Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:30 / 12 Dekabr 2024

Qəddar Fransa müstəmləkəçiliyi: Yeni Kaledoniyada zor gücünə yatırılan üsyanlar - VİDEO

743
"Neokolonializm" termininin müəllifli fransalı yazıçı və filosof Jan Pol Sartr 1956-cı ildə Əlcəzairdə keçirilən mitinqdə Əlcəzairi kolonial sistemin "ən parlaq və aydın nümunəsi" adlandırmışdı. Onun nitqi bu sözlərlə başlayırdı: "Mən sizin “neokolonialist saxtakarlığı”ndan ehtiyatlı olmağınızı istərdim".

Sartr həmin məşhur nitqini “neokolonizator hələ də müstəmləkə sisteminin bərpa oluna biləcəyinə inanan sadəlövh və ya islahatlar təklif edən ağıllı həyasızdır. Çünki o, bu islahatların səmərəsiz olacağını bilir” ifadəsi ilə yekunlaşdırmışdı.

Əfsuslar olsun ki, yarım əsrdən çox vaxt keçsə də, Sartrın çox dəqiq təsvir etdiyi “neokolonialist saxtakarlığı” onun öz ölkəsi - Fransa tərəfindən davam etdirilir. Hazırda dünyanın bir sıra xalqları hələ də rəsmi Parisin müstəmləkəçilik siyasətindən əziyyət çəkir, ədalətin bərpası uğrunda mübarizə aparır.

Fransanın təbii sərhədlərindən minlərlə kilometr uzaqda - Cənubi Amerika, Afrika, Asiya və Okeaniyada 13 regionu hələ də öz koloniyası kimi idarə edir, yerli xalqların hüquqlarını tapdalayır, onlara qarşı ayrı-seçkilik və assimilyasiya siyasəti yürüdür. Bu siyasətə məruz qalan bölgələr arasında Yeni Kaledoniya, Fransız Polineziyası, Saint Martin, Saint Barthelemi, Mayot, Reunyon, Martinik, Qvadelupa və Fransız Qvianasının adılarını çəkə bilərik.

İndi sizə onlardan birinin - Fransadan 17 min kilometr uzaqda yerləşən Yeni Kaledoniyanın taleyindən söz açacağıq.

Amerikalı siyasi şərhçi Piter Teys deyir ki, fransızların Yeni Kaledoniyadakı müstəmləkəçilik siyasəti müasir dövrdə fəlakətli bir təcrübədir:

"Fransanın Yeni Kaledoniyada neokolonializm siyasəti Kamak yerli qrupları və Yeni Kaledoniyadakı yerli əhali üçün fəlakətli nəticələrə səbəb olmuşdur. Fransa prezidenti Yeni Kaledoniyadakı Kamak yerli əhalisinə öz demokratik hüquqları, eləcə də konstitusiya hüquqlarından istifadə etməyə icazə verməkdən çəkinib.

Yeni Kaledoniyadakı paramilitar qruplar bölgədə ciddi problemlərə və qarışıqlıqlara səbəb olmuşdur. Fransa hökuməti yenidən ikili standart tətbiq etdiyini sübut etmişdir. Necə ki, Paris digər hökumətləri və digər ölkələri Sakit okean və Latın Amerikasında neokolonial siyasətə yanaşmaq və həyata keçirməkdə tənqid edirdi.

Bu, Fransanın xarici siyasətində böyük fəlakətdir və Fransa prezidenti Emanuel Makron Yeni Kaledoniyadakı vəziyyətin həllinə gəldikdə çox ironik və ikiüzlü olduğunu sübut etdi”.

