Yardımlı rayonunun Rayon Mərkəzi Kitabxanasında Güloğlan İmanovun təşkilatçılığı ilə Samirə Şaqavatovanın “Gender bərabərliyi: Bərabər addımlar – uğurlu nəticələr” kitabının təqdimatı keçirildi.
Bakupost.az xəbər verir ki, Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra AYB-də multikultural məsələlər üzrə məsul şəxs, şair Xatirə Fərəcli ucqar bölgələrdə gender probleminin aktuallığını qeyd edərək, bu sahəyə cəmiyyətin diqqətinin yönəlməsinin vacibliyini vurğuladı.
Sonra kitabın müəllifi, gender problemləri üzrə mütəxəssis, Samirə Şaqavatova gender məsələləri ilə bağlı cəmiyyətdə yaranan stereotiplər haqqında geniş məlumat verdi.
O, bildirdi ki, müasir dünyada ən aktual məsələlərdən biri də gender problemidir. Cəmiyyətdə və ailədə cinslərin hüquqi bərabərliyi, qadın-kişi münasibətləri müxtəlif quruluşlarda fərqli baxışlarda nəzərdən keçirilib. Qadınla kişinin bərabər hüquqları istər sosial, istər cinsi, istərsə də mənəvi aspektlərdə cinslərin qarşılıqlı münasibətləri ən çox müzakirə olunan mübahisəli məsələlərdəndir.
Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasında baş məsləhətçi Vəfa Saleh, həmçinin rayon ziyalılarından Heybət Qədirov, Güloğlan İmanov, Fikrət Şahbazlı, Sakit İlkin, Ülvi Aydın, Masıyeva Şərqiyyə, Qurbanova Elza, Həzrət Əsgərli, Şahbaz İsmayılov, Şahin Əlisoy, Bünyadova Fəxriyyə, İsmayılova Sevinc və b. kitab və onun əhəmiyyəti haqqında öz fikirlərini bildirdilər.
Daha sonra müəllif yüksək səviyyədə təşkilatçılığa və diqqətə görə Rayon Mərkəzi Kitabxanasının rəhbərliyinə və xüsusilə də Güloğlan İmanova öz minnətdarlığını bildirdi.
Sonda xatirə şəkilləri çəkildi.
Uğurlar arzulayıram!