Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın təşəbbüsü ilə şair Qulu Ağsəsin "Ata" şeiri səhnələşdirilib və klip hazırlanıb.
Bakupost.az xəbər verir ki, şeiri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı aktyoru, Əməkdar artisti Elşən Rüstəmov səsləndirib.
Ata rolunu Gənc Tamaşaçılar Teatrının aktyoru, Prezident təqaüdçüsü Kərəm Hadızadə canlandırıb.
Atam
bu dünyada
o dünyanın
cəhənnəm əzabını çəkib,
Qırx bir-qırx beşdə
faşistlərlə döyüşüb Kerçdə -
atəş kəsiləndə,
ya da siqaret fasiləsində
Gülablıda odun doğrayıb,
axura ot töküb...
Üzünü xatırlamıram deyə,
hərdən elə bilirəm,
məni öləndən sonra əkib...
Bir tikə çörəyin dərdindən
gecə yatmayıb,
gündüz yatmayıb,
tabutdan başqa heç yerdə
ayaqlarını oxxaynan uzatmayıb...
Şəkli də qalmayıb
darıxanda köksümə sıxım,
bütün ömrü dincəlsəm də doymuram -
atamın yorğunluğu
mənim canımdan çıxır...