İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində son 24 saat ərzində 50-yə yaxın fələstinli ölüb, 75-i yaralanıb.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi bildirib.
"Son 24 saat ərzində İsrail ordusunun hücumları nəticəsində 48 nəfər ölüb, 75 nəfər yaralanıb", - deyə nazirliyin Telegram kanalında dərc olunan xülasədə deyilir.
Səhiyyə Nazirliyi bildirib ki, 2023-cü ilin oktyabr ayından Qəzzada 45 854 nəfər həlak olub, 109 139 nəfər yaralanıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi-siyasi strukturunu məhv etmək və girovları azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb. Qəzza zolağında döyüşlər bu günə qədər davam edir.
Zaur, BakuPost