2014-cü ildən fəaliyyət göstərən SABAH proqramının əhatə dairəsi 2025‒2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndiriləcək. Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Proqramın əhatə dairəsinin genişləndirilməsi xəbərini
Bakupost.az -a şərh edən təhsil eksperti Elçin Əfəndi bildirib ki, əsasən, perspektivli ixtisaslar üzrə tələbələrin SABAH qruplarında təhsil almalarına üstünlük verilir:
“SABAH qruplarında təhsil alan tələbələrin xarici dil imkanları çox önəmlidir. Ona görə də, ingilis dili bölmələrinə qəbul olan tələbələrə üstünlük verilir. O cümlədən, ayrıca SABAH qruplarına qəbul üçün imtahan keçirilir. Tələbələr abituriyentlik dövründə həmin imtahanı keçsələr, birbaşa Sabah qrupuna qəbul olunurlar. Yox, əgər tələbə universitetə qəbul olduqdan sonra SABAH qrupunda oxumağa qərar verirsə, onauniversitetdaxili imtahanları verib burada təhsilini davam etdirməyə şərait yaradılır”.
Onun sözlərinə görə, SABAH qruplarında təhsil almaq öncəliklə tələbələrin dil biliyini zənginləşdirir, gələcəkdə işlə bağlı təminatına təsir göstərir.
“O cümlədən, müəyyən layihələrin həyata keçirilməsinə məhz SABAH qruplarında təhsil alan tələbələrin cəlb olunmasını vurğulamaq istərdim”- deyə, ekspert bildirib.
O, həmçinin qeyd edib ki, SABAH qruplarının əhatə dairəsinin genişləndirilməsi bu qruplarda təhsil alan tələbələrin sayının da artırılmasına imkan yaradacaq.
“Bu, təkcə hüquq, maliyyə, biznes deyil, digər perspektivli ixtisaslarda təhsil alan tələbələrin SABAH qruplarına cəlb olunmasına səbəb olacaq. Bu il Qarabağ Universitetində SABAH qruplarına imkan yaradıldı. Düşünürəm ki, bu proses təkcə Qarabağ Universiteti ilə məhdudlaşmayacaq, növbəti illərdən etibarən ADA Universiteti, Bakı Ali Neft Məktəbi, İqtisad, Bakı Dövlət Universiteti və bir sıra digər ali məktəblərdə SABAH qruplarına yeni tələbələrin qəbulu həyata keçiriləcək”.
Rəhman Mirzəlizadə, Bakupost