Ali təhsildə inkişaf tədricən baş verir. Qısa müddətdə radikal dəyişikliklər gözləmək real deyil.
Bakupost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.
Nazir bildirib ki, illik irəliləyiş təmin olunarsa, 10-20 il ərzində Azərbaycan ali təhsili dünya miqyasında daha yüksək mövqelərdə ola bilər: “Əgər hər hansı bir sürətli və effektiv həll yolu varsa, bu fikirlərin dinlənilməsi üçün açıq platformalar yaradılmalıdır. Hər il əvvəlki ildən daha yaxşı nəticələr əldə etməyə çalışmaq lazımdır. Hədəflər gerçək olmalı, resurslarla və vaxtla uyğunlaşdırılmalıdır. Başqa ölkələrin uğurlu təcrübələrindən istifadə edərək lokal həll yolları hazırlanmalıdır. Dövlət qurumları, universitetlər və elmi müəssisələr arasında daha sıx əməkdaşlıq təmin olunmalıdır. Bu yanaşma Azərbaycan ali təhsil sistemini tədricən inkişaf etdirərək beynəlxalq standartlara çatdırmaq üçün əsaslı bir plan təqdim edir”.