Yeni Kaledoniya Fransanın 13 xarici koloniyasından biridir. Sakit okeanın cənubunda - Mərcan dənizində, Avstraliyanın şərqində yerləşir.
İnsanlar Yeni Kaledoniyada eramızdan əvvəl 2-ci minillikdə məskunlaşıb. Zelandiya kökənli olduqları ehtimal edilir. Bu cənnət kimi məmləkətin qara günləri isə 1774-cü ildən başlayır. Britaniyalı səyyah Ceyms Kuk ərazini kəşf edəndə adalara əcdadlarının doğulduğu Şotlandiyanın şərəfinə Yeni Kaledoniya adını verir. Çünki ölkəsininin şimal hissəsinə Roma imperiyası dövründə Kaledoniya deyilirdi.

19-cu əsrin ortalarına qədər buraya ciddi maraq yox idi. Əvvəlcə səndəl ağacı alıb-satanlar, sonra isə bölgəyə qul tacirləri ayaq açmağa başladılar.
1853-cü ildə isə Fransa imperatoru III Napoleon tərəfindən Fransanın koloniyasına çevrildi. Yeni Kaledoniyadan bir müddət həbsxana kimi istifadə olundu. Əvvəlcə Avstraliya və Fransa ərazilərindən olan məhbuslar, 1864-1897-ci illərdə isə siyasi məhbuslar da daxil olmaqla 22 minə yaxın məhbus göndərildi. Bununla da yerli torpaqların getdikcə Fransız müstəmləkə idarəçiliyi tərəfindən işğal edilməsi gücləndi. Bu vəziyyət zamanla bölgədə ictimai və etnik tarazlığı dəyişdirdi. Fransız köçkünlərin sayı artdıqca yerli Kanak xalqı öz torpaqlarından sıxışdırıldı və sürgün edildi.

Adalar kəşf ediləndə burada təxminən 80 min yerli sakin yaşayırdı. Fransızlar gəldikdən sonra əhalini kölələşdirməyə başladılar. Onlar qul kimi Fransanın müxtəlif ərazilərində satıldı. Avropalılar buraya təkcə əsarət, insanlığa qarşı ağır cinayətlər bəxş etmədilər, həm də özləri ilə qızılca və çiçək kimi yeni xəstəliklər gətirdilər. Bu xəstəliklər yerli sakinlərin böyük hissəsini məhv etdi, 1921-ci ildə adalarda cəmi 27 min kanak qaldı.

1864-cü ildə adalarda niklelin kəşfi növbəti ölümcül dalğanı gətirdi. Fransa sənayedə çalışmaq üçün kənardan işçilər gətirir, kanakları hasilatdan kənarda saxlayırdı. Üstəlik, onlar yalnız rezervasiyalarda yaşaya bilərdilər. Nəticədə bu, müxtəlif tayfaları birləşdirməyə nail olan lider Atainin başçılıq etdiyi üsyana səbəb oldu.

1878-ci ildə başlayan üsyan zamanı 1200 nəfər qətlə yetirildi. Onların arasında Atai də vardı. Onun və silah yoldaşı Le Meşenin başı kəsilərək Fransaya gətirildi və Paris Təbiət Tarixi Muzeyində sərgiləndi. Fransız müstəmləkəçiliyinin bu barbarlığı 2014-cü iliə qədər davam etdi. 2014-cü ilin sentyabrında iki üsyançının başı gizli şəkildə Yeni Kaledoniyaya aparıldı.

Digər etiraz dalğası isə 1917-ci ildə başladı. Ancaq yenə eyni amansız aqibətlə üzləşdi.

Rusiyalı siyasi şərhçi Anton Beredixin deyir ki, sözsüz ki, rəsmi Paris keçmiş koloniyalarına münasibətdə aşırı diskriminasiya siyasəti yürüdür. Vaxtilə Fransa hakimiyyətinə tabe etdirilən xalqlar bu gün çox çətin vəziyyətdədirlər.

Fransa Yeni Kaledoniya, Fransız Qvianası və digər müstəmləkələrin bütün resurslarını maksimum tükəndirməyə fokuslanıb. Məhz buna görə də müxtəlif ölkələr bundan istifadə edib fransızlarla, Qərblə, onlardan gələn "dəyərlər"lə mübarizədə həmin ölkələri dəstəkləyirlər. Məhz bununla əlaqədar olaraq Azərbaycanın Yeni Kaledoniya, Yer kürəsinin digər əraziləri ilə bağlı irəli sürdüyü birgə hərəkət etmək formatı ortaya çıxır. Çünki sülh, anlaşma, milli dəyərlərin reallaşdırılamsı siyasəti hər şeydən öndə gəlir. Nə vaxt ki, bu və ya digər xalq, ölkə, dövlət deyir ki, o, ədalət uğrunda, kalonializmə qarşı mübarizə aparmaq istəyir, o zaman bu xalqarı və ölkələri dəstəkləmək lazımdır”.

2023-cü ildə regionun ixrac həcmi təxminən 2,17 milyard dollar təşkil edib ki, bunun da təxminən 2,05 milyardı nikelin payına düşür.

Ancaq bölgənin potensialına, iqtisadi gücünə baxmayaraq, beynəlxalq ekspertlər kanakların həyat səviyyəsinin hələ də son dərəcə yoxsul olduğuna diqqət çəkirlar. Hazırda kanakların 32,5 faizinin yoxsulluq içində yaşadığı vurğulanır. Bu göstərici isə yerli olmayanların yoxsulluq səviyyəsindən üç dəfə yüksəkdir.

Fransanın tətbiq etdiyi ayrı-seçkilik, aşağı səviyyəli təhsil, səhiyyə xidmətləri və iqtisadi bərabərsizlik yerli sakinlərin adaları tərk edib başqa ölkələrə üz tutmaları ilə nəticələnir. Yeni Kaledoniya Sənaye və Ticarət Palatasının məlumatlarına görə, 6 min yerli sakin dərinləşən siyasi qeyri-müəyyənlik və iqtisadi tənəzzül səbəbiylə cari ilin əvvəlindən bəri Yeni Kaledoniyanı tərk edib. İlin ikinci yarısından isə bu rəqəmlər iki dəfə artıb.

Rusiyalı siyasi şərhçi Vitali Arkov deyirt ki, təqvimdə 21-ci əsrdir, dünya xəritəsində isə koloniyalar qalmaqda davam edir, neokoloniyalar yaranır:

"Avropanın mərkəzində yerləşən dövlət isə müstəmləkə siyasətini davam etdirir. Mən Fransanı nəzərdə tuturam. Baxmayaraq ki, Fransa hakimiyyəti özünü demokratiya carçısı hesab edir, söz və digər azadlıqlara sadiq olduğunu bəyan edir. Reallıqda isə onun əsarəti altında yaşayan xalqlar var. Əlbəttə, söhbət ilk növbədə Fransadan, Parisdən uzaqda, Sakit okeanda yaşayan Yeni Kaledoniya xalqından gedir. Fransa ona öz müqəddəratını təyin etmək, dövlət müstəqilliyini elan etmək imkanı tanımır. Yeni Kaledoniyanın Parisin əsarətindən qurtulub suverenlik qazanmaq yönündə bütün cəhdlərinin qarşısı qəddarlıqla alınır, hətta demək olar ki, o, ağır cəzalandırılır.

Fransa rəhbərliyi, özünü "sülh göyərçini, xalqlara azadlıq, sərbəstlik gətirən insan" adlandıran Emmanuel Makronun vaxtında bunu daha açıq şəkildə nümayiş etdirir. Prinsipcə bu, təkcə Yeni Kaledoniyaya münasibətdə belə deyil. Biz Mərkəzi Afrikaya aid belə misalları çox bilirik. Mərkəzi Afrika dövlətləri formal cəhətdən, de-yuri olaraq Fransanın koloniyası hesab olunmurlar, amma de-fakto onlar koloniya olaraq qalırlar. Fransa hakimiyyəti, burjaziyası və oliqarxları həmin ölkələrin faydalı qazıntılarını talan edirlər. Və bu ölkələrin yalnız təbii sərvətlərini deyil, əhalisini də istismar edirlər. Onlar yoxsulluq içərisində yaşamağa məhkum ediliblər. Fransa isə onların hesabına zənginləşməyə davam edir. Yeri gəlmişkən, hazırda Fransa neokolonializminin parlaq nümunəsini biz təəssüf ki, Cənubi Qafqazda da müşahidə edirik. Fransa faktiki olaraq Ermənistanı yeni koloniyasına çevirib”.

Yeni Kaledoniyada 1976-ci ildən 1988-ci ilə qədərki dövr iğtişaşlar və zorakılıqlarla yadda qaldı. 1984-cü ildə kanaklar hətta müvəqqəti hökumət qurdular. Həmin vaxt Fransada hakimiyyətdə olan sosialistlər onlarla görüşüb maraqlarını və torpaq iddialarını nəzərə alaraq suverenlik təklif etdilər. Lakin 1986-cı ilin martında Fransada hakimiyyətə gələn sağ mərkəzçi hökumət razılaşmanı pozdu. Bu isə vəziyyətin gərginləşməsinə, atışmalara və insanların girov götürülməsinə səbəb oldu.

1988-ci ildə vəziyyəti sabitləşdirən Matinyon sazişi imzalandı və Yeni Kaledoniyaya xüsusi status verildi. Bunun müqabilində kanaklar 10 il müddətinə Fransadan ayrılmaq tələbindən imtina etdilər.

Göstərilən müddət başa çatdıqdan sonra - 1998-ci ildə Numea müqaviləsi imzalandı. Bu sazişdə arxipelaqda həyatın bütün sahələrinə tam nəzarətin tədricən yerli hökumətə verilməsi nəzərdə tuturdu. Lakin müdafiə, məhkəmə, daxili təhlükəsizlik və valyuta məsələləri Parisin yurisdiksiyasında qaldı. Numea müqaviləsi Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı referendumun keçirilməsini də nəzərdə tuturdu. Ancaq referendumun keçirilməsi uzun müddət təxirə salındı.

Saziş imzalandıqdan düz 19 il sonra - 2017-ci ildə Paris plebisitin keçirilməsini təsdiqlədi. Referendum 2018-ci ilin noyabrında keçirildi, lakin Fransanın təzyiqləri nəticəsində ada sakinlərinin 57 faizi “Yeni Kaledoniyanın tam suverenlik qazanması və müstəqil olmasını istəyirsinizmi” sualına mənfi cavab verdi. Seçicilərin 40 faizdən bir qədər çoxu müstəqilliyin lehinə səs verdi.

Bununla belə, Numea sazişi ikinci referendumun keçirilməsini də nəzərdə tuturdu. Bu referendum 2020-ci ildə keçirildi. Və yenə də guya əhalinin əksəriyyəti Fransa protektoratı altında qalmağı "seçdi".

Numea razılaşmasının icazə verdiyi sonuncu - üçüncü referendum 2021-ci ildə baş tutdu. COVID-19 epidemiyası səbəbindən bir çox ada sakini səsverməni boykot etdi. Seçici fəallığı cəmi 43,9 faiz oldu. Buna baxmayaraq, nəticə tanındı.

Ancaq əksər ekspertlər hesab edirlər ki, referendumun pandemiya dövrünə salınması məqsədyönlü idi: Seçici fəallığı aşağı olsun və Fransa öz məqsədinə çatsın. Belə də oldu. Fransa dırnaqarası fantastik nəticə əldə etdi: guya 96 faiz müstəqilliyin əlyehinə səs verdi. Ancaq cəmi bir neçə il əvvəl əhalinin təqribən yarısı müstəqilliyə səs vermişdi. Bu, hələ Fransanın rəsmən etiraf etdiyi rəqəm idi. Real müstəqillik tərəfdarları bundan qat-qat çox idilər.
Əgər belə olmasaydı, Yeni Kaledoniayada müstəqillik uğrunda mübarizəni bitmiş saymaq olardı. Son dövrlər baş verənlər isə bunun tam əksini göstərir: kanaklar müstəqillik əldə etməkdə israrlıdırlar.

Bu il mayın ortalarında Fransa parlamenti Yeni Kaledoniyada seçki sistemini dəyişdirəcək qanun layihəsinə baxmalı idi. Hazırda burada yalnız 1998-ci il Numea müqaviləsi zamanı seçicilər siyahısına daxil edilmiş vətəndaşlar və onların uşaqları səsvermə hüququna malikdir. Dəyişikliklər edildikdən sonra isə səsvermə hüququ Yeni Kaledoniyada 10 ildən artıq yaşayan bütün şəxslərə, o cümlədən fransızlara verilməli idi.

Fransanın bu planı təbii ki, narazılığa səbəb oldu. Yerli liderlər dəyişikliklərin müstəqillik hərəkatında əsas qüvvə olan yerli kanakların səs payını azaltmağa yönəldiyi barədə həyəcan təbili çaldılar. Kanaklar deyirlər ki, yeni gələnlərə də seçki hüququ verilsə, ərazi tamamilə fransızlaşacaq və onların müstəqillik arzusu birdəfəlik məhv ediləcək.

Mayın 13-də paytaxt Numeada iğtişaşlar başladı. Nümayişçilər avtomobilləri, yanacaqdoldurma məntəqələrini yandırdılar, yolları bağladılar. Polislə toqquşmalar baş verdi.

Şəhərdə komendant saatı elan etdirdi. Beynəlxalq hava limanı bağlandı, məktəblərdə dərslər ləğv edildi. Mayın 14-də isə Fransa parlamenti Yeni Kaledoniyada 10 ildən artıq yaşayan bütün şəxslərə səs hüquq verilməsi ilə bağlı dəyişikliyi qəbul etdi. Bu etirazların daha da artmasına səbəb oldu. 11 nəfər həyatını itirdi, 370-dən çox insan həbs edildi.

Beləliklə, 200 ilə yaxındır ki, Kanak xalqı əsarət altındadır, müəyyən ərazilərdə yaşamağa məcbur edilir və Fransa aparteidi çərçivəsində ayrı-seçkiliyə məruz qalır. Fransa 1967-ci ildə olduğu kimi, bu gün də kanak milli-azadlıq hərəkatının liderləri ilə qəddar davranır: onlara müxtlif təzyiqlər göstərir, həbsə atır, hətta fiziki cəhətdən məhv edir.

Bəs Fransa Yeni Kaledoniyanı niyə əldən vermək istəmir?

Türkiyəli siyasi şərhçi İsmayıl Cingöz bildirib ki, Yeni Kaledoniyada keçirilən bütün müstəqillik referendumlarında ayrılma tərəfdarları fransızların taktiki oyunları ucbatından uduzublar. Xüsusilə 2021-2022 referendumlarında guya yerli xalqın böyük səs çoxluğu ilə Fransaya sadiq qalmağa səs verdiyi beynəlxalq ictimaiyyətə açıqlanıb:

"Lakin Yeni Kaledoniyanın Fransa müstəmləkəsində qalmasının əleyhdarları, xüsusən də kanaklar fransızların qanunsuzluğunu dilə gətirmək üçün əllərindən gələni etdilər. Onu da qeyd edək ki, son referendumda iştirak minimum səviyyədə olub".

