Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən partlayışın bəzi detalları üzə çıxıb.
Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ilkin araşdırmalarla F1 markalı qəlpəli əl qumbarasının 42 yaşlı Bəhruz Quliyevin əlində partladığı məlum olub.
Belə ki, B.Quliyevin yaşadığı evdə qonaq olan bacısı oğlu Murad Məmmədli Qazantəpə adlanan ərazidən tapdığı partlayıcını evə gətirib və dayısına verib. Bəhruz təcrübəsizlik edərək qumbaranın üzərindəki alışdırıcını çıxarıb və bir neçə saniyə sonra evdə partlayış baş verib.
Nəticədə B. Quliyevlə yanaşı, atası - ev sahibi Şamil Quliyev, qızı Fatimə Quliyeva, eləcə də bacısı oğlanları Məmmədli Məhəmməd və Məmmədli Murad həlak olublar.
Qeyd edək ki, hadisə bu gün saat 11:30 radələrində baş verib. Partlayış nəticəsində xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.