Paytaxtda dünən gecədən başlayan intensiv yağışlar şəhərdə bir daha ciddi fəsadlara səbəb olub.
Bakupost.az xəbər verir ki, yollar, tunellər və dayanacaqlar su altında qalıb, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb. Taksi və avtobusların fəaliyyəti iflic olub, vətəndaşlar isə evlərinə qayıtmaq üçün saatlarla suyun içində qalmaq məcburiyyətində qalıblar.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi güclü yağıntılarla bağlı öncədən bir neçə dəfə xəbərdarlıq etmişdi. Nazirliyin məlumatında bildirilib ki, yağıntılar nəticəsində şəhər ərazisində sel və su basmaların olacağı gözlənilir. Bu rəsmi proqnozlar ictimaiyyətə açıq şəkildə təqdim olunsa da, Bakı Şəhər İcra Hakimiyyətinin qabaqlayıcı tədbirlər görmədiyi müşahidə olunur.
Xatırladaq ki, ötən il oktyabrda baş verən analoji hadisədən sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə verdiyi açıqlamada “axşam yığışıb müzakirə edəcəyik” demişdi. Lakin aradan aylar keçsə də, nəticə dəyişməyib. Yenidən eyni vəziyyət, eyni hazırlıqsızlıq və eyni passivlik müşahidə olunur.
Mütəxəssislər hesab edirlər ki, bu artıq texniki yox, sistemli idarəetmə problemidir. Əgər hər dəfə hava şəraiti qarşısında eyni laqeydlik nümayiş olunursa, bu, təsadüf yox, məsuliyyətsizliyin təzahürüdür.
Rasim
Bakupost