilə bağlı ictimai monitorinq qrupu və ya mobil tətbiq vasitəsilə şikayət imkanı yaradılmalıdır.
Sonda…
Yolların işıqlandırılması sadəcə, gecə onların görünüşünü təmin etmək deyil. Bu, qəzaları azaltmaq və sürücülərə təhlükəsiz hərəkət şəraiti yaratmaqdır. Qaranlıq yollarda görünməyən təhlükələrin önünü yalnız işıqla kəsmək mümkündür. Məsul qurumlar bu çağırışa səs verməli, real addımlar atmalıdır.
Azər,BakuPost