Livanlı dizayner Eli Saab geyim dünyasındakı 45 illik yubileyini Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda möhtəşəm dəfiləsi ilə qeyd edib.
Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Eli Saabın 1001 fəsli” adlı moda nümayişində dünya şöhrətli adlar yer alıb.
Gecənin ən böyük sürprizi səhnəyə təsirli giriş edən Cennifer Lopezin performansı və geyimi olub. İfasına gümüş və qızıl tikmələrlə bəzədilmiş səhnə geyimi ilə başlayan məşhur müğənni gecənin ən çox danışılan adlarından birinə çevrilib. Lopez "On The Floor" və "Let's Get Loud" kimi məşhur mahnılarını ifa edib.
Tədbirdə diqqət çəkən adlar arasında Selin Dion, Camila Kabello, Nensi Ajram, Amr Diab və podiuma çıxan braziliyalı model Adriana Lima da olub.
Selin Dion da uzun fasilədən sonra ilk dəfə Ər-Riyadda çıxış edib.
Şounun açılışını isə Hollivud aktrisası Halli Berri edib. O, ilk "Oskar"ını 2002-ci ildə Eli Saabın geyimi ilə alıb. Berri ən yaxşı aktrisa nominasiyasında Akademiya Mükafatını qazanan ilk qaradərili qadın kimi tarixə düşüb.
“Eli Saabın 1001 fəsli” haqda yazan xarici KİV-lər qeyd ediblər ki, qadınlara avtomobil sürmə qadağasının cəmi 6 il əvvəl aradan qaldırıldığı ölkədə sanki yeni dəyişiklik küləkləri əsir. Bu dəyişikliklər vəliəhd şahzadə Məhəmməd bin Salmanın 25 aprel 2016-cı ildə başlatdığı, iqtisadi və sosial quruluşu dəyişdirməyi hədəfləyən “Vizyon 2030” layihəsinin bir hissəsi olaraq görülür.
Rəhman, BakuPost