Aqşin Yenisey
Vəhy sözlə deyil, səslə gəlib. Çox güman Məhəmməd də ayələri avazla oxuyub və müsəlmanlara da avazla oxumağı tapşırıb.
Müsəlman Quran oxuyanda tanrının səsini yamsıladığını zənn edir. Quran, bir növ, səsli kitabdır. Oxunması üçün deyil, eşidilməsi üçündür.
Oxuyanlar, adətən, ondan uzaqlaşırlar. İstənilən gözəl mahnının mətnini sözə çevirib oxuyanda baş verən hadisə baş verir Quran oxucusunda.
Qurana tapınmaq istəyənlər onu oxumamalıdırlar, dinləməlidirlər, eşitməlidirlər.
Xristinalar İncili oxudular və kitab adiləşdi. İlahi sehrini itirdi.
Müsəlmanlara Quranı oxumağı məsləhət görənlər islama necə böyük bir zərbə vurduqlarının ya fərqindədirlər, ya da fərqində deyillər.
Ədəbiyyat tarixində də vəziyyət belədir; ədəbi ömrü parlaq olan şairlər şeri sözlə deyil, səslə yazan şairlərdir. Hər şairdən bizə qalan şeirlər səsini eşidə bildiyimiz şeirlərdir. Məsələn, Səməd Vurğun başdan-ayağa səsdir, amma Əli Kərim sözdür. Ona görə Əli Kərim şairlərin şairidir, Səməd Vurğun xalqın.
Mədəniyyətin ilahi mənşəyinə inanmadığım üçün mənə görə vəhy də, ilham da şüurun səsidir, kortəbiidir, çünki sözdən daha qədim olanı ifadə edir. Şeirin şairdə eşidilən kortəbii səsi daha ecazkardır. Sözə çevrilən o səsin cüzi hissədir, hər şairə görə qradusu dəyişir.
Şeir ağıl yox, şüur hadisəsidir. Şüur kosmik təbiətlidir, ağıl onun törəməsidir. Şüur kəşf, ağıl ixtira edir. Şüur fəzadı, ağıl planet. Şuür genişlənir, yayılır, ağıl odaklanır, sərrastlaşır.
Quran da şüur kitabıdır, dinləyicisini fəzalaşdırır, oxucusunu balacalaşdırır.
Ərəblərə gəlincə, ərəblər Qurandan əvvəl də kitab oxumağı ölülər aləmiylə ünsiyyət kimi anlayırdılar. Şüurda var olan, amma ağla sığmayan bir aləmlə. Qədim kitabxanaları araşdıran Vestfoll Tompson yazır ki, islama qədərki ərəblər arasında kitab oxuya bilən adama nadir halda rast gəlinirdi. Və ərəblər kitab oxuyan adamın ölülərlə danışdığını zənn edirdilər.
Kitab oxumaq sehrli aləmlə ünsiyyətin baş tutduğu mistik bir ayin kimi gerçəkləşirdi ərəblər arasında. Ərəblərin yüzillər boyunca yaşatdıqları bu sehrli ayin islamdan sonra Qurana da tətbiq olundu.
Bu gün ölülərə Quran oxunması islamdan çox-çox əvvəlki ərəb adətidir. Quran yazılan zaman onun yerinə həndəsə kitabını da oxusaydın, ərəblər onu mistikləşdirəcəkdilər.