Ru
23:39 / 20 Mart 2025

Sərhəddə baş verənlər yeni müharibəyə səbəb ola bilər?

Sərhəddə baş verənlər yeni müharibəyə səbəb ola bilər?
Eye

“Ermənistan yanvarda Azərbaycanın qərb rayonlarından Ermənistan ərazisi ilə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə dəmir yolu ilə yüklərin daşınması məsələsinin həlli üçün Azərbaycana yazılı təkliflərini təqdim edib”.


Bu barədə Ermənistan hökuməti aparatının bəyanatında bildirilir.


Bundan əlavə, bəyanata görə, Ermənistan Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizminin yaradılması təklifini çatdırıb və Azərbaycanın müsbət cavabını gözləyir. Həmçinin bəyanatda deyilir ki, Ermənistan hökuməti sülh gündəmini rəhbər tutur.

Göründüyü kimi, İrəvan yenə də Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizminin yaradılması təklifini yada salır. Özü həm silahlanır, həm sərhəddə üçüncü və az qala dördüncü, beşinci qüvvələri yerləşdirib, həm də neçə gündür atəşkəs rejimini pozur. Baş nazirin kabineti isə silahlara qarşılıqlı nəzarət mexanizmindən dəm vurur.

Artıq Azərbaycan XİN İrəvanın bəyanatına sərt münasibət bildirib. Bəs ümumiyyətlə, təklif reallaşa bilərmi? Ermənistanın məsələdə marağı və hiyləsi nədən ibarətdir?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, son zamanlar Ermənistan təşviş içindədir: “Əsasən də Donald Tramp ABŞ prezidenti seçildikdən sonra Amerika-Rusiya münasibətlərində yumşalmanın başlanması İrəvanın narahatlığını artırıb. Təşviş artdıqca İrəvanın Azərbaycanla sülh sazişi məsələsi ətrafında vurnuxmaları da çoxalır. Bir tərəfdən sülh sazişinin bütün bəndlərinin razılaşdırıldığını, sülhə hazır olduqlarını bəyan edirlər, o bir tərəfdən sülh sazişinin imzalanmasını tormozlayan şərtlər, təkliflər səsləndirirlər, bəhanələr ortaya atırlar. Haqqında söhbət gedən təklif də bunlardan biridir. Ermənistan özü durmadan silahlanır, hücum silahları əldə edir, açıq-aşkar müharibə hazırlığı aparır, şərti sərhədlərimizdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. İrəvan hər cür bəhanə ilə əslində sülh müqaviləsinin imzalanmasının mümkün qədər yubadılmasına çalışır. Absurd təkliflərlə dünyanın diqqətini özlərinə çəkib guya sülhpərvər, silahlanmaya qarşı olan dövlət olduqları görüntüsünü yaratmaq istəyirlər. Hiyləgər gedişlərlə guya Azərbaycanın sülhə qarşı olduğu, silahlara qarşılıqlı nəzarət mexanizimindən imtina etdiyi rəyini formalaşdırmaq niyyətindədirlər”.

Polkovnik onu da qeyd etdi ki, Azərbaycan hansı silahları əldə etməsini, hansı ölkələrdən silah aldığını, özünün hansı silahları istehsal etdiyini gizlətmir: “Azərbaycan bu məsələdə də beynəlxalq qanunlara, ölkə qanunvericiliyinə əməl edir. Ermənistan haqqında isə bunu söyləmək mümkün deyil. Ermənistan özü və ordusu kiçik dövlətdir, lakin silahlanma prosesində buna uyğun qaydaları pozur, uzaqmənzilli, hətta istifadəsi qadağan olunan silahlar əldə edir. 2020-ci ildə 44 günlük müharibədə Azərbaycanın şəhərlərinə mülki əhalinin üzərinə qadağan olunmuş kasetli bombalar atmışdı. Ermənistan qanunsuz və normaları keçən silahlanmasından başqa öz ərazisində NATO dövləti olan ABŞ-ın hərbi qüvvələrinin təlimlərini keçirir. Son günlərdə isə açıqlama verildi ki, Polşada yerləşən hərbi bazalarının silahları, texnikaları Ermənistan ərazisindəki poliqona yerləşdirilə bilər. Kim təminat verə bilər ki, həmin silahlar gələcəkdə Ermənistanda qalmayacaq? Belə bir təminat yoxdur. Ermənistan gələcəkdə o silahlardan istifadə edə bilər. Bütün bu sadaladıqlarım və digər məqamlar onu deməyə əsas verir ki, əslində Ermənistanın silahlarına, silahlanmasına nəzarət mexanizmi qurulmalıdır. Azərbaycanın silahlarına və silahlanmasına nəzarətə ehtiyac yoxdur. Çünki gizli bir şeyimiz yoxdur və silahlanmamız müdafiə üçündür, hansısa ölkəyə hücum etmək üçün deyil. Odur ki, Ermənistan baş naziri aparatının bəyanatında xatırladılan təklif hiylədir və bu hiyləyə aldanmaq olmaz. Əvvəlcə Azərbaycan tərəfinin irəli sürdüyü təklifləri Ermənistan icra etməlidir. Azərbaycan tərəfinin haqlı tələblərini yerinə yetirmək lazımdır”.

Rövşən Məhərrəmov dedi ki, Nikol Paşinyan hakimiyyətinin son zamanlar irəli sürdüyü təkliflər reallığı əks etdirmir, sülh müqaviləsinin imzalanmasını yubatmaq, vaxt qazanmaq üçündür: "Son günlər sistematik şəkildə atəşkəs rejiminin Ermənistan ordusu tərəfindən pozulması da buna xidmət edir. Əgər İrəvan sülh müqaviləsinin imzalanmasına hazır olduğu bəyanatında səmimi idisə, atəşkəs rejimini pozmamalı idi. Əgər hətta atəşkəsi ordunun içindəki Rusiyaya, İrana bağlı revanşist qüvvələrin nəzarətində olan qüvvələrin pozduğu barədə deyilənlər həqiqətdirsə belə, Paşinyan o zaman həmin qüvvələrlə bağlı tədbir görməlidir. Tədbir görülmürsə, deməli, atəşkəsin pozulmasında elə rəsmi İrəvanın özü maraqlıdır".

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar