Ru
15:45 / 04 İyul 2024

"Sertifikasiyadan keçməyən müəllimlərin hüquqları pozulur" - VİDEO

1992


“Sertifikasiyadan kəsilən müəllimlərin əmək müqaviləsinə xitam verilməsiylə bağlı ciddi hüquq pozuntuları var. Bununla bağlı məlumatlar vermişik. Dünyanın hər bir ölkəsində təhsil sisteminin keyfiyyət meyarları var. Onlardan biri də müəllim peşəkarlığının yoxlanılmasıdır. Azərbaycan müstəqillik qazandıqdan sonra cəmi bir dəfə - 1994-cü ildə müəllim peşəkarlığı yoxlanıb və bu da formal xarakter daşıyıb”.


Bunu "Bakupost" TV -nın efirində təhsil üzrə ekspert Elşən Qafarov deyib.


O, sertifikatlaşdırmadan keçən müəllimlərin sayının 60 mindən yuxarı olduğunu bildirib:


“Ümumilikdə sertifikatlaşma prosesində uğur qazana bilmədiyinə görə 5800-dən artıq müəllimin əmək müqaviləsinə xitam verilib. Amma bu prosesin qanunvericilik çərçivəsində həyata keçirilməsi şərtdir. Qanunvericiliyə görə, üzürlü səbəbdən sertifikatlaşdırmada iştirak etməyən və yaxud uğur qazana bilməyən müəllimlərə bir il işdə saxlanmaqla şans verilir. Bir ildən sonra onlar yenidən sertifikatlaşdırmaya cəlb olunur. Təkrar sertifikatlaşdırmada yenidən iştirak etməsə və ya uğur qazana bilməsə, bu zaman onlarla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndiylə (tutduğu vəzifəyə uyğun gəlməmək) xitam verilir”.
Hüquqşunas Rövşən Qasımov isə Bakupost TV-yə açıqlamasında Əmək Məcəlləsinin 79-cu maddəsində bir sıra qadağaların olduğunu bildirib:

“Bu, "əmək müqaviləsinin ləğv olunmasını qadağan edən işçilər və hallar” adlanır. Qanun hamilə və üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşaqlarını təkbaşına böyüdən kişilərin işdən azad olunmasını qadağan edir. İkinci məsələ yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağı təkbaşına böyüdən işçilərdir. Qanun burda həm kişini, həm də qadını nəzərdə tutur və həmin şəxslərin də əmək müqaviləsinin ləğv olunmasını qadağan edir. Eyni zamanda, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, şəkərli diapetli və ya dağınıq skleroz xəstəsi olanların işdən azad olunması qadağan olunur. Siyasi əqidəsinə görə işçinin işdən azad olunması da qadağandır. Eynilə də qanun əlil ailə üzvləri olan işçilərin işdən azad olunmasını qadağan edir”.

Hüquqşunas müəllimlərin işdən azad edilməsi ilə bağlı çoxsaylı qanun pozuntularına rast gəldiyini bildirib:

“Bəzən müəllimləri aldadıb öz istəkləri ilə işdən çıxmaq barədə ərizə yazdırırlar. Həmin müəllimlərin yazdıqları ərizədən imtina etmək hüquqları var. Çünki sertifikasiyadan keçməyən müəllimin ərizə yazmasına ehtiyac yoxdur. O ərizəni müəllimdən alan şəxs 79 maddəyə əsasən, müəllimin qorunan hüquqlarını pozur. Bununla bağlı müəllimlər məhkəməyə müraciət edib hüquqlarını bərpa edə bilərlər”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər