Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:21 / 29 İyul 2024

Qərbi azərbaycanlıların kompensasiya tələb etmək hüququ - Layihə

795
2022-ci il avqustun 3-də adı dəyişdirilərək yaradılan “Qərbi Azərbaycan İcması” “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ilə görüşən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında qeyd etdi ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana böyük coşqu və həvəslə qayıdacaqlar və orada yaşayacaqlar. Cənab Prezidentin bu arzusunun yaxın gələcəkdə reallaşacağına heç kəsdə şübhə yoxdur.

Prezidenti İlham Əliyev 2024-cü ilin iyul ayında Şuşada 2-ci Qlobal Media Forumunda etdiyi çıxışında Qərbi Azərbaycan mövzusunu müfəssəl şəkildə təqdim etdi və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna birmənalı dəstək verdi.

Prezidentin vurğuladı ki, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır. Xatırladaq ki, Rusiya İmperiyasında 1897-ci ildə aparılmış əhalinin ümumi siyahıyaalınmasının nəticələrinə görə, azərbaycanlılar indiki Ermənistan ərazisində çoxluq təşkil edirdilər. Həmin dövrdə Cənubi Qafqazdakı azərbaycanlı əhalinin 25 faizi, o cümlədən, onların qeydiyyata alınmış məscidlərinin 30 faizi məhz indiki Ermənistan ərazisində idi. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb, onların 300-ə yaxın məscidi, çoxsaylı qəbiristanlıqları və digər mədəni abidələri yer üzündən silinib. Ermənistanda azərbaycanlılara məxsus yaşayış məskənlərinin 90 faizi tərk edilmiş və dağıdılmış vəziyyətdədir.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, Qərbi azərbaycanlılar deportasiyanın bütün əzab-əziyyətlərini yaşayıblar. Onlar öz evlərini qətliam, qorxu mühitinin yaradılması və dövlət orqanlarının zor tətbiq etməsi nəticəsində tərk etməli olublar. Xaricdən ermənilərin gətirilməsi üçün 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiya edilməsi və onların çoxunun fərqli iqlim şərtlərinə dözməyib həlak olması Qərbi azərbaycanlıların taleyinin faciəvi səhifələrindən biridir.

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu sübut edəcək çoxlu sayda tarixi sənədlər və xəritələr mövcuddur. Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da tarixi və mədəni irsimizi silməklə məşğul olan ermənilər soydaşlarımızı deportasiya etdilər, abidələrimizi dağıtdılar. Bütün tarixi mənbələr sübut edir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır və indiki Ermənistan ərazisində tarix boyu məhz Azərbaycan xalqı yaşayıb. Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas prioritet istiqamətlərindən biri də məhz Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır. Cənab Prezident ziyalılarla görüşdə Azərbaycan torpaqlarının, şəhər və kəndlərimizin mərhələ-mərhələ Ermənistana necə verildiyini tarixi faktlarla diqqət mərkəzinə çəkmiş və bu baxımdan xalqımızın XX əsrdə çox böyük faciələr yaşadığını qeyd etmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin özünün ilk qərarlarından biri ilə tarixi Azərbaycan şəhəri olan İrəvanı Ermənistana faktiki olaraq bağışlaması, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə digər tarixi torpağımız Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi, 1948-1953-cü illərdə xalqımızın növbəti dəfə Qərbi Azərbaycandan, öz tarixi dədə-baba torpaqlarından deportasiya olunması Azərbaycanın başına gələn ən ağər milli müsibətlərdəndir.

1988-ci ildə Sovet hökumətinin dəstəyi ilə erməni millətçiləri sonuncu azərbaycanlıları tarixi torpaqları olan Qərbi Azərbaycandan tamamilə qovdular. Bundan sonra baş vermiş Qarabağın və Şərqi Zəngəzurun işğalı isə növbəti faciəmiz oldu. Əslində Qarabağda başlayan müharibə Ermənistanda soydaşlarımızın deportasiyasının davamı idi. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə İrəvanı ermənilərə verməklə onların növbəti iddialarına, işğalçılıq siyasətlərinin gerçəkləşməsinə şərait yaratdı. İrəvandan sonra Qərbi Zəngəzura sahiblənən ermənilərin iştahları getdikcə daha da artırdı. Onlar Xəzərə qədər olan ərazilərə iddialı idilər. 30 il torpaqlarımızı işğal altında saxlayan erməni silahlıları heç ağıllarına belə gətirə bilməzdilər ki, Azərbaycan Ordusu, xalqı onlardan qisasını alacaq. Öz Ali Baş Komandanının ətrafında sıx birləşən xalqımız 2020-ci ildə Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Lakin Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın öz tarixi torpaqlarına qayıdışı hələ təmin edilməyib. Deməli, tarixi ədalətin tam bərpa olunmasından danışmaq hələ tezdir. Məhz buna görə də möhtərəm Prezidentimiz İlham Əliyev Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsinin çox önəmli olduğunu bildirdi.

Artıq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırdı. İcma çox aktiv şəkildə fəaliyyət göstərir. Azərbaycan bu gün bütün imkanlarını səfərbər edərək Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə olduğu kimi çatdırır. Bizim tələbimiz, istəyimiz bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdan irəli gəlir. Qərbi azərbaycanlıların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Azərbaycan dövlət səviyyəsində Ermənistandan vurulan zərərə görə kompensasiya tələb edir. Soydaşlarımız indiki Ermənistan ərazisində yüz illərlə yaşayıb, öz əmlakları, işləri olub. 36 ildir ki, onlar yurdlarından zorən uzaq düşüblər, gəlirlərindən məhrum olublar. Soydaşlarımıza dəymiş bütün zərərlər hesablanmalı və Ermənistan dövlətindən tələb edilməlidir. Çünki azərbaycanlılar oradan zor gücünə çıxarılıb, etnik təmizləməyə məruz qalıblar.

Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran əsas məsələ Qərbi Azərbaycana qayıdış məsələləridir. Bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur. Amma Qərbi azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmalıdırlar və Azərbaycan Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu məqsədə mütləq nail olacağıq.

Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərin mətbuatda işıqlandırılması və sərginin təşkili” layihəsi çərçivəsində hazırlanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar