Ru
16:28 / 10 Yanvar 2025

Samir Şərifovun yeni təyinatı: yüksəliş, yoxsa qürub?

Samir Şərifovun yeni təyinatı: yüksəliş, yoxsa qürub?
1276


Maliyyə naziri Samir Şərifovun nazir vəzifəsindən azad edilməsi gözlənilməz oldumu? Əlbəttə, yox. Çünki ölkədə nazir vəzifələrinə yeni, gənc kadrların təyinatı prosesi çoxdan başlayıb və Samir Şərifov kimi uzun illər (19 il) nazir, komitə sədri postunda çalışanların əksəriyyəti öz vəzifələri ilə vidalaşıblar. Hazırda stajlı nazirlərdən vəzifədə yalnız Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov (19 il) və Müdafiə naziri Zakir Həsənov (12 il) qalıblar.

Nazir vəzifələrindən çıxarılanların bir qismi Prezident Administrasiyası (Ramil Usubov, Mədət Quliyev) və ya Nazirlər Kabinetində (Şahin Mustafayev, Elman Rüstəmov) belə demək mümkünsə, "fəxri vəzifə"lərə təyin olunublar. Ən pis halda isə deputat mandatı (Mübariz Qurbanlı, Heydər Əsədov ) və ya səfir portfeli (Məhərrəm Əliyev) əldə ediblər. Hətta təhsil sistemində hazırda institut direktoru olan bir sıra keçmiş nazirlər də (Misir Mərdanov, Əli Abbasov) var.

Sabiqlərdən həbsdə olan (Səlim Müslümov) və tamamilə vəzifəsiz qalanların (Elmar Məmmədyarov, Qorxmaz Hüseynov və b.) olduğu da məlumdur.

Bu baxımdan Samir Şərifovun nazir vəzifəsindən uzaqlaşdırılması kimi, Baş nazir Əli Əsədovun müavini təyin olunmasında da əslində gözlənilməz bir şey yoxdur. Maraqlı olan, Samir Şərifovun bu mərhələdən sonra karyerasının necə irəliləyəcəyidir.

Məsələ burasındadır ki, nazir vəzifəsindən çıxarılan və hansısa simvolik vəzifəyə təyin olunanlarla bağlı cəmiyyətdə formalaşmış bəlli stereotip var. Əksəriyyət belə hesab edir ki, sonrakı təyinat sadəcə olaraq, onların "ehtiyat oyunçular", daha dəqiqi, təqaüdçülər skamyasına göndərilməsinə hazırlıqdır. Qeyd olunur ki, hakimiyyət müəyyən xidmətləri olan bu adamları narazı salmaq istəmir, onlara ikinci dərəcəli vəzifələr tapşırılır, daha sonra isə orden-medal verilərək, təqaüdə göndərilirlər. Məsələn, bu günlərdə “Şərəf” ordeni ilə təltif edilən Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin sabiq baş direktoru Əhməd Əhmədzadə kimi...

Nazir vəzifəsindən çıxarılanlarla bağlı sözügedən qənaət böyük ölçüdə həqiqət olsa da, istisnalar da var. Nazir postundan uzaqlaşdırılan, lakin növbəti təyinatdan sonra öz avtoriteti və siyasi fəallığını saxlayanlar sırasında ən azı sabiq daxili işlər naziri Ramil Usubov və Şahin Mustafayevin adını çəkmək olar.

Ona görə də Samir Şərifovun bir müddət sonra Elmar Rüstəm kimi unudulacağı və vəzifədən alınacağı, yoxsa, adı çəkilən digər həmkarları kimi Azərbaycan siyasıtində mühüm fiqura çevriləcəyi gələcəyin işidir və xeyli dərəcədə də onun özündən asılıdır...
Onu da nəzərə almaq lazımdır ki, S.Şərifov ugurlu karyerası ilə diqqət çəkən sanballı fiqurlardandır və onun əməyi hər zaman ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Sonda Baş nazirin müavini təyin olunan S.Şərifovun karyerasi ilə bağlı bəzi məlumatları təqdim edirik:

* 1991-1995: Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışıb.

* 1995-2001: Azərbaycan Respublikası Milli Bankının valyuta idarəsində rəhbər vəzifələr tutub. Onun rəhbərliyi dövründə ölkənin valyuta siyasəti və beynəlxalq maliyyə inteqrasiyası istiqamətində mühüm addımlar atılıb.

* 2001-2006: Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsində çalışaraq, neft gəlirlərinin səmərəli idarə olunması və şəffaflıq məsələlərində beynəlxalq nümunələrə uyğun modellər tətbiq edib.

* 2006-2025: Azərbaycan Respublikasının Maliyyə Naziri kimi ölkənin maliyyə siyasətini idarə edib. Bu müddət ərzində bir çox dövlət büdcəsinin hazırlanması və icrası, maliyyə sabitliyinin qorunması və islahatların həyata keçirilməsi onun adı ilə bağlıdır.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar