Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:06 / 17 Avqust 2024

Şəhid qanıyla təmizlənən torpağı zibilləmək… - Biz niyə beləyik axı?! - VİDEO

18747













Zahid Nurəliyev,
Jurnalist

Əvvəlcə bu görüntüləri izləyin. Laçın-Şuşa yolundakı aşırımda çəkilib. O məşhur spiralvari yolda. Şuşaya gedib-gələnlər burada avtomobillərini saxlayıb bulaq suyu içir, yorğunluğunu alır, özləri ilə ehtiyata su götürüb yollarına davam edirlər. Gördüyünüz bu "mənzərə" - ətrafa atılan plastik qablar, sellofanlar, kağız parçaları, yemək qalıqları və s. erməni işğalının "izləri" deyil. Bunlar yeni, özümüzün qoyduğumuz "izlərdir". Siz bu "iz"lərə Azərbaycanın istənilən bölgəsindəki əksər istirahət guşələrində, yol, meşə kənarlarında, Xəzər boyu çimərliklərdə də rast gələ bilərsiniz... Bu acınacaqlı mənzərəni mədəniyyət paytaxtı elan etdiyimiz Şuşaya gedən yolda seyr etmək isə ikiqat utancvercidir...

Axı biz 30 il idi nəinki Qarabağa getmək, hətta onu uzaqdan seyr etmək imkanından belə məhrum idik... Bir qərinə davam edən işğala son qoymaq üçün nə qədər qanlar axdı, nə qədər şəhidlər verdik, nə qədər insanımız şikəst oldu, bu da məlum...



İşğalın başa çatdığı ilk günlərdə illər uzunu həsrətində olduğumuz o torpaqlara getmək üçün dəridən-qabıqdan çıxırdıq. O günlərdə həmin torpaqlarda olmaq bəlkə də Həcc ziyarətinə getmək qədər müqqədəs və çətin idi. Həm də təhlükəli... Ona görə də hamıya bu şansı yaratmaq mümkün deyildi. Səfərlər nəzarət altında təşkil olunurdu. Sonra bu imkan hər kəsə yaradıldı, Şuşaya və işğaldan azad edilən digər şəhərlərə avtobus xəttləri açıldı. Beləcə, şəhid və qazilərimizin canı-qanı bahasına azad etdiyi Şuşada, Laçında, digər bölgələrdə olmaq asanlaşdı...

Gün gəldi, Xankəndi də erməni işğalından qurtuldu. Oraya da səfərlər başladı. Bu səfərlərdə iştirak edən əksər insanlarımızın sosial şəbəkələrdə paylaşımlarının mövzusu-məğzi nə idi? "Şükür qovuşdurana"! "Bu torpaqlar uğrunda canı və qanından keçən şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik". "Ermənilər Qarabağda daşı-daş üstə qoymayıblar", "30 ildə bütün kəndlərimizi dağıdıblar, bir daxma da olsa tikməyiblər", "Təbiətimizi məhv ediblər" və s... Bütün bunları yazan biz deyilikmi?

Axı işğaldan sonra gecə-gündüz demədən Şuşa-Xankəndi yolunda ekoaksiya keçirən də bizlər idik.... Şaxtanın insanın iliyinə işlədiyi soyuq qış günlərində... Aylarla davam edən aksiya... Ermənilərin Azərbaycanın faydalı qazıntı yatağını qanunusuz istismar etməsinə, Qarabağın ekologiyasına zərbə vurmasına etiraz etmək, ekoloji terrora son qoymaq üçün...

Dünyaya səs salan bu aksiyanın iştirakçıları öz məqsədlərinə nail oldular. Eləcə də Oxçuçayın Ermənistandakı mis-molibden zavodunun tullantılari ilə çirkləndirilməsi yönündə fəal kampaniya aparıldı. Arazdəyəndə inşası planlaşdırılan və Azərbaycan ekologiyası üçün təhlükələr vəd edən “Erməni-Amerikan” metallurgiya zavodunun başqa əraziyə köçürülməsinə də nail olundu....

Ermənilərdən fərli olaraq, ötən 4 ildə eynu uğurla Qarabağda böyük abadlıq-quruculuq işləri aparan da bizik. Dövlətin milyardlar xərclədiyi bu işlər hamımza bəlli olduğu üçün, onları bir-bir sadalamağa ehtiyac yoxdur. İşğala son qoymağımız, düşməni ərazilərimizdən süpürüb atmağımız kimi, Qarabağı abadlaşdırmağımız, məscidlərimizin, abidələrimizin, daşı-daş üstə qalmayan şəhər və kəndlərimizin bərpası, insanlarımızın doğma yurdlarına dönməsi də çox qürurvericidir!

Bəs, niyə bizlər, sıravi insanlar şəhid qanlarının axdığı bu torpaqlara, onların qəhrəmanlığı sayəsindən yenidən sahibləndiyimiz təbiətə qarşı belə biganəyik? Dünən erməniləri ekoloji terrorda suçladığımız halda, niyə bu gün özümüz bu təbiəti zibilliyə çeviririk? Yediyin yeməyin qalıqlarını yığışdırmaq, içdiyin suyun boş qabını yol kənarına atmamaq bu qədərmi çətindir? Bu, elementar davranış qaydasi ilə də dövlət, hakimiyyət məşğul olmalıdırmı? Bir isveçli, bir alman niyə belə davranmır? Biz niyə beləyik axı?....


Şərhlər
  • Radə Abbas

    Tullantıların hara gəldi atılması tərbiyəsizlik əlamətidir.

  • Sultan Əzimzadə

    Hər tərəfi şəhid qanı ilə müqəddəsləşən torpaqlarda belə naqis hərəkətlər etmək insanlıqdan payını almayan heyvandan iki ayağı üstdə yeriməklə fərqlənən məxluqların işidir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar