Qroznı aeroportunda “Embraer 190” təyyarəsinin enişi zamanı "Xalça" planı işə salınıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Mülki Aviasiya Agentliyinin rəhbəri Dmitri Yadrov bildirib.
Onun sözlərinə görə, bundan əlavə, hava limanında sıx duman müşahidə edilİB. Hava gəmisinin komandiri təyyarəni endirməyə iki dəfə uğursuz cəhd edib.
D.Yadrov bildirib ki, Azərbaycan təyyarəsinin kapitanına Qroznıda eniş cəhdlərindən sonra digər aeroportlar təklif olunub, lakin o, Aktauya yönəlməyə qərar verib: "Rusiya AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmada Azərbaycan və Qazaxıstana hərtərəfli dəstəyi göstərəcək".
Qeyd edək ki, aviasiya sahəsində "Xalça" planı qapalı hava rejimi kimi tanınır. Bu rejim havada olan bütün təyyarələrin (bəzi istisnalar olmaqla) dərhal enməsini və ya həmin rejimin təsir zonasından çıxmasını tələb edir.
Xatırladaq ki, istintaqın ilkin nəticələrinə əsasən, müəyyən edilib ki, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb:
"Rusiya tərəfinin elektron döyüş sistemlərindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic vəziyyətinə düşüb. Məhz bu vəziyyətə görə təyyarə Rusiya aviasiya məkanında radarlardan itib.
Qroznı hava limanı təyyarənin enişinə icazə verməyib. Üstəlik, təyyarəyə Mahaçqala və Mineralnıye Vodı hava limanlarında eniş icazəsi verilməyib. Hava hücumundan müdafiə atəşinə və elektron döyüş sistemlərinin təsirinə məruz qalan təyyarənin yönünü itirmiş ekipajı Qazaxıstanın Aktau şəhərinə yönləndirilib".
Rəhman, BakuPost