"Qarabağ"ın ba məşqçisi Qurban Qurbanovla komandanın müdafiəçisi, Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə arasında münasibətlər korlanıb.
Bakupost.az bildirir ki, bu barədə “Report”a etibarlı mənbədən məlumat verilib.
Mütəxəssis Misli Premyer Liqasının XXXII turunda, “Qarabağ”ın çempionluğu rəsmiləşdirdiyi “Sabah”la matçdan sonra paltardəyişmə otağında futbolçularla bir-bir görüşsə də, Bəhlul Mustafazadəyə əl uzatmayıb.
Mənbənin məlumatına görə, buna səbəb son vaxtlar Qurbanovla milli üzvü arasında yaranan soyuq münasibətdir. Baş məşqçinin müdafiəçiyə münasibətinin dəyişməsi ötən gün klubun sosial şəbəkə hesablarında paltardəyişmə otağından yayımlanan videoda da açıq şəkildə görünür.
Ümumiyyətlə, Qurban Qurbanov Mustafazadəni “Sabah”la matçda meydana da buraxmayıb. Milli üzvünün adı matçın iştirak ərizəsinə salınsa da, sonadək ehtiyat oyunçular skamyasında oturub.
Qeyd edək ki, Ağdam təmsilçisi ötən gün baş tutan matçda “Sabah”la heç-heçə edib - 1:1. Bununla da komanda 11-ci çempionluğunu rəsmiləşdirib.