“Bakıda X sinif şagirdinin məktəbli yoldaşını bıçaqlaması cəmiyyətdə böyük narahatlıqla qarşılandı. Məktəblərdə zorakılıq halları, şagirdlərin bir-birinə qarşı şiddət tətbiq etməsilə belə bir sual doğurur: Görəsən, bu kimi arzuolunmaz hadisələrin baş verməsinə səbəb nədir? İstər-istəməz düşünürsən ki, bəlkə bu zəmanədəndir. Bəli, zəmanə dəyişib, dəyərlər başqalaşıb. Məktəblilərin qeyri-etik davranışlarının, pis vərdişlərinin formalaşması gələcəkdə onları daha ağır cinayətlər törətməyə sövq edə bilər. Bunun qarşısını indidən almaq lazımdır”.
Bu fikirləri
Bakupost.az -a X sinif şagirdinin məktəbli yoldaşını bıçaqlamasına münasibət bildirərkən təhsil eksperti Nadir İsrafilov deyib.
Onun sözlərinə görə, bu, bir tərəfdən məktəbdə psixoloqların az olması, digər tərəfdən, valideynlərin təlim-tərbiyəsi ilə də əlaqəlidir:
"Tərbiyənin yalnız müəyyən bir qismi təhsil müəssisələrinin payına düşür, demək olar ki, 80 faizi sağlam ailə modelindən asılıdır. Məktəblərdə uşaqların sayı ilə psixoloqların sayı da qətiyyən düz gəlmir. Əlbəttə ki, hazırda vəziyyət ürəkaçan deyil. Yaxşı olardı ki, bu məsələ tez bir vaxtda öz həllini tapardı. Kiçik bir problemin həlli onun kənar fəsadlarının həllindən daha asan olur. Psixoloq yanaşması fərdi şəkildə aparılmalıdır".
Ekspert qeyd edib ki, nəinki şagirdlər, bəzən müəllimlər özləri də yorğun olur və gərgin iş rejimindən təsirlənirlər:
"Ona görə də psixoloji xidmətlər həm şagirdlərə, həm də müəllimlərə gərəklidir. Bizdə hələ ki, bu məsələlər yeni-yeni işlənməyə başlayır. Sistem tamamilə uyğunlaşdırıldıqdan sonra bütün problemlər öz həllini tapacaq. 30 il keçməsinə baxmayaraq, təhsil sistemimiz Avropa standartlarına uyğunlaşdırılmağa davam edir. Yeniliklər, kadr məsələləri, müəllimlərin diaqnostik qiymətləndirilməsi də proseslərə daxildir. Təhsildə psixoloji xidmət haqqında xüsusi əsasnamə var. Bu əsasnaməyə yenidən baxılmalıdır. Burada psixoloq üçün nəzərdə tutulan əsas vəzifələr, səlahiyyətlər dəqiq müəyyənləşdirilməlidir. Hazırki əsasnamə isə sadəcə, ümumi müddəalardan ibarətdir. Heç bir fərdi yanaşmadan, iş prosesindən bəhs edilmir”.
Sevinc,
BakuPost