Yeni Kaledoniyanın strateji əhəmiyyətinə gəlincə İ.Cingöz bildirib ki, ada Çin-ABŞ mübarizəsinin getdiyi Sakit okean regionunun mərkəzində yerləşir və Fransa burada öz mövqeyini möhkəmləndirməyə çalışır. Başqa bir məsələ isə odur ki, Yeni Kaledoniya dünya nikel istehsalına görə 3-cü yerdədir.
Dünya nikel istehsalı və ehtiyatlarının 10%-dən çoxuna malik olan Yeni Kaledoniya qanunun tələb etdiyi kimi, nikel və digər yeraltı sərvətləri öz təşəbbüsü ilə beynəlxalq bazara çıxara bilər. Yeni Kaledoniyanın ən mühüm müştərilərindən biri də Çindir. Çinin nikel ehtiyacını qarşılamağa çalışan Yeni Kaledoniya Fransanın reaksiyaları ilə qarşılaşır və Makronun hakimiyyəti aticarətin qarşısını almaq üçün əlindən gələni edir. Yeni Kaledoniyaya kredit açaraq nikelin Çinə çatmasının qarşısını almağa çalışır. Makron administrasiyası Çinə nikel kimi strateji əhəmiyyətli yeraltı sərvətləri verməmək və Fransanın müstəmləkə hakimiyyəti altında qalmasını təmin etmək üçün Yeni Kaledoniyada qeyri-qanuni fəaliyyət və siyasət həyata keçirir".

Bəli, Yeni Kaledoniyanın iki əsrdir əsarətdə saxlanılmasının əsas səbəbləri həm yeraltı sərvətləri, həm də strateji baxımdan Fransaya verdiyi üstünlükdür. Bir məqama diqqət yetirək: Fransanın xaricdəki müstəmləkə əraziləri 120 min 369 km2-dir. Bu ərazilərdə 2,2 milyondan çox insan yaşayır. Bu Fransanın quru ərazisinin 17,9 faizini, əhalisinin isə 4 faizini təşkil edir. Fransanın Qərbi Hind Adaları Parisdən 6 min 800 km, Fransız Polineziyası 16 min km və Yeni Kaledoniya 17 min km məsafədədir.

Bu, Fransaya 11 milyon km2-dən çox Müstəsna İqtisadi Zonaya malik olmağa imkan verir ki, bu da ABŞ-dan sonra dünyada ikinci ən böyük region deməkdir.

Üstəlik Hind-Sakit okean regionu qlobal iqtisadi inkişafın mərkəzinə çevrilir və burada Fransanın hərbi bazaları yerləşir. Yeni Kaledoniyanın müstəqillik əldə etməsi fransızların həm də bu nəhəng ərazini və hərbi bazaları itirməsi deməkdir.

Bu səbəbdən, Makron və komandası yerli əhalinin maraqlarını nəzərə almır və onların hüquqlarını pozan qanun layihələri qəbul edir.

Mütəxəssislər hesab edirlər ki, Fransa lideri Makron məhz buna görə Yeni Kaledoniyada istənilən etirazı, bütövlükdə müstəqillik uğrunda hərəkatı qan içində boğmağa qərarlıdır!

Halbuki Birləşmiş Millətlər Təşkilatı hələ ötən əsrin 60-ci illərində Fransanın Yeni Kaledoniyanı müstəmləkədən azad etməsi, kanak xalqının öz müqəddəratını təyinetmə hüququnu tanımasına dair qərarlar qəbul edib. Qurum, eləcə də beynəlxalq insan haqları təşkilatları bu gün kanakların siyasi repressiyalara məruz qaldığını etiraf edir, bunu dair faktları açıqlayır və kanak xalqının müstəqillik mübarizəsini dəstəkləyirlər.


Başlanğıcda Sartrdan "neokolonializm"lə bağlı sitat gətirmişdik. Fransız filosofun azadlığa aid maraqlı bir deyimi də var: "İnsan azadlığa məhkumdur". Sartrın bu fikrini eynilə müstəqillik uğurunda mübarizə aparan xalqlara, eləcə də kanaklara aid edə bilərik: Fransa nə etsə də, kanaklar azadlığa məhkumdur. O gün gələcək... Çünki kolonializm kimi, neokolonilaizm dövrü də bitməkdədir!



Zahid, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar