Ru
16:15 / 29 Avqust 2024

Sahib Aliyev, Sabir Hacıyev, Elçin Mirzəbəyli... - Daha 10 dairə üzrə proqnoz

2407
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Hazırda namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirirlər.

Ötən yazılarımızda 85 dairədə namizədlərin şanslarını dəyərləndirmişdik.

Bu dəfə isə Ağcabədi, Şamaxı, Ağsu, Göyçay, Ağdaş və s. rayonlardakı seçki dairələrindən olan namizədlərin imkanlarını götür-qoy edəcəyik.





86 saylı Ağcabədi Seçki Dairəsindən 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 2-i siyasi partiya (YAP-dan deputat Tahir Rzayev, Ağ Partiyadan Cavid Hacıbəyli) təmsilçisi, 5-i isə bitərəfdir. Bitərəflərdən 2-si müəllim, biri həkim, 1 aqronom, digəri isə xəzinədardır. Bu dairədə əsas mübarizə Tahir Rzayev, Cavid Hacıbəyli və Ağxabədi rayon xəstəxanasının həkimi Türkanə Balakişiyeva arasında gedəcək. C.Hacıbəyli uğurlu kampaniya qursa da, dairədən T.Rzayevin deputat seçiləcəyi daha inandırcı görünür.


87 saylı Qobustan-Şamaxı-İsmayıllı Seçki Dairəsində qeydə alınan 7 namizəddən 2-i siyasi partiya (YAP-dan Rasim Novruzov, ƏP-dən Əfrayıl Şıxməmmədov) təmsilçisi, 5-i isə bitərəfdir. Bitərəflərdən ikisi müəllim, biri satış üzrə mütəxəssis, biri isə fərdi təsərrüfatçıdır. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə də bu dairədən namizədliyini irəli sürüb. Əsas mübarizənin də onunla "Ədalət" partiyasının namizədi Əfrayıl Şıxməmmədov və sahibkar Səfər İbrahim arasında gedəcəyi gözlənilir. Çünki son iki şəxs də fəal seçki təbliğatı aparmaları ilə diqqəti cəlb edirlər. Bununla belə dairədən Şahin Seyidzadənin deputat seçilcəyi ehtimalı daha çoxdur.




88 saylı Şamaxı Seçki Dairəsi üzrə də namizədlərin sayı 7 nəfərdir. Burada siyasi partiyalardan yalnız YAP (Rəfail Tağızadə) namizəd irəli sürüb. Digər 6 bitərəf namizəddən 3-ü işsiz, 1-i isə müəllimdir. Deputat Tamam Cəfərova və Karyera və İşə Hazırlıq Mərkəzinin direktoru Şahin Sərdarlı da bu dairədən namizəddirlər. Dairədə fəal olan da elə sonuncu adı çəkilən iki namizəddir. Sosial şəbəkələrdə fəal olan Şahin Sərdarlı Şamaxı şəhəri və kəndlərdə çoxsaylı görüşlər keçirsə də, dairədə Tamam Cəfərovanın deputat seçiləcəyi deyilir.




89 saylı İsmayıllı Seçki Dairəsindən mübarizəyə qoşulan 7 namizəddən 1-i 1-i siyasi partiya (YAP-dan Xavər Allahverdiyeva) təmsilçisi, 6-ı isə bitərəfdir. Bitərəf namizədlər arasında deputat Novruzəli Aslanov da var. Digər bitərəflərdən 1-i metodist, 1-i işsiz, qalanları isə müəllimlərdir. Novruzəli Aslanovun bu dairədən mandat almaqda çətinlik çəkməyəcəyi gözlənilir.


90 saylı Ağsu seçki dairəsindən 8 namizəd yarışacaq. Onlardan 4-ü siyasi partiya (YAP-dan Əli Hüseynov, VP-dən Kənan Kərimov, ƏHD-dən Elçin Mirzəbəyli, Müsavatdan Zabit Bədəlov) təmsilçisi, 4-ü isə bitərəfdir. Bu dairədə əsas mübarizənin 4 namizəd arasında gedəcəyi gözlənilir. YAP Ağsu rayon təşkilatının keçmiş sədri, rayon xəstəxanasının direktoru Əli Hüseynov həm partiyanın bazasına, həm həkim kimi nüfuzuna, özünün geniş əhatə dairəsi və qohum-əqrabasının dəstəyinə güvənir. Gənc və bitərəf namizəd Zahid Seyidzadə də seçki təbliğatı dövründə fəallığı ilə seçilir. Müsavat Partiyasının namizədi Zabit Bədəlov isə keçmiş hərbiçidir. O, həm hərbçilərin, həm də təmsil etdiyi partiyanın dəstəyinə ümid edir. ƏHD partiyasının təmsilçisi, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, tanınmış
politoloq Elçin Mirzəbəyli də təbliğat kampaniyasının ilk günündən xüsusi fəallıq sərgiləyir və uğurlu seçki kampaniyası aparır. Onun rəqiblərini üstələyəcəyi ehtimal olunur.


91 saylı Göyçay Seçki Dairəsindən 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 1-i siyasi partiya (YAP-dan Fərid Əkbərov) təmsilçisi, 5-i isə bitərəfdir. Bitərəf namizədlər sırasında deputat Sabir Hacıyev də mübarizə aparacaq. Onun bu dairədə öz rəqiblərini üstələyəcəyi proqnozlaşdırılır.


92 saylı Göyçay-Ağdaş Seçki Dairəsində 8 namizəddən 2-i siyasi partiya (YAP-dan Firəngiz Məmmədyarova, Ağ Partiyadan Vüsal Quliyev) təmsilçisi, 6-ı isə bitərəfdir. Bitərəf namizədlər arasında deputat Məzahir Əfəndiyev də mübarizə aparır. Digər bitərəflərin xüsusi fəallığı hiss olunmur. Bu dairədən Məzahir Əfəndiyevin yenidən mandat qazanacağı gözlənilir.


93 saylı Ağdaş Seçki Dairəsindən 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 1-i siyasi partiya (YAP-dan Anar Şahmuradov) təmsilçisi, 6-ı isə bitərəfdir. Deputat Sahib Alıyev də bitərəf namizədlər arasındadır. Hakim partiyanın bu dairədən o qədər də güclü namizəd irəli sürməməsi, bitərəflər arasında tanınan namizədlərin olmaması Sahib Alıyevin 93 saylı Ağdaş Seçki Dairəsindən mandat qazanmaq şansını artırır.




94 saylı Ucar Seçki Dairəsində 7 nəfər yarışacaq. Onlardan 3-ü siyasi partiya (YAP-dan deputat Ramil Həsən, VHP-dən Gülnar Hüseynova, Müsavatdan Zakir İsmayıl) təmsilçisi, 4-ü isə bitərəfdir. Bitərəflərdan 3-ü müəllim, 1-i isə bitkiçilik sektorunda baş məsləhətçidir. Bu dairədə əsas mübarizə siyasi partiya təmsilçiləri arasında olacaq. Dairədən digər namizədlərlə müqayisədə Ramil Həsənin deputat seçilmək şansı daha yüksək qiymətləndirilir.

95 saylı Zərdab-Kürdəmir-Ucar Seçki Dairəsindən 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 2-i siyasi partiya (YAP-dan Səliqə İsmayılova, KXCP-dən Məhəmməd Məmmədli ) təmsilçisi, 5-i isə bitərəfdir. Bitərəf namizədlər arasında deputat Jalə Əliyeva və BDU-nun keçmiş müəllimi Haqverdi Tapdıqov da var. Bu dairə əsas mübarizənin H.Talıbov, J.Əliyeva və Tibb Universitetinin məzunu Arzu Kərimova arasında olacağı gözlənuilir. Ehtimallara görə, J.Əliyeva yenidən deputat mandatını təmin edə bilər.


Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar