“Bakıdakı “Rus evi”nin adından aksiyaya çağırışlar barədə sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir və Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır”.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb:
“Bu kampaniya çərçivəsində Bakı sakinlərini, rus irsinə və mədəniyyətinə dəyər verən, hörmət edən hər kəsi Bakıdakı “Rus Evi”nə dəstək aksiyasında iştirak etməyə çağıran saxta materiallar internet vasitəsilə yayılır.
Bu materialların rəsmi mesaj kimi görünməsi üçün müxtəlif vasitələrə əl atılır. "Rus Evi"nin rəsmi simvollarından istifadə olunur, müvafiq dizayn elementləri və əks əlaqə üçün real əlaqə məlumatları təqdim olunur. Bunlar saxtadır, kütləvi auditoriyanın emosional reaksiyasını oyatmaq üçün nəzərdə tutulub”.
Qeyd edək ki, Bakıdakı “Rus Evi”nin adından başqa saxta məlumatlar da yayılıb. Xaricdə Azərbaycan əleyhinə fəaliyyət göstərən bəzi “Youtube” kanalları da həmin məlumatlara istinadən materiallar yayıb.
Əlavə edək ki, Azərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib.