Günel Mövlud
Ömrüm boyu Şərif Ağayardan qorxmuşam.
İlk dəfə görəndə boy-buxunundan, yeridikcə ətəkləri yellənən qara paltosundan, üzünün sərt cizgilərindən, heybətindən, zəhmindən. Daha sonra pis mətn yazanda Şərifin tənqidindən, pis mətnə yaxşı deyəndə, onun qəzəbindən, pis adamlara əl uzadıb, görüşəndə, onun acıqlı baxışlarından, layiq olmayan insanları sevəndə, Şərifin zəhərli ironiyasından.
Hətta bəzən nəsə pis iş tutuduğumun fərqinə varanda, elə bilmişəm ki, Şərif biləndə gəlib məni döyəcək))
Bəlkə elə bu qorxuya görədir ki, çox yaş fərqimiz olmasa da, ona heç vaxt "sən" deyə müraciət edə bilməmişəm.
"Şeytan çarxı"nın nə olduğunu yəqin ki, hamı bilir. Adamın ayaqlarını yerdən üzüb, göylərə qaldıran, qorxudan, həyacandan adamın dizlərini tirdədən bu qorxunc qurguya uşaqlar daha həvəslə minir. Çünki uşaq saflığı ilə bu qurğunun təhlükəsizliyinə inanır. Bilir ki, qorxacaq, ayağı yerdən üzüləcək, amma bu qurğu onu öldürməz, yaralamaz, sağ-salamat gətirib, yerə çatdırar.
Əziz Şərif müəllim, əziz Ustad. Siz "Şeytan çarxı" kimi adamsınız. Qorxunc, heybətli, brutal. Amma mən həmişə sizin adamı yaralaya bilməyəcəyinizə, qıymayacağınıza, mənzil başına sağ-salamat çatdıra biləcəyinizə inanmışam.
Siz bu dünyada sevməyi ən gözəl bacaran insanlardan brisiniz. Laçını, şeiri, Ələsgəri, Qumrunu...
Siz sevgisi dəyişməyən adamsınız. Sizin sevginizin heç vaxt dəyişməməsi, sizin sevginizin illərə, incikliyə, məsafələrə qalib gəlməsi adamı bu dünyada bəzi gözəl şeylərin əbədi olmasına inandırır. Sizin sevginizdə dünyanın nizamı var. Sevdikərinizdən vaz keçməyin.
Doğum gününüz mübarək.