Ru
23:17 / 08 Yanvar 2025

"Rəhbərliyə 140 milyon dollar vermişəm" - Naxçıvan gömrüyünün keçmiş sədri - VİDEO

 "Rəhbərliyə 140 milyon dollar vermişəm" - Naxçıvan gömrüyünün keçmiş sədri - VİDEO
2017

Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli gömrükdə rüsum kimi toplanan qeyri-rəsmi ödənişlərin – hər ay 2.5-3 milyon dolların rəhbərliyə çatdırıldığını etiraf edib.

Bakupost.az Azadlıq Radiosuna istinadə xəbər verir ki, bu bilgi gömrük generalının öz ifadəsində əksini tapıb.

Onun dediklərindən belə məlum olur ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova hər il 30 milyon dollardan çox pul çatdırırmış. Generalın sözlərinə görə, toplanan məbləğlər get-gedə artdığından rəhbərliyə çatdırılan pullar da çoxalıb. Məsələn, 2020-ci ildə rəhbərliyə çatdırdığı pulun miqdarı 34 milyon dollar idisə, növbəti il artıq 38 milyon 400 min dollar olub.

2001-ci ildən Naxçıvan MR gömrük sistemində inspektor kimi işə başlayan S.Həbibbəyli 10 il sonra komitə sədrinin müavini təyin edilib. O, 2018-ci ilin noyabrınadək həmin vəzifədə çalışandan sonra sədr vəzifəsini icra etməyə başlayıb. 2019-cu ilin martında isə Naxçıvan MR Ali Məclisinin sədri V.Talıbovun fərmanıyla Dövlət Gömrük Komitəsinin sədri təyin olunub və 2022-ci ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvandakı bir sıra qurumlarda silsilə əməliyyatlar keçirənədək bu vəzifədə işləyib.

"Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur"

DTX əməkdaşlarının Naxçıvanda saxlayıb Bakıya gətirdikləri məmurlar arasında S.Həbibbəylinin də adı çəkilib. Həmin vaxt atası – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəyli də oğlunun saxlanması haqda iddiaları nə təsdiq, nə də təkzib edib.

"Oğlum bilmirəm haradadır, xəbərim yoxdur. Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır", - deputat oğlunun saxlanması haqda sualı belə cavablamışdı.

Bir neçə gün sonra gömrük generalı S.Həbibbəylinin sərbəst buraxıldığı haqda məlumat yayılmışdı.

2022-ci il noyabrın 28-də prezident İlham Əliyev Naxçıvan MR Dövlət Gömrük Komitəsinin ləğvi barədə fərman imzaladı. Fərmana əsasən, onun əvəzinə Naxçıvan Baş Gömrük İdarəsi yaradıldı və bu idarə Dövlət Gömrük Komitəsi strukturuna daxil edildi.

General S.Həbibbəyli ifadəsində 2018-ci ilin noyabrından 2022-ci ilin noyabrınadək komitə sədri işlədiyi dövrdə çatdırdığı pullar barədə bunları deyib: "2018-ci ildə mən sədr təyin olunanda aylıq 2 milyon 500 min dollar olmaqla, ilin sonuna qədər iki aya cəmi 5 milyon dollar çatdırdım. 2019-cu ildə də aylıq 2 milyon 500 min dollardan bir il üçün 30 milyon dollar vermişəm. 2020-ci ildə aylıq 2 milyon 800 min dollar oldu, illik cəmi 34 milyon dollar çatdırmışam. 2021-ci ildə isə aylıq təxminən 3 milyon 200 min dollardan olmaqla, bir il üçün 38 milyon 400 min dollar çatdırmışam. 2022-ci ildə artıq ayda 3 milyon 300 min idi. 10 ay ərzində 33 milyon yığılmışdı. Hamısı da çatdırılıb".

O vurğulayıb ki, rəhbərliyə çatdırılan yüz milyonlarla dolların hamısı qeyri-rəsmi şəkildə toplanan və büdcədən yayındırılan gömrük rüsumlarıydı.

S.Həbibbəyli bu qaydanı özünün müəyyənləşdirmədiyini, hələ sədrin müavini işlədiyi dövrdən belə olduğunu deyir. Sözlərinə görə, komitə sədri təyin ediləndə də çağırıb deyiblər ki, əvvəlki qaydada işləməyə davam edəcəklər: "Komitə sədri təyin olunmağım haqda fərman imzalananda rəhbərlik məni qəbul elədi. Dedi ki, işlər əvvəlki qaydada davam eləməlidir".

S.Həbibbəylinin dediyinə görə, razılaşma belə olub ki, toplanan pullardan hər ay onun özünə 40 min, müavinlərinə isə 10 min manat çatıb.

İki nəfərə şərti cəza verilib

DTX-nın Naxçıvan MR Dövlət Gömrük Komitəsində keçirdiyi əməliyyat nəticəsində gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mansur Əsgərov həbs olunmuşdu. Onunla yanaşı, 2020-ci ilədək M.Əsgərovun vəzifəsində çalışmış, daha sonra muxtar respublikanın maliyyə naziri olan Rəfael Əliyev, Penitensiar Xidmətin rəisi Tofiq Həsənov və başqaları da həbs edilmişdi.

M.Əsgərov və R.Əliyev barəsində həbs-qətimkan tədbiri sonradan dəyişdirilib. Birlikdə mühakimə olunan bu şəxslərin hər ikisinə bugünlərdə hökm oxunub və şərti cəza verilib.

M.Əsgərovla bağlı cinayət işində iddia olunur ki, 2016-2022-ci illərdə Naxçıvanda gömrükdən rüsum kimi büdcəyə ödənilməli toplam 273 milyon manat mənimsənilib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar