Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:43 / 26 Aprel 2024

Razılaşmalar Zəngəzur dəhlizinin açılmasına stimul yaradır - TƏHLİL

14410
Xəbər verdiyimiz kimi, Azərbaycanla Ermənistan sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. Aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.




Bu artıq o deməkdir ki, delimitasiya üzrə konkret anlaşmalar icra olunur və iki ölkə arasındakı münasibətlər normallaşmaya doğru gedir. Bu mənada bunu sülhə doğru mühüm addım kimi dəyərləndirmək olar.

Delimitasiya və demarkasiya prosesinin praktik olaraq başlanması sülh sazişinə ümidləri artırıb. Prezident İlham Əliyev də sülhlə bağlı nikbin danışıb:

“Biz məsələnin həllinə, sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik".

Həmin vaxt hətta “Madrid prinsipləri” üzrə razılığa gəlinmədiyini xatırladan dövlət başçısı bildirib ki, o zaman sülh sazişinin layihəsi belə yox idi:

"İndi isə o, artıq mövcuddur. İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır".

Sərhədlərin dəqiqləşməsi prosesində Qazaxın işğalda olan 7 kəndindən 4 eksklav olmayan kənd Azərbaycana qaytarılır.




Kəndlərlə bağlı məsələyə münasibətində Prezident İlham Əliyev bildirib ki, rəsmi Bakı İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırıb:

“Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq. Eksklavlar məsələsi başqadır, çünki o daha mürəkkəbdir. Həmin ekskavlar digər ölkənin əhatəsində olan ərazidə yerləşir. Ona görə onlar delimitasiya prosesində həll olunmalıdır”.



Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Qazaxın 4 kəndinin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın bərpası istiqamətində atılan mühüm tarixi addımdır:

“Sözügedən 4 kənd strateji əhəmiyyət kəsb edir. Ermənistanın Gürcüstana, oradan da regiona və dünyaya çıxışı Qazaxın həmin kəndlərinin yaxınlığından keçir. Ona görə də bu 4 kəndin azad olunması vacib idi. Hesab edirəm ki, delimitasiya və demarkasiya prosesi bundan sonra da davam etdiriləcək. Azərbaycanın digər 4 kəndini azad etmək niyyəti də qətidir”.




Politoloq Fuad Çıraqov deyir ki, Qazaxın işğalda olan 4 kəndinin qaytarılması barədə razılaşma ötən il dekabrın 7-dəki ikitərəfli razılaşmadan sonra ikinci haldır:

“Hesab edirəm ki, bu, ikitərəfli münasibətlərdə çox mühüm addımdır. Kəndlərin qaytarılması barədə razılaşma tərəflərin birbaşa danışıqlarının nəticəsidir. Burada nə Qərb, nə Rusiya iştirak etdi. Əslində rəsmi Bakının istədiyi danışıqlar forması da məhz budur. Biz görürük ki, bu format özünü doğruldur, ikitərəfli danışıqlar müsbət nəticələr verir”.

Politoloqun sözlərinə görə, Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılandan, sərhəd dirəyi basdırılandan sonra Ermənistana qarşı az da olsa, etimad yaranıb:

"Bu etimadı daha da möhkəmləndirmək üçün addımlar atılmalıdır. Məsələn, eksklavlar məsələsini həll etmək üçün danışıqlar aparmaq, gələcəkdə razılaşdırmaq mümkündür. Bu məsələlər zamanla həllini tapacaq. Etimad yaranandan sonra bunu danışmaq çətin deyil".


Politoloq Rasim Musabəyovun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başlayıb:

"Artıq ilk sərhəd dirəyi basdırılıb. Bu Azərbaycanla Ermənistan arasında sülh müstəvisində atılan addımların möhkəmlənməsinə xidmət edir. Bütün bunlar Azərbaycanla Ermənistanın sülhün bir addımlığında olmasına bir işarədir”.




Siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyinin quraşdırılması faktiki olaraq delimitasiya prosesinin başlanması və ortaq rəyin formalaşmasıdır:

“Delimitasiya prosesi uzunmüddətli prosesdir və dövlət sərhədinin müəyyən hissəsi razılaşdırıldıqdan sonra artıq demarkasiya prosesi həyata keçirilib. Bu da zaman alan prosesdir. Lakin biz indiki şəraitdə intensiv bir prosesin həyata keçirildiyinin şahidi oluruq. Ekspert qruplarının daimi təmasda olması və işçi qruplarının fəaliyyəti də delimitasiya prosesinin sürətli şəkildə həyata keçirilməsi üçün vacib faktorlardan biridir. Anklavlarla bağlı məqamların da protokolda yer alması Azərbaycanın uğuru hesab oluna bilər”.

E.Mirzəbəyli vurğulayıb ki, indiki şəraitdə ən çətin və mürəkkəb bir bölgədə ekspert qrupları tərəfindən demarkasiya işlərinin həyata keçirilməsi vacibdir. Bu işçi qrupları arasında etimad mühitinin formalaşmasına zəmin yarada bilər. Qısa zaman kəsiyində bütün Azərbaycan Ermənistan sərhəddinin dəqiqləşdirilməsi ilə bağlı təsəvvürlərə qapılmaq doğru deyil:

“Proses həqiqətən də çox uzun bir prosesdir. Azərbaycanla Gürcüstan arasında dost münasibətlərinin olmasına baxmayaraq, hələ də sərhədlərin delmitasiyası prosesi tam başa çatmayıb. Bu ölkə ilə sərhədlərin delimitasiya və demarkasiyası son 30 ildə təxminən 70 faiz həyata keçirilib. Delimitasiya prosesinin hər məlhələsindən sonra tərəflər arasında protokollar təsdiqlənir və bu beynəlxalq sənəd statusu daşıyır. Bütün bu proseslər başa çatdıqdan sonda nəticəyə uyğun olaraq dövlətlər arasında yekun protokol imzalanır. Bu da bütün sərhədlərin dəqiqləşdirilməsi anlamına gəlir”.




Politoloq Zərdüşt Əlizadə qeyd edib ki, anklav olmayan 4 kəndin Azərbaycana təhvil verilməsi, ilk sərhəd dirəyinin quraşdırılması,güc tətbiq olunmadan tərəflərin hansısa bir məsələdə razılığa gəlməsi yaxşı əlamətdir:

“Artıq qan tökmədən razılaşmanın əldə olması təbii ki, müsbət hadisədir. Bu cür addımlarla tərəflər sülh razılaşmasına da yaxınlaşır. Azərbaycanla Ermənistan arasında aparılan intensiv danışıqlar Zəngəzur dəhlizinin açılması üçün müəyyən stimul verir. Bu mövzu heç də gündəlikdən kənar deyil. Əldə edilən digər razılaşmaların bu prosesə təsiri böyükdür. Ona görə də yaxın bir ildə Zəngəzur dəhlizinin açılması istiqamətində müsbət nəticələrin olacağı proqnozlaşdırılır”.

Sevinc,
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar