Aprelin 12-də Bərdədə baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.
Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, Tünzalə Hüseynova hadisəni törətməzdən əvvəl - aprelin 4-də Ceyhun Zeynalov barəsində polisə müraciət edib.
Buna səbəb isə Ceyhun Zeynalovun Tünzalə Hüseynovanın işlədiyi yerə gələrək ona və dayısı qızı Rəqsanə Əhmədovaya hücum etməsi olub. Belə ki, Ceyhun Rəqsanə Əhmədovanı döyüb, T. Hüseynovanın isə telefonunu sındırıb. Bütün bu hadisələr anbaan kameraya düşüb.
Aprelin 12-də 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova “TikTok” sosial platformasında yaranmış mübahisə zəminində Vətən müharibəsi iştirakçısı, 1992-ci il təvəllüdlü Ceyhunla görüşüb. Qadın aparılan araşdırmanın nəticəsini gözləmədən ona bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü T.Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Qeyd edək ki, əvvəl hadisənin gözəllik salonunda baş verdiyi deyilsə də, sonradan görüntülərin ətriyyat mağazasında baş verdiyi müəyyənləşib. Hadisədə şübhəli bilinən qadın və bıçaqlanan qazi aktiv “TikTok” istifadəçiləridir.