Aprelin 25-də Moskva ətrafındakı Balaşihəxa şəhərində avtomobilin partlaması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsi rəisinin müavini, general-leytenant Yaroslav Moskalik həyatını itirib.
Bakupost.az xəbər verir ki, hadisə 2024-cü ilin dekabrında Moskvada öldürülən general-leytenant İqor Kirillovla birlikdə Ukrayna ilə müharibə dövründə həyatını itirən ən yüksək rütbəli rus hərbçilərdən biri kimi qiymətləndirilir.
Partlayış saat 10:40 radələrində "Volkswagen" markalı avtomobildə baş verib. Hadisə nəticəsində yaxınlıqdakı binanın pəncərə şüşələri sınıb.
TASS agentliyinin məlumatına görə, partlayışa səbəb partlayıcı qurğu olub. Əvvəlcə partlayışın qaz balonundan qaynaqlandığı güman edilsə də, bu versiya sonradan təkzib olunub.
İlkin xəbərlərdə partlayışda bir nəfərin öldüyü, bir nəfərin isə xəsarət aldığı bildirilmişdi. “Kommersant”ın məlumatına əsasən, hadisə zamanı sadəcə general Yaroslav Moskalik həlak olub.
İstintaq Komitəsi hadisəni təsdiqləyərək bildirib ki, partlayış əl ilə hazırlanmış və zərərverici elementlərlə doldurulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Faktla bağlı “qəsdən adam öldürmə” və “partlayıcı maddələrin qanunsuz dövriyyəsi” maddələri üzrə cinayət işi açılıb.
Məlumatlara görə, general partlayış baş verən binada yaşayırmış. Partlayan avtomobil isə ona məxsus olmayıb.
Yaroslav Moskalik 2021-ci ildə prezident Vladimir Putin tərəfindən general-leytenant rütbəsi ilə təltif edilmişdi. O, 2015-ci ildə “Normand formatı” çərçivəsində aparılan danışıqlarda iştirak etmiş, həmçinin Yaxın Şərqdəki vəziyyətlə bağlı dəfələrlə rəsmi açıqlamalar vermişdi.
Hərbi ekspertlərin sözlərinə görə, Moskalik Baş Qərargahda sistemli və tələbkar zabit kimi tanınırdı və onun gələcəkdə Müdafiə İdarəetmə Milli Mərkəzinə rəhbər təyin olunması da istisna edilmirdi.
Hadisə Rusiyanın hərbi rəhbərliyinə növbəti ağır zərbə kimi qiymətləndirilir.
Kreml sözçüsü Dmitri Peskov da Moskalikin həlak olduğu partlayışla bağlı açıqlama verib. O, Ukrayna hakimiyyətini bu hadisədə günahlandırıb:
"Kiyev rejimi bir daha öz mahiyyətini göstərdi. Onlar ölkəmiz ərazisində terrorçu fəaliyyətlərini davam etdirirlər. Bu, bir daha sübut edir ki, biz sülh danışıqlarına baxmayaraq, ayıq-sayıq olmalı və bu rejimin əsl mahiyyətini dərk etməliyik."
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Ukrayna xüsusi xidmət orqanlarının bu qətldə əli ola biləcəyinə dair əsasların mövcud olduğunu” desə də, bu ehtimalla bağlı araşdırmanın hələ yekun nəticə vermədiyini bildirib.
Kiyev isə Rusiya generalının ölümü ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.(modern.az)