Rusiya Xerson bölgəsinin sağ sahilində hərbi əməliyyatlarını intensivləşdirməyi planlaşdırır. İddialara görə, artıq Xersona hücum etmək qərarı verilib.Əməliyyatı 2022-ci ilin payızında Xersondan geri çəkilən Rusiya Federasiyası bölmələrinin həyata keçirəcəyi bildirilir.
Bakupost.az xəbər verir ki, bu barədə RBK-Ukrayna mənbələrinə istinadən məlumat yayıb.
Xerson vilayətindəki əməliyyata Rusiya Desant Qüvvələrinin komandanı Mixail Teplinski nəzarət edəcək.Tapşırıqların yerinə yetirilməsi üçün 4000-ə qədər Rusiya hücum təyyarəsinin cəlb olunması planlaşdırılır.
Rusiyanın planları hava şəraitindən asılıdır. Xerson vilayətinin sağ sahilinə çatmaq üçün rus qoşunları Dnepr çayını keçməlidir, çünki bu ərazidəki bütün körpülər dağıdılıb. Buna görə də, çayın keçilməsi üçün qayıqlardan istifadə etmək və ya keçidlər qurmaq zərurəti yaranır.
Qeyd edilir ki, Kaxovka su elektrik stansiyasının partladılmasından sonra Dnepr çayının bəzi əraziləri bataqlığa çevrilib. Bu ərazilər qışda donur və bu da rus qoşunlarının çayı keçməsini asanlaşdıra bilər.
Rusiya qoşunları üçün digər problem yaradan amil isə “Dnepr” qruplaşmasından olan desant qüvvələrinin bir hissəsinin Kursk vilayətindəki Rusiya bölmələrinə kömək üçün göndərilməsidir. Onların hələ də geri qayıtmadığı bildirilir.
Nəşrin həmsöhbətləri Moskvada düşünülmüş planların uğurla həyata keçiriləcəyinə şübhə ilə yanaşır, çünki belə bir əməliyyat olduqca mürəkkəbdir. Bundan əlavə, Ukrayna hərbçiləri artıq Xerson vilayətinin sağ sahilində rus qoşunlarını qarşılamağa hazırdır.
"RBK-Ukrayna"nın məlumatına görə, Rusiya Zaporoje istiqamətində də hücum planlaşdırır.
Rusiya ordusunun Zaporoje vilayətində əsas hücumu Dnepr çayı boyunca Pyatixatki bölgəsinə yönələ bilər. Bundan əlavə, rusların Gulyai-Polye bölgəsində də fəaliyyətləri mümkündür. Bildirilir ki, Xerson vilayətində hücuma hazırlıq səviyyəsi Zaporoje ilə müqayisədə daha yüksəkdir.
Ukraynanın “Cənub” hərbi birləşməsinin nümayəndəsi Sergey Bratçuk bildirib ki, Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində vəziyyətə tam nəzarət edir. Rusiya qoşunları daha əvvəl Dnepr çayını keçərək Xersona tərəf irəliləməyə və körpülərin olduğu əraziləri ələ keçirmək üçün adalara daxil olmağa çalışıblar. Ancaq qoşunlar çayı keçə bilməyiblər və indi bu cəhdlərini davam etdirirlər.
"Rus qoşunları Dnepr çayını keçməyə çalışır, lakin onların uğur şansı azdır". Bu fikri isə hərbi ekspert Pavel Narojnı səsləndirib.
Rusiya silahlılarının Xerson istiqamətində fəallaşmasını Ukrayna Prezidenti Vladimir Zelenski də təsdiq edib. O qeyd edib ki, Müdafiə Qüvvələri düşmənin hücumlarını dəf edib.
Qeyd edək ki, dekabrın 20-də Rusiya Xersona güclü artilleriya atəşi açıb. 40 dəqiqə ərzində şəhərə 1 000-ə yaxın mərmi atılıb. Zərbələr şəhərin bütün rayonlarında qeydə alınıb. Düşmənin hərəkətləri nəticəsində insanlar xəsarət alıb, evlərə və digər mülki infrastruktur obyektlərə ziyan dəyib.
Lalə, BakuPost