Xəbər verdiyimiz kimi, fevralın 22-23-də Sabunçuda 15 nəfər içkidən zəhərlənərək ölüb. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, həyata keçirilən ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova
Bakupost.az -a bildirib ki, texniki spirt adından məlum olduğu kimi yalnız texniki məqsədlərlə istifadə olunur. Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyyə olunur. Adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir. Amma texniki spirt ucuz olduğundan saxta spirtli içkilərin istehsalı zamanı tez-tez istifadə olunur:

“Saxta içkilərin hazırlanmasında etil spirtindən istifadə edilir. Hətta metil spirtinin az miqdarda qəbulu belə orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Belə spirtli içki hazırlayarkən onun tərkibinə qatılan su yumşaldılmır, kömürdən keçirilmir. Texniki spirt güclü zəhərdir və onun istehlakı ağır zəhərlənmə, əlillik və ölümə səbəb olur. Daxilə qəbul zamanı texniki spirt bütün orqan və sistemləri sıradan çıxardır. Zəhərlənmənin baş verməsi üçün 10-15 ml kifayətdir, 30 ml ölümə səbəb olur. Etil spirtindən zəhərlənmə çox tez inkişaf edir. İlkin simptomları baş ağrısı, ürəkbulanması, qusma, görmənin pozulması, dərinin göyərməsi, nəfəsalmanın çətinləşməsi, qıcolmadır. Zəhərlənmənin ilk simptomlarında xəstəni dərhal xəstəxanaya çatdırmaq lazımdır. Təcili həkim müdaxiləsi zamanı zəhərlənən şəxsin həyatını xilas etmək mümkün olur. Ancaq zəhərlənmə gec aşkar olunduqda 2-3 saat ərzində ölümə səbəb olur. Xəstə koma halında olanda ölüm 1-2- gündən sonra baş verir”.
Azad İstahlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, standartlara uyğun olmayan şəraitdə, tərkibində etil spirti olan belə keyfiyyətsiz alkaqollu içkilərin əmtəə bazarında satışı insanların sağlamlığını təhlükə qarşısında qoyur:

“Belə içkiləri qəbul edənlər ölümlə üz-üzə qalır, bəzi hallarda isə insanların həyatında sağalmaz izlər qoyur. Ancaq bəzi işbazlar daha çox qazanmaq məqsədilə içkiləri etil spirti ilə hazırlayırlar. Bu da zəhərlənməyə səbəb olur. Çünki bu spirt antifriz, şüşə təmizləyən məhlullar, boyanı durultmaq üçün nəzərdə tutulmuş vasitələr və bu kimi maddələrin hazırlanmasında istifadə edilir. Yəni etil spirti daxilə qəbul etmək üçün nəzərdə tutulmayıb. Etil spirtinin daxilə qəbul edilməsi zəhərlənməyə səbəb olur. Etil spirti bədəndə metobolizm nəticəsində formaldehid və formik turşuya çevrilir. Zəhərlənmə isə formik turşusunun yaratdığı asidozla əlaqəlidir. Asidoz nəticəsində sinirlər zədə görür və bununla əlaqəli korluq və yaxud ölüm baş verir. Vətəndaşlara tövsiyə olunur ki, güvənmədikləri içkini, yeməyi qəbul etməsinlər".
E.Hüseynov onu da qeyd edib ki, harada, necə istehsal olunduğu bilinməyən içkilər insanı zəhərləyə, tədricən kor edə bilər:
"Çünki spirtli içkilərin, xüsusən də arağın tərkibində sivuş yağları olur, bu da korluğa səbəb ola bilər. Spirtli içki alan zaman aksiz markasına diqqət edilməlidir. Son istifadə tarixinin qeyd olunduğu məhsulları almaq lazımdır. Bu işdə də ictimai nəzarət olmalıdır. Saxta spirtli içki istehsalı kimlərinsə gözü qarşısında baş verir, bundan xəbəri olan insanlar var. Onlar aidiyyəti orqanlara məlumat verməlidirlər. Müvafiq qurumlar da nəzarət mexanizmini gücləndirməlidir".
Sevinc,
BakuPost