Ru
12:28 / 23 Sentyabr 2024

ReAL-ın yeni sədrindən İLK AÇIQLAMA

1264
Xəbər verdiyimiz kimi, Natiq Cəfərli Respublikaçı Alternativ Partiyasının (ReAL) yeni sədri seçilib.

N.Cəfərli bununla bağlı Bakupost.az –a açıqlama verib.


Onun sözlərinə görə, REAl partiyasında sədr olmaq həm asan, həm çətindir:

“Asandır, ona görə ki, bizdə əsas qərarverici orqan Siyasi Komitədır. Yəni, kollektiv idarəetmə . Siyasi Komitənin 8 üzvü birbaşa idarəetmədə iştirak edir. Sədr isə onların qəbul etdiyi qərarların yerinə yetirilməsinə məsuldur. Bu mənada kollektiv qərarların verilməsi sədrliyi asanlaşdıran amildir. Çətindir, ona görə ki, ümumi siyasətə, seçkilərə marağın az olduğu cəmiyyətdə siyasi partiyanın rəhbəri olaraq fəaliyyət göstərmək çox məsuliyyətlidir, çoxlu vaxt, enerji tələb edir. Çünki cəlbediciliyə, siyasətə, seçkilərə marağın artırılması əsas hədəfdir. Bu da bir partiyadan, sədrdən asılı olan məsələ deyil. Ümumiyyətlə, cəmiyyətdə siyasi proseslərə marağın artırılmasına hamılıqla çalışmalıyıq. ReAL partiyası da bu məsələdə öz töhfəsini verməyə davam edəcək”.

N.Cəfərli keçmiş sədr İlqar Məmmədovun birmənalı qarşılanmayan "publik siyasi fəaliyyətdən gedirəm" açıqlamasında da toxunub:

“Bunu anlamaq çox asandır. Dünəndən bəri bizim ofisdə belə bir zarafat da yaranıb: Xatırlayırsınızsa, bir müddət öncə Təhsil naziri demişdi ki, Azərbaycanda 60 faiz oxuduqlarını başa düşmür. Sən demə, doğrudan da belə bir problemlə qarşılaşmaq mümkün imiş. Çünki publik siyasət o deməkdir ki, hər gün mətbuatda olursan, çıxışlar edir, məqaləlr yazırsan. İlqar Məmmədov da bu məsələlərdən kənarda qalacağını elan edib. Hərçənd, mən bununla razı deyiləm, sədrlikdən getməsini də istəmirdim. Siyasi məsələlərdə, sənədlər, proqramların hazırlanmasında İlqar bəyin ən azı iki onillik təcrübəsi var. Yəni o, Siyasi Komitənin üzvü kimi, partiyanın fəaliyyətində aktiv iştirak edəcək. Amma ictimai çıxışlarını, siyasi proseslərə tövhə verməsini dayandırdığını açıqlayıb. Məsələ, bu qədər sadədir".

PeAL sədri bu gün ilk iclası keçirilən yeni parlamentin tərkibi və ondan gözləntiləri haqda fikirlərini də açıqlayıb:

“Təəssüf ki, parlamentin tərkibində ciddi dəyişiklik olmadı. Biz gözləyirdik ki, keyfiyyət və tərkib dəyişiklikləri ilə bağlı ciddi nəticələrə nail olunacaq. Bu, baş vermədi. Yəqin ki, bundan sonra da əvvəlki parlamentin xəttinin davam etdiriləcəyinin şahidi olacağıq. Halbuki belə olmalı deyildi. İndiki parlamentin ciddi çağırışların öhdəsindən gəlib-gəlməyəcəyini deyə bilmərəm".

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar